26 İyun 2026 08:43
173
SİYASƏT
A- A+
İslam həmrəyliyindən qlobal əməkdaşlığa

İslam həmrəyliyindən qlobal əməkdaşlığa


Azərbaycan müsəlman dünyasına güclü birlik və qarşılıqlı dəstək nümunəsi təqdim edir


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu təkcə iqtisadi və hərbi potensialı ilə deyil, həm də onların mənsub olduqları siyasi və mənəvi dəyərlərə sədaqəti, beynəlxalq həmrəyliyə verdikləri töhfələrlə müəyyən edilir. Azərbaycan  müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən islam dünyasının ayrılmaz tərkib hissəsi kimi islam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və ümumi maraqların müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirir. 

Həmin siyasətin nəticəsidir ki, ölkəmiz bu gün İslam Əməkdaşlıq Təşkilatında və onun Parlament İttifaqında ən fəal, təşəbbüskar və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası da Azərbaycanın islam dünyasında artan nüfuzunun və etimadının növbəti təsdiqidir. Qardaş ölkələrin parlament nümayəndə heyətlərini bir araya gətirən bu mötəbər platforma yalnız parlamentlərarası dialoqun inkişafına deyil, eyni zamanda islam həmrəyliyinin daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətində vurğuladığı kimi: "Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlər-arası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, islam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir".

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərində ən mühüm məqamlardan biri təşkilatın ölkəmizin haqlı mövqeyinə daim prinsipial dəstək verməsidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti dövründə İƏT beynəlxalq təşkilatlar arasında ilk və ən qətiyyətli mövqe nümayiş etdirən qurumlardan biri olub. Təşkilatın qəbul etdiyi çoxsaylı qətnamə və bəyanatlarda Ermənistanın təcavüzkar siyasəti pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub.

Bu məqamda xüsusi olaraq qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT çərçivəsində yaradılmış Təmas Qrupu uzun illər ərzində ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayıb. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra da təşkilat Azərbaycanın yanında yer alaraq işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, qəbul etdiyi sənədlərdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə dəstəyini ifadə edib.

Ermənistanın işğal siyasətinin ən ağır nəticələrindən bəhs edərkən ilk növbədə işğalçı dövlətin xalqımızın maddi və mənəvi irsinə vurduğu zərbəni qeyd etməliyik. 30 ilə yaxın müddətdə şəhərlər, kəndlər, tarixi abidələr, qəbiristanlıqlar və dini məbədlər vandalizmə məruz qaldı. İşğal olunmuş ərazilərdə mövcud olan 67 məsciddən 65-nin dağıdılması və ya təhqir olunması təkcə Azərbaycana deyil, bütövlükdə islam dünyasının mədəni irsinə qarşı yönəlmiş cinayət idi. Həmin fakt beynəlxalq missiyaların hesabatlarında da öz əksini tapıb və İƏT tərəfindən dəfələrlə qəti şəkildə pislənib.

Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa işləri  çərçivəsində məscidlər, ziyarətgahlar, tarixi və dini abidələr yenidən qurulur, onların əvvəlki görkəmi bərpa edilir. Ağdam, Şuşa, Zəngilan və digər bölgələrdə həyata keçirilən layihələr Azərbaycanın ümumilikdə islam mədəniyyətinə verdiyi dəyərin parlaq təzahürüdür.

Ölkəmizin islam dünyasında nüfuzunu artıran mühüm amillərdən biri də islamofobiyaya qarşı ardıcıl və prinsipial mövqeyidir. Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması, dini abidələrin təhqir edilməsi, nifrət çağırışlarının genişlənməsi ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəli tendensiyaları qlobal təhlükəsizlik üçün risk hesab edir və beynəlxalq ictimaiyyəti birgə mübarizəyə çağırır.

Azərbaycan hesab edir ki, hər hansı dinə qarşı dözümsüzlük, xüsusilə islamın terrorizm və ekstremizmlə eyniləşdirilməsi qəbuledilməzdir. Təəssüf doğuran haldır ki, bəzi Qərb siyasi dairələrində və müəyyən beynəlxalq qurumlarda belə yanaşmalar zaman-zaman müşahidə olunur. Azərbaycanın isə birmənalı və qəti mövqeyi belədir ki, terrorizmin dini yoxdur və hər hansı dinin radikal qrupların fəaliyyəti ilə əlaqələndirilməsi həm ədalətsiz, həm də təhlükəlidir.

Məhz buna görə Azərbaycan islam dəyərlərinin qorunması ilə yanaşı, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqini də xarici siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən edib. Bu baxımdan Bakının müxtəlif beynəlxalq forumlara, mədəniyyətlərarası dialoq tədbirlərinə və İƏT-in çoxsaylı toplantılarına evsahibliyi etməsi təsadüfi deyil. Azərbaycan öz təcrübəsi ilə göstərir ki, milli kimliyə və dini dəyərlərə sadiqlik multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət prinsipləri ilə tam uzlaşa bilir.

Bu gün islam dünyası yeni çağırışlarla üz-üzədir. Qlobal siyasi gərginliklər, iqtisadi qeyri-sabitlik, ərzaq və enerji təhlükəsizliyi məsələləri müsəlman ölkələri arasında daha sıx əməkdaşlığı zəruri edir. Belə bir dövrdə Azərbaycanın rolu daha da artır. Təsadüfi deyil ki, üzv dövlətlərin etimadının göstəricisi olaraq ölkəmiz 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının sədrliyini öz üzərinə götürəcək. Bu mühüm missiya Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təzahürü olmaqla yanaşı, islam həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın dərinləşdirilməsi, dayanıqlı və inklüziv inkişaf naminə birgə səylərin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Azərbaycan birmənalı olaraq təşkilata sədrliyi dövründə də təşkilatın məqsəd və prinsiplərinə sadiq qalaraq islam aləminin birliyinə və tərəqqisinə xidmət edən təşəbbüslərlə çıxış edəcək.

Azərbaycan bu gün islam dünyasının fəal üzvü olmaqla yanaşı, həm də onun həmrəyliyini gücləndirən, ortaq maraqlarını müdafiə edən, mədəni irsini qoruyan və gələcəyinə töhfə verən aparıcı dövlətlərdən biridir. Qarabağ Zəfəri ilə tarixi ədaləti bərpa edən, dağıdılmış torpaqlarda yeni həyat quran Azərbaycan eyni zamanda islam dünyasına birlik, həmrəylik və qarşılıqlı dəstək nümunəsi təqdim edir. Bu yolun əsas fəlsəfəsi isə sadədir: güclü həmrəylik güclü gələcək deməkdir. Azərbaycanın fəaliyyəti göstərir ki, islam dünyasının birliyi yalnız mənəvi dəyər deyil, həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin və inkişafın mühüm təminatlarından biridir.


Elşən QƏNİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

Torpağın ruzisinin əvəzi yoxdur

08:20
26 İyun

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

08:15
26 İyun

Azərbaycanla Türkmənistanın çoxtərəfli əlaqələri dərinləşir

08:10
26 İyun

"Ordumuzun gücü dövlətimizin sarsılmaz qüdrətini göstərir"

08:05
26 İyun

Müzəffər Sərkərdə, qalib Ordu Dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı

08:00
26 İyun

Dünya çempionatı: Almaniya Ekvador millisinə məğlub olub

06:49
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!