26 İyun 2026 08:10
162
SİYASƏT
A- A+
Azərbaycanla Türkmənistanın çoxtərəfli əlaqələri dərinləşir

Azərbaycanla Türkmənistanın çoxtərəfli əlaqələri dərinləşir


Yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya bölgəsi, xüsusən geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Etnik-mədəni mənşəyə, dil, din və tarixi birliyə malik olan bu iki Xəzəryanı qardaş dövlət 2017-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb.

Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir. Bu səfər ikitərəfli əlaqələrin ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar təsdiqlədi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə daxil olur. 

Prezident İlham Əliyevin görüşlərdən sonra mətbuata bəyanatında səsləndirdiyi fikirlər də iki ölkə arasındakı əlaqələrin mahiyyətini aydın ifadə etdi. Dövlətimizin başçısı bildirdi ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: "Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik". 

Danışıqların gələn ay keçiriləcək Hökumətlərarası Komissiyanın iclasına qədər konkret tapşırıqlar formasında rəsmiləşdirilməsi regional tərəfdaşlığın yüksək dinamikasından xəbər verir. Bu yanaşma iki ölkənin yaxın perspektivdə irimiqyaslı və yeni birgə layihələrin icrasına dərhal başlamaq əzmində olduğunu sübut edir. Güclü liderlərin ortaq siyasi iradəsi və səmimi dostluq bağları iki qardaş dövlətin böyük Avrasiya məkanındakı geostrateji mövqelərini daha da möhkəmləndirir.

Azərbaycan-Türkmənistan əlaqələri mənəvi-mədəni sütunlar üzərində qərar tutub. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Türkmənistanla münasibətlər möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub: "Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər". Ortaq tarixi keçmiş və mədəniyyət iki ölkənin dövlətlərarası dialoqunda hər zaman hərəkətverici qüvvə rolunu oynayır. Humanitar dinamika da təsdiqləyir ki, Xəzərin hər iki sahilində ucalan iqtisadi, logistik və strateji layihələr məhz tarixi-mənəvi sütunlar üzərində daha etibarlı və uzunmüddətli olur. 

Səfərin diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb: "Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun ümummilli liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi". Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur. 

Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi də diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də dövlətimizin başçısının 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüşdə iştirakı Bakının əlaqələrə verdiyi önəmin göstəricisidir. 

Azərbaycan və Türkmənistan beynəlxalq müstəvidə daim bir-birinə dəstək ifadə edir. Çoxtərəfli diplomatiya müstəvisində iki ölkənin BMT, İƏT, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək xarici siyasət kurslarının sinxronluğundan xəbər verir. 

Ölkəmizin Mərkəzi Asiya regionunun ayrılmaz parçasına, geosiyasi və geoiqtisadi tərəfdaşına çevrilməsi də olduqca əhəmiyyətlidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına daxil olması Xəzərin hər iki sahilinin vahid mərkəzdə birləşdirilməsi deməkdir. Türkmənistanın bu prosesdə rəsmi Bakıya nümayiş etdirdiyi fəal dəstək iki ölkə arasındakı etimadın yüksək göstəricisidir. Bu gün coğrafi sərhədləri aşan tarixi, mədəni bağlar və ən əsası "Şərq-Qərb" dəhlizi üzərində qurulan nəqliyyat-logistika tərəfdaşlığı tamamilə yeni reallıq yaradır. Nəticədə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu etibarlı əməkdaşlıq zonasına çevrilir. 

Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində də strateji tərəfdaşlar kimi çıxış edirlər. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlığın inkişafı Orta dəhliz boyunca yük dövriyyəsinin artmasına və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev bu barədə belə deyib: "Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi". 

Səfərin yaddaqalan və rəmzi hadisələrindən biri də Azərbaycan tərəfindən Türkmənistana "Dostluq" neftdaşıyan tankerinin hədiyyə olunmasıdır. Bakı Gəmiqayırma Zavodunda inşası uğurla tamamlanan bu müasir gəmi iki ölkə arasında dostluğun və qardaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycanın sənaye potensialını və yerli gəmiqayırma sektorunun yüksək texnoloji imkanlarını nümayiş etdirir. Bu addım rəsmi Bakının regional sənaye mərkəzi kimi mövqeyini daha da gücləndirir. İmzalanmış yeni sənədlər isə tərəfdaşlığı keyfiyyətcə yeni müstəviyə daşıyır. 

Səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli və Şuşa şəhərlərinə də səfər edib. Dövlətimizin başçısı tərəfindən Qarabağda qarşılanan Türkmənistan Prezidentinə 

30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə məlumat verilib. Bildirilib ki, Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilib. Qeyd edək ki, məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar. 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Füzuli və Şuşaya bu səfəri rəsmi Aşqabadın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi ali səviyyəli dəstəyin ən bariz təzahürüdür. Ali qonağın Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm aktları ilə yerindəcə tanış olması qardaş ölkənin Qarabağ reallıqlarına verdiyi obyektiv qiymətdir. 

Nəticə etibarilə Azərbaycan və Türkmənistan milli maraqları qorumaqla yanaşı, həm də Şərqlə Qərbin qovşağında təhlükəsizliyin, sabitliyin və tərəqqinin etibarlı qarantı kimi çıxış edirlər. Xüsusən Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan uzaqgörən strategiya Xəzərin hər iki sahilini vahid və qüdrətli gələcəyə doğru inamla daşıyır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

Torpağın ruzisinin əvəzi yoxdur

08:20
26 İyun

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

08:15
26 İyun

Azərbaycanla Türkmənistanın çoxtərəfli əlaqələri dərinləşir

08:10
26 İyun

"Ordumuzun gücü dövlətimizin sarsılmaz qüdrətini göstərir"

08:05
26 İyun

Müzəffər Sərkərdə, qalib Ordu Dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı

08:00
26 İyun

Dünya çempionatı: Almaniya Ekvador millisinə məğlub olub

06:49
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!