09 İyul 2025 08:00
3056
SİYASƏT
A- A+
Müstəqil siyasət yeritmək qətiyyəti

Müstəqil siyasət yeritmək qətiyyəti


Hər müstəqil dövlət müstəqil siyasət yeridə bilmir.

Buna gücü və imkanı çatmır.

Göstərilən kənar təzyiqlərə davam gətirə bilmir.

İqtisadi imkanları məhdud, maliyyə vəziyyəti gərgin və digər səbəblər üzündən başqa dövlətlərlə hesablaşmaq məcburiyyətində qalır.

Müstəqil siyasət yürütmək üçün güc və imkanla yanaşı, dövlətə qətiyyətli, iradəli, uzaqgörən və dünyada gedən proseslərdən dərindən baş çıxaran həqiqi liderin rəhbərlik etməsi də vacibdir!

Bu dediklərimiz müstəqil siyasət aparılmasının ilkin və vacib şərtləridir.

Digər çoxsaylı şərtlər də var ki, onlar zamandan, dünyada baş verən proseslərdən, onların təsir və nəticələrindən asılıdır.

Hər bir dövlət başçısı müəyyən məqamlarda baş verən təsir, təhdid və təzyiq cəhdlərini də qarşılayaraq zərərsizləşdirməyi bacarmalıdır!

Xarici siyasət həm də təcrübəyə əsaslanan yaradıcı iş olduğundan siyasətçidən bəsirət və fəhm də tələb olunur.

Adətən siyasətçilər mümkün olanları dinc yollarla həyata keçirirlər.

Lakin müşkülləri də reallığa çevirən, mümkünsüz görünənləri də həll edən siyasi liderlər vardır.

***

SSRİ çar Rusiyasının yeni, çevrilmiş forması idi.

Sözdə yeni ictimai-iqtisadi formasiya, maddi nemətlərin sel kimi aşıb-daşdığı kommunizm olsa da, əməldə hər şey əvvəlki qaydada idarə olunurdu.

Ölkənin "əsl sahibi" nə fəhlə idi, nə də kəndli.

Adlarını dəyişdirib "proletariat" və "kolxozçu" qoysalar da, əməldə fəhlə fəhləliyini edirdi, kəndli də kəndliliyindəydi.

SSRİ heç də "qardaş xalqların könüllü ittifaqı"ndan yaradılmamışdı.

Məsələn, 28 aprel 1920-ci ildə XI rus ordusu Azərbaycana gələrək Xalq Cümhuriyyətinə hakimiyyəti xoşluqla təhvil verməsi üçün xəbərdarlıq etmiş, həmin dövrdə ölkəyə rəhbərlik edənlər yığıncaq keçirərək rus ordusunun qabağını ala bilməyəcəklərini görmüş, artıq qan tökülməsinə və qırğına yol verilməməsinə görə dinc yolla hakimiyyətdən əl çəkmişdilər.

Sonra...

Sonrası isə repressiya, sürgün, həbsxana, ölümlə davam etdirildi.

Ta hamı dinməz-söyləməz vahid mərkəzə - Moskvaya tabe olana qədər.

***

SSRİ-də vahid ideologiya, kommunizm ideologiyası hakim idi.

Hər addımda bu ideologiyaya, "marksizm-leninizm klassikləri"nə istinad olunur, onlardan sitatlar gətirilərək atılan hər bir addımın doğruluğu "əsaslandırılırdı".

Bu ideologiyaya görə, Leninin vətəni sayılan Rusiya "böyük qardaş" hesab olunurdu.

Qalan 14 müttəfiq respublika isə "kiçik qardaş" idi.

"Böyük qardaş" nə desə, o olmalı idi!

Qalan "qardaşlar"ın borcu deyiləni bəyənmək, alqışlamaq, həyata keçirilməsinə nail olmaq sayılırdı.

Nəyəsə etiraz etmək, başqa variant təklif etmək, hətta dodağının altında mızıldanmaq belə nəinki qəbul olunmur, hətta cəzalandırılırdı.

Ən ağır cəza isə "siyasi cəza", "partiya cəzası" hesab olunurdu.

Ölkədə bir partiya, hakim partiya sayılan Sov.İKP olduğundan onun cəzası həm də dövlətin cəzası sayılırdı.

Sov.İKP sıralarından xaric edilmək mənəvi-siyasi cəhətdən məhv olmağa bərabər idi.

Cüzam xəstəsi kimi hamı səndən qaçır, vətən xaini kimi baxırdı və fəhləlikdən başqa heç bir işdə işləyə bilməzdin.

Nəinki respublikaların birinci şəxsi, hətta nazirlər və komitə sədrləri, digər vəzifələrə təyinatlar da mərkəzlə razılaşdırılardı.

SSRİ-nin ən üstün və yaxşı cəhəti "milli məsələnin" olmaması, milli, etnik ayrılıqlara yol verilməməsi idi.

Sovet ideologiyası ateizmə köklənib dinə qarşı olduğundan dini ayrı-seçkilik barədə də söhbət gedə bilməzdi.

***

Müttəfiq respublikaların iqtisadi cəhətdən idarə edilməsi də Moskvadan aparılırdı:

* Hər respublikada hansı sahə inkişaf etdiriləcək...

* Ümumittifaq tabeliyində olan müəssisələr hansı respublikada yerləşdiriləcək...

* Hərbi zavodlar harada tikiləcək və s.

Bir mühüm məqama da diqqət çəkirik: sovet dövründə müttəfiq respublikaları bir-birindən və hamısını birlikdə mərkəzdə asılı vəziyyətdə saxlamaqdan ötrü "ixtisaslaşdırma və kooperasiya" prinsipindən istifadə olunurdu.

Belə ki, hər hansı qurğu və avadanlıq bir respublikada tam istehsal edilmir, ayrı-ayrı hissələri müxtəlif respublikalarda hazırlanırdı.

Son məhsul isə adətən Rusiya ərazisində yığılıb istehsalçılara göndərilirdi.

SSRİ dağılanda belə asılılığa görə müttəfiq respublikalardakı sənaye müəssisələri fəaliyyətlərini dayandırdı.

Ən nəhayət, maddi nemətlərin bölgüsündə də mərkəzləşdirilmış qayda tətbiq olunurdu.

Belə ki, bütün mal-məhsullar, xüsusən ittifaq tabeli müəssisələrin malları bir ələ yığılar, sonra isə SSRİ Dövlət Plan Komitəsi vasitəsilə yenidən müttəfiq respublikalar arasında bölünürdü.

Dövlət büdcəsindən pay ayırmaları da bu sayaq baş tuturdu.

Təbii ki, "vahid fond"a çox verib az alanlar, yaxud az verib çox götürənlər də vardı.

Bu isə müxtəlif münasibət və yanaşmalardan qaynaqlanırdı.

Siyasi sahədə də vəziyyət eyni idi:

* Daxili və xarici siyasət Moskvada hazırlanır və oranın nəzarəti ilə həyata keçirilirdi.

* Xarici ölkələrlə əlaqələr mərkəzdən idarə olunurdu.

* Ordu vahid idi, ona da yalnız Moskva rəhbərlik edib göstəriş verə bilərdi.

* Hər şeydə "adı sənin, dadı mənim" prinsipi hökm sürürdü.

* Adında "sosialist" olan müttəfiq respublikaların hər biri sözdə, konstitusiyalarında müstəqil hesab edilsə də, əməldə imperiya qaydaları ilə idarə olunurdular.

SSRİ mövcudluğunun son günlərinədək belə ikili həyat sürdü, ikiüzlü siyasət yürütdü, sözdə bir, əməldə başqa oldu.

***

SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun ortaya atdığı "yenidənqurma" oyunu nəyisə dəyişməyə deyil, əslində, "qırmızı imperiya"nın ömrünün uzadılmasına xidmət edirdi.

Demokratik dəyişikliklər də zahiri görünüş xatirinə idi.

Azərbaycan deyilənlərə inanaraq müstəqil olmaq fikrinə düşdü, AXC-Müsavat cütlüyü xalqı meydana çıxardı, bu tələskənliyin bədəlini 20 Yanvarda  ödədik.

Hətta 1991-ci ildə parlamentin qəbul etdiyi "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" da deklorativ xarakter daşıyırdı.

"Müstəqiləm" deməklə müstəqil olmaq və yaşamaq mümkün deyil!

Müstəqillik təkcə hüquqi deyil, siyasi, iqtisadi, diplomatik və özünümüdafiə imkanları ilə də təmin olunmalıdır.

Daha bir vacib məqam isə odur ki, "böyük qardaş" sayılan Rusiya heç də "kiçik qardaşlar"ını əldən buraxmaq, onlara həqiqi müstəqillik vermək niyyətində deyildi!

Hansı dövlət o boyda sərvətlərdən, çoxsaylı ölkələrin onlara tabeçiliyindən və verdiyi gəlirlərdən könüllü əl çəkər.

Kommunizm ideologiyası iflasa uğradığından "qırmızı imperiya"nı əvvəlki qaydada saxlamaq və idarə etmək sadəcə mümkün deyildi.

Amma Moskva təsir vasitələrini qoruyub saxlamağa çalışırdı.

Azərbaycanla bağlı ənənəvi problemdən - Dağlıq Qarabağ məsələsindən yenidən istifadə olundu!

Belə ki, Ermənistanı qızışdırıb yenidən meydana salan Rusiya haylara siyasi, iqtisadi, silah-sursat, 366-cı alayın simasında hərbi dəstək verərək Azərbaycan ərazilərinin 20 faizinin işğalına nail oldu.

Və bu faktdan daim Azərbaycana qarşı güclü təsir vasitəsi kimi sonadək istifadə etdi.

Heç Rusiya sakit və rahat şəkildə Xəzərin neft-qaz sərvətlərindən könüllü əl çəkərdimi?!

***

Yalnız Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan həqiqi dövlət müstəqilliyinə nail oldu!

Ulu Öndər Heydər Əliyev müdriklik və uzaqgörənliklə, sistemli şəkildə gördüyü işlərlə Azərbaycanın müstəqil siyasət yürütməsini təmin etdi:

* Silahlı müxalifəti ləğv etdi, əhalidəki külli miqdarda silah-sursatı yığışdırdı.

* İki dəfə dövlət çevrilişinə cəhdin qarşısını aldı və Azərbaycanda zorakılıqla hakimiyyət dəyişikliyi ənənəsinə son qoydu.

* Xaos, anarxiya və özbaşınalığın qarşısını alaraq ölkədə möhkəm və dönməz sabitlik yaratdı.

Bunlar hərbi-siyasi addımlar idi.

Ən əsası, bütün maneələri dəf edərək gərgin və uzun sürən danışıqlardan sonra "Əsrin müqaviləsi"nin imzalanmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilərək işə salınmasına nail oldu.

Bu o demək idi ki:

* Azərbaycan artıq neft-qaz sərvətlərini qeyri-ənənəvi marşrutla, Rusiyadan yan keçməklə (o zaman Novorossiysk neft kəməri fəaliyyət göstərirdi) dünya bazarına çıxaracaqdı;

* Artıq Azərbaycan əsas sərvətlərinə özü sahiblik edəcək, xeyrini özü görəcəkdi;

* Kooperasiya əlaqələrinin qırılması nəticəsində böhran vəziyyətinə düşən Azərbaycan iqtisadiyyatını dirçəltmək üçün neftdən gələn gəlirlər lokomotiv rolunu oynaya biləcəkdi!

Əslində, bu, Azərbaycanın iqtisadi müstəqilliyi demək idi!

Bazar iqtisadiyyatına keçid də müstəqilliyin mühüm tələblərindən biri idi və Ulu Öndərimiz iki dövlət proqramı hazırlayıb reallaşdırmaqla onun da öhdəsindən uğurla gəldi!

Bundan artığına ömür imkan vermədi.

***

Cənab İlham Əliyev yarımçıq qalan işləri çox böyük uğurla davam etdirdi, bütün əngəl, maneə və çətinliklərə baxmayaraq, Azərbaycanın tam müstəqilliyinə, öz taleyinin əsl sahibinə çevrilməsinə nail oldu!

* Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı, İlham Əliyevin uzaqgörənliyi və məharəti sayəsində TANAP və TAP vasitəsilə genişləndirilərək şaxələndirilməklə bu gün Azərbaycan qazını rahat və sərbəst şəkildə Avropa bazarına çatdıran "Cənub qaz dəhlizi"nə çevrildi.

* Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi və siyasi dividendlər gətirməklə Orta dəhlizin əsas seqmentlərindən biri oldu.

* Tarixinin ən qüdrətli dövlətini yaradan İlham Əliyev Azərbaycanın həqiqi siyasi və iqtisadi müstəqilliyini təmin etdi.

* Onun rəhbərliyi dövründə Azərbaycan daim milli maraqlarına söykənən müstəqil daxili və xarici siyasət yürütdü, heç bir təsir, təzyiq, təhdid qarşısında bir addım belə geriyə çəkilmədi!

Ən əsası, 44 günlük Zəfər müharibəsi dövründə "dəmir yumruğ"u ilə düşmən ordusunu məhv edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik münaqişəyə son qoymaqla torpaqları işğaldan azad etdi!

Bir qədər keçmiş böyük hünər, cəsarət və məharətlə Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə və konstitusiya əsaslarının təmininə də nail oldu!

Beləliklə, dünyanın bəzi dövlətlərinin, xüsusən Rusiyanın "Qarabağ kartı" ilə Azərbaycan təsir və təzyiq rıçaqını tamamilə puça çıxardı!

* Bu gün Azərbaycan ərazi bütövlüyünə nail olmuş müstəqil dövlətdir.

* Bu gün Azərbaycan təkcə iqtisadi deyil, hərbi cəhətdən də güclü olduğunu sübuta yetirmiş dövlətdir.

* Bu gün Azərbaycan öz ərazisində bir nəfər belə əcnəbi hərbçinin olmadığı azsaylı dövlətlərdəndir.

* Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, çoxsaylı dostları, bərabərhüquqlu əməkdaşlığı, strateji tərəfdaşlığı olan və daim milli maraqlarına xidmət edən dövlətlər sırasındadır.

Daha Azərbaycana heç bir üsul, vasitə, təzyiq və təhdid rıçaqları ilə təsir göstərilməsi mümkün deyildir!

Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan, beynəlxalq hüququn norma və prinsiplərinə daim əməl edən və əməkdaşlıq etdiyi ölkələrdən də bunu gözləyən, tələb edən bir dövlətdir.

***

Hərdən canavara niyə yalquzaq deyirlər?

Çünki qurd sürüyə hücum çəkəndə bir dənə qoyun götürüb getmir.

Qabağına qoyun, quzu, keçi - nə çıxsa, ağız atır, yaralayır.

Hamısını yaraladıqdan sonra onların qarşısında tək, yalqız qalır.

Hərəni bir üsulla yaralamaq, ziyan yetirmək asandır.

Dost qazanmaq, dost saxlamaq isə qat-qat çətindir.

Yalqız qalıb yalquzağa çevrilmək isə daha pisdir!

Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdür!

Kimsədən nə qorxusu, nə də asılacağı var!

Bütün problemlərini də özü həll etməyi yaxşı bacarır.

Amma daim dostluq, əməkdaşlıq yolunu tutur:

* Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi!

Dövlətimizin başçısı BMT-də islahatların aparılma vaxtının çatdığını söylədi, dünya ölkələrinin böyük əksəriyyətinin maraqlarına xidmət edən təşəbbüslər irəli sürdü.

* Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Prezident cənab İlham Əliyev iqtisadi cəhətdən zəif dövlətlərin maraqlarını unutmadı, "vaksin millətçiliyi"ni ifşa etdi, ədalətli və uzaqgörən fəaliyyəti bəyənilərək quruma rəhbərliyi daha iki il artırıldı.

* COP29-a rəhbərliyimiz də dünya və insanlar üçün bir sıra faydalı, uzaqgörən qərarların qəbulu ilə əlamətdar oldu.

Azərbaycan hansı təşkilata üzv olursa, ora böyük fayda, bir canlanma gətirir, kiminlə əməkdaşlıq edirsə, qarşılıqlı hörmət əsasında, beynəlxalq norma və prinsipləri gözləməklə hər iki tərəfin fayda qazanmasına şərait yaradır, layihə və imkanlarını kimsədən əsirgəmir.

Çünki bu, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyət üslubudur!

Amma kimsənin onunla təhdid, hədə-qorxu dili ilə danışmasını da heç bir zaman qəbul etmir!

Dərhal cavabını verərək yerində oturtmağı ustalıqla bacarır!

Çünki bir daha vurğulayırıq: kimsədən qorxusu, asılacağı, çəkinəcəyi, ehtiyat edəcəyi nəsə yoxdur!

Azərbaycanın kimin onunla hansı ruhda danışmasından asılı olaraq, ona eyni tərzdə cavab vermək imkanı və bacarığı da vardır!

Azərbaycan tolerant bir ölkədir, burada məscidlərlə yanaşı, çoxsaylı dini konfessiyalar, məbədlər fəaliyyət göstərir, müxtəlif milli azlıqlar, etnik qruplar yaşayır.

Tolerantlıq zorakılığa, qanunsuzluğa, vəhşi rəftara, qəddarlığa, haqsızlığa, özbaşınalığa dözmək deyil!

Daha bir həqiqət də var:

Artıq Azərbaycanın heç bir nöqtəsində rus hərbçilərinin ayaq izləri belə qalmayıb!

İlham Əliyev Azərbaycanı - dosta dost, düşməni isə yerində oturda bilən Azərbaycandır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!