Hər bir ölkənin
inkişafında infrastrukturun mühüm rol oynaması məlum həqiqətdir. O da həqiqətdir
ki, dayanıqlı infrastruktur yaradılmadan sosial-iqtisadi inkişafa nail olmaq mümkün
deyil. Müstəqillik dövründə ölkəmizin neft gəlirlərindən ilk növbədə iqtisadi və
sosial infrastrukturun yaradılmasına vəsait xərclənməsi də bu səbəbdəndir. Həmin
proses bu gün də davam edir və bunun sayəsində indi Azərbaycanda mükəmməl infrastruktur
formalaşır.
Dünyanın nüfuzlu
beynəlxalq təşkilatları da bunu öz hesabatlarında dəfələrlə qeyd edirlər.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə bu istiqamətdə
görülən işləri yüksək qiymətləndirməklə yanaşı, qarşıdakı illərdə onun davam edəcəyinin
də anonsunu vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda icra edilən beynəlxalq əhəmiyyətli
tranzit layihələri ölkəmizi nəinki region, hətta dünya üçün əhəmiyyətli regiona
çevirib. Aprelin 24-də Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq
Forumunda da bu, xüsusi vurğulanmışdır.
Azərbaycanda
beynəlxalq əhəmiyyətli layihələrlə yanaşı, iqtisadi və sosial əhəmiyyətli yerli
layihələr də icra edilir. Təsadüfi deyil ki, Azərbaycan dünyada mükəmməl infrastruktura
malik ölkələrin ön sıralarında gedir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin
sözügedən iclasında ölkədə həyata keçirilən yerli infrastruktur layihələrinin əhəmiyyətini
vurğulayaraq demişdir: "Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum
ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşük. Ancaq yerlərdən gələn
təkliflər və müraciətlər deməyə əsas verir ki,
bu problem hələ mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu
çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, - bildiyiniz kimi,
indi bu işlər geniş vüsət alıb, - və bölgələrdə əlavə tədbirlər görüləcək.
Bu proses
su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri
çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük”.
İclasda həmçinin
qeyd edilmişdir ki, ölkənin enerji ilə təminatında böyük işlər görülüb. Bunun nəticəsində
elektrik enerjisi ilə Azərbaycan nəinki özünü təmin edir, hətta onu ixrac etmək
imkanına da malikdir. Yeri gəlmişkən qeyd edək ki, elektrik enerjisi ilə təminat
həm ölkəmizin iqtisadi inkişafında, həm də sosial məsələlərin həllində önəmli rol
oynayır. Buna görə də enerji ilə təminat hər bir ölkə, o cümlədən bizim üçün strateji
əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin
etməsi adi fakt deyil. Buna baxmayaraq, ölkənin elektrik enerjisi sisteminin modernləşdirilmə
prosesi aparılır. Həmin məqsədlə mövcud stansiyaların potensialının gücləndirilməsi
üçün lazımi tədbirlər görülür. Yenidənqurma, bərpa, modernləşdirilmə işləri nəticəsində
movcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə olunmuşdur. Amma
görülən işlər bununla bitmir. Hazırda "Şimal-2” stansiyası inşa olunur və onun istifadəyə
verilməsi ilə əlavə 400-500 meqavat gücündə enerji istehsal ediləcək. Bu da ölkənin
inkişafı ilə bağlı artan enerji tələbatının ödənilməsinə şərait yaradacaq.
Su infrastrukturunun
yaradılması da iqtisadi və sosial məsələlərin həlli üçün vacibdir. Son illər bir
çox meliorativ tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə yaradılan mükəmməl
infrastruktur sayəsində yüz minlərlə hektar əkin sahələri suvarma suyu ilə fasiləsiz
təmin edilir. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə
artır. Təkcə cari ilin birinci rübündə bu artımın 3,6 faizə çatmasında da həyata
keçirilən meliorativ tədbirlərin böyük rolu var.
İçməli su
layihələrinin icrası da dövlətin diqqət mərkəzindədir. Bugünə qədər 38 şəhərdə su
ilə təminat məsələsi həll edilib. Həmin şəhərlərə
Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz, keyfiyyətli su verilir. Cari
ilin sonunadək əlavə 5 şəhərdə belə layihələr icra olunacaq. 12 şəhərdə isə həmin
istiqamətdə işlər davam etdiriləcək. Ümumiyyətlə, içməli su layihələrinin icrası
artan əhalini nəzərə almaqla 2030-cu ilə qədər hesablanıb.
Məlumdur ki,
bu gün Azərbaycanda daha çox sosial müdafiəyə ehtiyacı olanlar məcburi köçkünlərdir.
Məhz bu səbəbdən qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün
son illər 100-dən çox şəhərcik salınıb. Ancaq problem tam həll olunmadığından bu
istiqamətdə işlər davam edir. Təkcə keçən il 6 min köçkün ailəsi üçün müasir evlər
inşa edilib. Cari ildə isə daha 6 min köçkün ailəsi üçün mənzillərin tikilməsi nəzərdə
tutulub.
Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin də dövlət tərəfindən mənzillə
təmin edilməsi davamlı xarakter daşıyır. Bugünədək bütövlükdə 6500-dən çox şəhid
ailəsi mənzillə təmin olunub. Bu il daha 800 şəhid ailəsi yeni mənzillərə köçürüləcək.
Təhsilin inkişafı
da yaddan çıxmır. Ölkədə yeni məktəblər tikilir, köhnələri əsaslı təmir edilir və
onlar lazımi avadanlıqlarla təmin olunur. Cari ildə 100-ə yaxın məktəb tikiləcək
və ya əsaslı təmir ediləcək. Eyni zamanda, şəhər və rayonlarda müasir standartlara
cavab verən yeni xəstəxanalar tikilir və onlar dünya standartlarına cavab verən
yeni avadanlıqlarla təmin olunur. İndi həmin xəstəxanalarda ən ağır cərrahiyyə əməliyyatları
həyata keçirilir. Cari il isə daha 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə
başlayacaq.
Rüstəm KAMAL,
"Azərbaycan”