27 Aprel 2024 09:05
413
Mədəniyyət
A- A+

Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir

 

Azərbaycan tarixən fundamental sənətlər və sənətkarlar vətəni olub. Şanlı keçmişimizdən müasir dövrə qədər ən müxtəlif sınaqlardan keçərək yaşam haqqı qazanan maddi və qeyri-maddi mədəni irsimiz millətin varlığı, kimliyidir. 
Xalqımızın  milli-mənəvi dəyərləri sırasında muğamın xüsusi yeri var. Əsrlərin dərin qatlarından süzülüb gələn bu musiqi janrının spesifik rəngarəng çalarlarla zənginləşməsində, yaşadılmasında, sevilməsində korifey sənətkarlarımızın mühüm rolu danılmazdır. Xan əmi, Seyid Şuşinski, Cabbar Qaryağdı oğlu, Rübabə Muradova, Əlibaba Məmmədov və digər ustadların daha önəmli xidmətləri böyük mənada məktəb yaratmalarıdır, öz tələbələrini, davamçılarını yetişdirməklə klassik ənənələrin qırılmasına imkan verməmələridir. Məhz ümummilli təəssübkeşliyimiz, eyni zamanda Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar qayğısı sayəsində Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Muğamı böyük istedad, məsuliyyət və ləyaqətlə gələcək nəsillərə çatdırmağa çalışanların əsas kontingenti bu günün sənətsevərləri - ustad xanəndələr, instrumental ifaçılar, sənətşünaslar, gənc ifaçılar, musiqi məktəblərinin şagirdləri, bir sözlə, bu musiqi janrı həm də xalqın özünütəsdiqi sayan cəfakeş sənət fədailəridir.
Belə müqəddəs missiya daşıyıcılığına həqiqi mənəvi haqqı çatanlardan biri - Bayramov Hüseyn Habil oğlu 2007-ci il oktyabrın 15-də Bakı şəhərində doğulub. Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin XI sinif şagirdidir. Hələ kiçik yaşlarından çalışqanlığı, idmana həvəsi, hərtərəfli bilikləri ilə yanaşı, fitri musiqi istedadına malik olması, yaxşı səsi valideynlərinin diqqətindən yayınmayıb. Atası onu Q.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinə aparıb. Bəyənib qəbul ediblər. Yorulmaq bilmədən ucsuz-bucaqsız musiqi dəryasına baş vuran, sənətin incəliklərini öyrənən balaca Hüseyn burada xanəndəlik ixtisası üzrə təhsil alıb, ustad dərslərinə qatılıb. Hələ neçə illər öncə yaşının az olmasına baxmayaraq, bütün zərb muğamları, 9 dəsgah muğamı, çoxlu sayda xalq mahnılarını mükəmməl şəkildə öyrənib.
Dəfələrlə müxtəlif muğam müsabiqələrində, musiqi yarışmalarında uğurlar qazanıb, üstün yerlər tutub. Beynəlxalq Olimpiya Gənclər Festivalında II yerə sahiblənib. Onu başqa ifaçılardan fərqləndirən cəhət sənətdə təkrarçılıqdan qaçması, tapdaq yolla getməməsi, bu gün üzdə olan, əksəriyyətin bildiyi muğamlarla yanaşı, itib-batmış, unudulmuş nümunələri də tapıb repertuarına daxil etməsidir. Bu isə xeyli çətin və zəhmətli işdir. Məsələn, 200-300 il öncə mövcud olan "Nəva", "Digah" muğamlarını müəllimləri Elxan Müzəffərov və Qəzənfər Abbasovla birgə bərpa edərək sənət ömrü veriblər. Əhməd Bakıxanov tərəfindən aşkarlanıb sözsüz musiqisi nota köçürülmüş "Xocəstə" muğamını, indiyədək yalnız 3 şöbəsinə müraciət olunan "Hümayun"u tam dəsgah şəklində müxtəlif qəzəllərlə oxuyur.       
Hüseyn Bayramovun zəhmətkeşliyi, öz üzərində ciddi işləməsindən əlavə, fitrətən, gendəngəlmə istedadının, səsinin varlığı da təsadüfi deyil. Onun babası mərhum Vəli kişi doğma Qarabağımızdan, Laçın rayonundandır. Özünün də ən böyük arzusu düşmən tapdağından azad edildikdən sonra quruculuq işləri gedən ata-baba torpaqlarında - Laçında, Şuşada "Qarabağ şikəstəsi" oxumaqdır. Həm də artıq musiqi məktəbini bitirib, ümumtəhsil məktəbinin isə sonuncu sinif şagirdidir. Təhsilini Musiqi Akademiyasında davam etdirərək daha da təkmilləşdirmək istəyinə nail olmaq üçün böyük səylə öz üzərində çalışmaqdadır.

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video