06 May 2025 08:05
860
SİYASƏT
A- A+
Müasir dünyada tolerantlığın klassik Azərbaycan nümunəsi

Müasir dünyada tolerantlığın klassik Azərbaycan nümunəsi


Mehriban xanım Əliyevanın I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordeninə layiq görülməsi bu nümunəyə verilən növbəti yüksək qiymətdir


Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin birgə yaşadığı tolerantlıq məkanı kimi tanınıb. Ölkəmizdə bu gün də fərqli etnik qruplar və dini icmalar arasında harmoniya, qarşılıqlı hörmət ruhu çox güclüdür. Üstəlik, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu dəyərlərimizin beynəlxalq səviyyədə təşviqi daim diqqət mərkəzindədir. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması, 2008-ci ildən start götürmüş "Bakı prosesi"nin nailiyyətləri, ölkəmizin evsahibliyi etdiyi beynəlxalq humanitar forumlar Azərbaycanın bu sahədəki lider mövqeyini bir daha göstərir. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də ölkəmizdə səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. Səmimi söhbət zamanı dövlətimizin başçısı Patriarx Kirillin son səfərindən altı il keçdiyini və bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələrin baş verdiyini vurğuladı. Eyni zamanda möhtərəm din xadiminin Azərbaycana səfərləri, dövlətimizin başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlandı, xalqlarımız arasında münasibətlərın sabit olduğu bildirildi: "Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir. Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir". 

Görüşdə həmçinin ölkəmizdə hökm sürən multikultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşadıqları vurğulandı. Bu xüsusda pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırıldı. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirildi. 

Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill səmimi və xoş qəbula görə təşəkkür etdi və özünü Azərbaycanda həmişə rahat hiss etdiyini söylədi: "Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan". Patriarx Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətini və  fəaliyyətində fərqli mədəniyyətlərə hörmət ruhunu, eyni zamanda beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rolunu, sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasındakı xidmətlərini yüksək dəyərləndirdi. 

Sonra o, Rus Pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi. Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.


Mehriban münasibət, səmimi siyasət


Vətənin hər yerində onu böyük sevgi ilə gözləyirlər. Bu sevginin səbəbi sadə insanlara məhəbbət, xalqa bağlılıqdır. Belə bağlılığın nəticəsində güclü bir qadının - dövlət adamının hər bir işi, hətta bu işlərin ən xırda görünəni də insanların qəlbində, yaddaşında iz qoyur. İlkin  niyyət olmadan onlar sosiallaşır və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Onun obrazı adamların qəlbində doğmalıq və güvənc yaradır. İnsanlar onu yaxın himayədar, ümid yeri, səmimi bir dayaq kimi görürlər. 

Mehriban xanım Əliyevanın məsuliyyət yükü ağır və şərəflidir. O, yaradıcı və qurucu bir iradə sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa xidmət edən hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu daşıyır. Mehriban xanım Əliyeva tarixin miqyaslı tədbirlərinin diplomatı olub. Ölkəmizi  Şərqin qədim mədəniyyətinin əsas ocaqlarından biri kimi tanıtmaq, musiqimizdən tutmuş idmana qədər bütün sahələrdə ənənələrimizi sevdirmək onun beynəlxalq miqyasdakı fəaliyyətinə xüsusi milli məna və çəki verir. Onun gördüyü işlər bəhrəli və nəticəlidir. Bu tədbirlərin ilkin nəticəsi Azərbaycanın dünyadakı dostlarının sayının artmasıdır. Bu dostlar kimlərdir? Beynəlxalq aləmdə sözü keçən, səsi eşidilən, tanınan insanlar. Onlar ölkəmizə gəlib bizim yaşayışımızı, həqiqətlərimizi, xalqımızın nəcibliyini və tərəqqisini gözləri ilə görür və dünyaya çatdırırlar. 

Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin əsası həm də onun bu yurdun insanına qayğı və şəfqətlə yanaşmasıdır. Bu illərdə Azərbaycan adına gördüyü işlər, vətəndaşların həyatının yaxşılaşması üçün çəkdiyi fədakar zəhmət onu Azərbaycan ailələrinin əziz bir üzvünə çevirib. 

Mehriban Əliyeva öz səmimi davranışları ilə bu xoş nümunəni illərdir ki, yaradır.


Sağlam münasibət və dözümlü anlaşma mədəniyyəti


Ölkənin Birinci vitse-prezidenti bu gün bütün dünyada multikulturalizm dəyərlərinin yayılmasına çalışır, sivilizasiyalararası dialoq mühitinin formalaşmasına böyük əmək sərf edir. Mehriban xanım tolerantlıq düşüncəsini aşılayır, toplumu inandırmağı bacarır, hər zaman olduğu kimi, bu məsələlərdə də ən mükəmməl nümunə göstərir. 

Mehriban Əliyeva müasir dünyamızda Qərb və Şərq sivilizasiyalarının toqquşma nöqtəsinə gəldiyi, bir-birilə münaqişəyə girdiyi məqamlarla az qarşılaşmır. Amma o, bir dövlət adamı olaraq göstərir ki, dəyərlər eynidir, ümumbəşəridir, sülh bütün insanlar üçün sülhdür. İnkişaf arzusu, tərəqqi məramı, rifah, xeyirxahlıq, şəfqət dünyadakı bütün fərdlərə eyni dərəcədə aiddir. Yetər ki, insanları bu dəyərlər ruhunda tərbiyə edəsən. Onların arasında münaqişələr yaradan, təfriqələr salan, müharibələrə, qan-qadaya gətirən süni fərqlərə deyil, ali dəyərlərə tapınması üçün çalışasan. 

Azərbaycanın Birinci vitse-prezidenti öz nümunəsi ilə həm də göstərir ki, insan eyni anda bir neçə milli mənsubiyyətə, mədəniyyətə, dinə, dilə və s. aid ola bilməz. Amma bir insan fərqli milli özünəməxsusluqların da, mədəniyyətlərin də, dinlərin də, dillərin də ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində, fəaliyyətində, dünyagörüşündə eyni araya gətirməyi bacarar. Humanizm adlanan, qarşısında dünyanın diz çökdüyü, baş əydiyi bir dəyərə yeni çalarlar, rənglər qata, ona ölçüyəgəlməz mənalar bəxş edə bilər. 

Mehriban xanım bu həqiqəti çatdırarkən həyatını belə bir missiyaya həsr edən şəxsiyyət kimi dünyanın diqqətini cəlb edir.

Heydər Əliyev Fondu yarandığı gündən ölkə hüdudlarından kənarda da çoxlu  layihələr reallaşdırır. Mehriban xanımın təşəbbüsü, qurumun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası və bir çox muzey komplekslərinin tikilməsində iştirakı Azərbaycanın nadir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlərarası dialoqda oynadığı misilsiz tarixi rolun ifadəsidir. 

Mehriban xanım Əliyeva müasir dünyamızda mədəniyyətlər arasında dialoq ideyalarını aşılayır. Bütün dinlərin, mədəniyyətlərin bəşəriyyətə təlqin etdiyi ali dəyərləri - insana sevgini, şəfqəti, xeyirxahlığı, köməyə ehtiyacı olana əl tutmağı, eləcə də çağdaş dövrümüzdə bu dəyərlərin daşıyıcılarına nə qədər böyük ehtiyacın olduğunu öz fəaliyyəti ilə ifadə edir. 

Mehriban xanım kimi böyük nüfuz sahiblərinin insanlara təsir imkanları geniş olduğundan onun fəaliyyəti, göstərdiyi nümunələr xeyirxahlığı, xoş əməllər sahibi olmağı cəmiyyət üçün normaya çevirir, yeni ictimai meyarlar, ideallar formalaşdırır.


Fərqli mədəniyyətlərə eyni hörmət 


 Ölkəmizin cəmiyyətdəki fərqli mədəniyyətlərə hörmət və tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə görə bütün dünyaya nümunə olması müasir dövrümüzün reallığıdır. Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, bu istiqamətdə də məqsədyönlü siyasəti, düzgün qərarları ilə mövcud nailiyyətləri möhkəmləndirərək inkişaf etdirir. 

Dövlət başçısının Azərbaycandakı dini qurumlara vaxtaşırı maliyyə yardımı barədə sərəncamları bunun daha bir sübutudur. Azərbaycanda dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsinə dəlalət edən bu addım tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliğinə, cəmiyyətimizin mənəvi zənginliyinə, dost və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Dövlətimizin başçısının yürütdüyü bu məqsədyönlü siyasət uzun illər müharibə şəraitində yaşamış, güclü havadarlara malik düşmənlə üz-üzə qalmış, zəngin sərvətlərinə, geostrateji mövqeyinə, ən əsası heç kimə boyun əymədən müstəqil mövqeyindən geri çəkilmədiyinə görə xarici təhdidlərə sinə gərən ölkəmiz üçün çox mühümdür. Prezident İlham Əliyev bu siyasətlə göstərir ki, Azərbaycanda tarixən fəaliyyət göstərmiş səmavi dinlər daim qardaşcasına, ulu Yaradanın buyurduğu mərhəmət çağırışları əsasında yaşayıblar. Ən ağır günlərdə çiyin-çiyinə vətənin müdafiəsi üçün birgə olublar. Müstəqil Azərbaycanın son 30 ilində ölkəmizin üzləşdiyi böhranlı dövrdə, ağır günlərdə, müharibədə bu dini həmrəylik sarsılmaz qala kimi möhkəm olub.

44 günlük Vətən müharibəsində Azərbaycanın müsəlman, xristian, yəhudi və digər icmalarının vahid mövqeyi erməni kilsəsinin uydurduğu yalanları, saxta təbliğatı  darmadağın etdi. Müxtəlif dinlərin bütün nümayəndələri Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsini dəstəklədilər. Dinindən, inancından asılı olmayaraq, hər kəs Vətən savaşındakı zəfərimizə ümumi qələbə kimi sevindi. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi var.

 Hazırda dünyanın ayrı-ayrı ölkələrində dini dözümsüzlük, fərdlərin inanclarına görə ayrı-seçkiliyə məruz qalması cəmiyyətlər üçün ciddi problemdir. Belə bir dünyada Azərbaycan dövləti öz faydalı təşəbbüsləri ilə dini münasibətlərin sağlam məcrada qurulmasına çalışır. Evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən nüfuzlu din xadimlərini bir araya gətirir, bütün dünyaya sülh, bəşəriyyətin xoşbəxtliyi üçün çağırışlar ünvanlayır. Elə Azərbaycandakı tolerantlığın gözəl qəbuledilən nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin ölkəmizdə bir araya gəlməsidir. Əsas səmavi dinlərin nümayəndələrinin mehriban şəkildə bir yerə toplanması olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir. Dövlətimiz islam abidələri ilə yanaşı, ölkəmizdə digər dinlərə aid müqəddəs məkanlara da qayğı göstərir. 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq tolerantlıq gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur".

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyini və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savad və dünyagörüş aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır. Lakin təəssüf ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə, dininə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına müasir dövrdə də geniş rast gəlinir. Məsələn, üzdə guya sülhə dəstək verdiklərini deyən erməni "din xadimləri" öz xalqını müharibəyə sürükləməklə cəmiyyətlərini də faciəyə düçar edirlər. Ermənistanın torpaqlarımızı işğal etməsində, azərbaycanlılara qarşı Xocalı soyqırımı kimi ağlasığmaz vəhşiliklər törətməsində erməni din xadimlərinin fitnə-fəsadlarının rolu böyük olmuşdur. Onlar bunu uzun illər görmüş və çəkinmədən əməllərində reallaşdırmışlar. Erməni kilsəsinin mənasız iddialarına ən yaxşı cavab isə Azərbaycan dövlətinin yaratdığı dini tolerantlıq örnəyidir, ölkəmizdəki bütün dini icmalara həssas, qayğı dolu münasibətidir. Azərbaycan uğurlu diplomatiyasını bu sahədə də əzmlə davam etdirir və üstünlüyünü qoruyur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!