Azərbaycanda idmanın kütləviləşdirilməsi və ölkəmizin beynəlxalq idman arenalarında mövqeyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu strateji xəttin ən bariz və möhtəşəm nümunələrindən biri də məhz dövlətin birbaşa diqqət və dəstəyi ilə ərsəyə gələn Bakı Su İdmanı Sarayıdır.
Prezident İlham Əliyevin ölkədə su idmanı növlərinin inkişaf etdirilməsi məqsədilə 30 avqust 2012-ci ildə imzaladığı sərəncam bu nəhəng layihənin təməl bazası olmuşdur. 2013-cü ildə dövlətimizin başçısının şəxsi iştirakı ilə bünörəsi qoyulan bu kompleks, 20 aprel 2015-ci ildə istifadəyə verilmişdir.
Dövlət büdcəsi hesabına maliyyələşən, 6 hektar ərazidə qurulmuş, 72 min kvadratmetrlik bu nəhəng arenada dünyanın ən qabaqcıl texnologiyalarından və memarlıq elementlərindən istifadə olunmuşdur. Kompleks Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) ən müasir standartlarına tam cavab verəcək səviyyədə avadanlıqlarla təchiz edilmişdir.
Dövlətin apardığı uğurlu idman diplomatiyası nəticəsində saray "Bakı-2015" I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Avropa Gənclər Olimpiya Festivalı kimi qlobal miqyaslı tədbirlərdə su idmanı üzrə əsas mərkəz rolunu oynamışdır. Kompleks həmçinin dünya kuboku kimi nüfuzlu yarışlara evsahibliyi etmək üçün mütəmadi olaraq dövlət səviyyəsində texniki cəhətdən yenilənir. Saray birbaşa olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Nazirlik və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən burada mütəmadi olaraq ölkə çempionatları, yerli turnirlər təşkil edilir və gənc istedadların üzə çıxarılması layihələri icra olunur. Azərbaycanın üzgüçülük, suya tullanma, su polosu və bədii (sinxron) üzgüçülük üzrə milli komandalarının peşəkar hazırlığı, olimpiya oyunlarına və beynəlxalq turnirlərə tam tədarükü dövlət tərəfindən məhz bu yüksək şəraitli sarayda təmin edilir.
Dövlətin əsas hədəflərindən biri idmanı hər bir vətəndaş üçün əlçatan etməkdir. Paytaxt sakinlərinin, xüsusilə də uşaqların və yeniyetmələrin zərərli vərdişlərdən uzaq durması, fiziki cəhətdən sağlam böyüməsi üçün kompleksdə dövlət dəstəyi ilə müxtəlif sosial tariflər və geniş bölmələr fəaliyyət göstərir. Hovuzların suyu ən son texnoloji ultrabənövşəyi (UV) şüalar və çoxpilləli qum filtrləri ilə təmizlənir. Bu, kimyəvi qatqıların (xlorun) miqdarını minimuma endirir və idmançıların sağlamlığı (göz və dəri qıcıqlanmaları) üçün tam zərərsiz mühit yaradır.
Kompleksin, sadəcə, məşq yeri deyil, həm də yerli kadrlar yetişdirən bir mərkəz olduğunu xüsusi vurğulamaq olar. Burada yerli məşqçilər və hakimlər üçün beynəlxalq səviyyəli seminarlar, təlimlər keçirilir. Xarici mütəxəssislərin bura cəlb olunması ilə Azərbaycanda üzgüçülük və suya tullanma üzrə yeni nəsil milli məşqçilər məktəbinin təməli qoyulur.
Burada fiziki məhdudiyyətli şəxslər üçün də lazımi şərait yaradılıb. Kompleks tam olaraq para-idmançıların istifadəsinə uyğunlaşdırılıb. Azərbaycanın Paralimpiya üzgüçülük komandası da burada yüksək səviyyədə məşqlər keçirir.
Bakı Su İdmanı Sarayı, sadəcə, təcrid olunmuş bir bina kimi deyil, yeni Bakı Bulvarı və Avropa Oyunları Parkı ilə vahid bir rekreasiya və idman kompleksi (Baku Sport City) şəklində layihələndirilmişdir. Bu da paytaxtın ümumi ekoloji və sosial infrastrukturunu zənginləşdirir. Dövlətin yaratdığı bu misilsiz şərait ölkəmizdə su idman növlərinin gələcəyinə qoyulan ən böyük sərmayədir.
İ.ƏLİYEVA,
"Azərbaycan"