Düşmən tapdağından azad edilmiş ərazilərimizdə ehtiyatlı davranış məqsədilə müvafiq qurumlar tərəfindən media və cəmiyyətin maarifləndirilməsi üçün bir sıra addımlar atılır. Bu mövzu cəmiyyətə yaxından tanış olmadığından daha dolğun və izahlı təqdimatlara ehtiyac duyulur.
Bu səbəblə təşkil edilən təlimlərdən biri də FHN və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda seminarın keçirilməsi oldu.
Seminarda təlimin əsas məqsədini və mahiyyətini izah edən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işinin sürətlə getdiyini qeyd edib. O bildirib ki, həyata keçirilən bu işlər olduqca çətin və məsuliyyətli öhdəlik olduğundan bütün qüvvələr səfərbər edilib. 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli istiqamətlərində bir çox ərazilərin minalardan təmizlənməsinə nail olunub. Bu işə cəlb edilən xüsusi qruplar beynəlxalq sertifikatlı nümayəndələrdir. M.Həsənov həmin ərazilərə səfər edən zaman media işçilərini və vətəndaşları diqqətli olmağa çağırıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisi kapitan Süleyman Heydərov isə minatəmizləmə fəaliyyəti ilə bağlı ərazilərdəki ümumi vəziyyət barədə məlumat verib. O, ərazilərdə daim təhlükəsizlik məqsədilə ilkin tibbi yardım maşınının olduğunu, hər hansı arzuolunmaz vəziyyət yarandığı halda dərhal müdaxilə edildiyini bildirib. Daha sonra minalanmış yerlərdə işarələrin müxtəlif rəngli payalarla müəyyən edildiyini, minaların təmizlənməsi zamanı 3 vasitədən (əllə, minaaxtaran itlərlə, mexaniki üsulla) istifadə olunduğunu diqqətə çatdırıb. Onu da bildirib ki, minaların böyük bir qismi əllə təmizlənmə üsulu ilə zərərsizləşdirilir.
Seminarın təşkil edildiyi məkanda FHN-nin əyani təlimlərində istifadə edilən qumbaralar, piyada və tank əleyhinə olan mina nümunələrinin sərgisi də yer alıb. Bu partlayıcı sursatlar haqqında ilkin məlumatlar kapitan Süleyman Heydərov tərəfindən verildikdən sonra əhalinin bilgiləndirilməsi üçün təlimatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva səsləndirib: “Burada xüsusilə hər bir vətəndaş üçün diqqət edilməli məqam ərazidəki xəbərdarlıq nişanlarını daim izləyib nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarına doğru əməl etməkdir. Mina təhlükəsini nəzərə alaraq yalnız dəfələrlə yoxlanılıb təhlükəsizliyi müəyyən edilmiş ərazilərdən istifadə etmək vacibdir. Maneələrin heç bir halda keçilməməsi isə baş verə biləcək hər hansı ehtimalın qarşısını alır. Ərazidə rast gəlinən təhlükəli, şübhəli əşyalara toxunmaq qadağandır. Əgər hər hansı şübhəli hal qeydə alınarsa, dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermək lazımdır. Bu halda ərazidən təhlükəsiz təxliyə həyata keçirilə bilər”.
Təlimdə iştirak edən hər bir media nümayəndəsinə sertifikat verilib.
Aydan XƏLİLOVA,
“Azərbaycan”