Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Noyabrın 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan Milli Məclisin sədri bildirib ki, gündəlikdə 14 məsələ var, onlardan 12-si dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Bu qanun layihələrinin hamısı birinci oxunuşda müzakirə ediləcək. Beləliklə, gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsidir.
Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb. Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür.
Milli Məclisin sədri qeyd edib ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatı da vardır.
Həmçinin sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq. Sahibə Qafarova gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan hökumətinin həyata keçirəcəyi tədbirlərin Prezident tərəfindən müəyyən edilmiş hədəflərin əldə olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, nəzərdə tutulan dövlət proqramlarının və strategiyalarının reallaşmasına zəmin yaradacağına inamını ifadə edib.
Parlamentin sədri deyib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.
Milli Məclisin sədri aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirib.
Əvvəlcə, iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.
O qeyd edib ki, 2023-cü ildə qlobal pandemiya ilə mübarizə, torpaqları uğrunda müharibə aparmış, antiterror tədbirləri həyata keçirmiş ölkəmizin iqtisadiyyatının kifayət qədər dözümlü olması dövlətimizin başçısı İlham Əliyevin böyük nailiyyətidir.
Tahir Mirkişili nəzərə çatdırıb ki, beynəlxalq təşkilatların proqnozuna əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın 2,5-3,0 faiz arasında, 2024-cü ildə isə 2,1-2,9 faiz arasında olması gözlənilir. 2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21 ABŞ dolları və ya 20,7 faiz azalaraq, 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Proqnozlara görə, qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6,9 faiz, 2024-cü ildə isə 5,8 faiz olacağı gözlənilir. 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1 faiz olacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici 14,5 faizdir.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatında cari ilin yanvar-sentyabr aylarında əlverişli makroiqtisadi meyillər izlənilib, tamamilə qeyri-neft-qaz sahələri hesabına olmaqla iqtisadi artım təmin edilib, inflyasiya tempində zəifləmə müşahidə olunub, tədiyyə balansında profisit izlənilib. Belə ki, cari ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 0,8 faiz, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 3 faiz artıb, neft-qaz Ümumi Daxili Məhsulu isə 1,5 faiz azalıb. Bu dövrdə orta illik inflyasiyanın səviyyəsi 10,9 faiz olub. İlin sonuna bu göstəricinin 9,5 faiz olacağı proqnozlaşdırılır. İl ərzində Mərkəzi Bank tərəfindən uçot dərəcəsi artırılsa da, bu ay ilk dəfə olaraq uçot dərəcəsi aşağı salınıb. Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67,5 milyard dollara çatıb. Bu müddətdə büdcə gəlirləri proqnoza nisbətən 106 faiz icra edilib. Dövlət Neft Fondunun vəsaitlərindən 6,5 milyard manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğin yalnız yarısından istifadə edilib. Büdcə xərcləri proqnozla müqayisədə 105,6 faiz icra edilib, 218 milyon manat kəsir qeydə alınıb.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur. Növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Tahir Mirkişili çıxışında qeyd edib ki, layihədə baza ssenaridə 2024-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2,4 faiz, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4,6 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 71,2 faizə, orta aylıq əməkhaqqının 980 manata çatacağı, orta illik inflyasiyanın 5,3 faiz olacağı, tədiyə balansının, cari əməliyyatlar hesabının və xarici ticarət balansının profisitlə olacağı proqnozlaşdırılır. Növbəti ildə Dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19,8 milyard manatı keçəcəkdir.
Komitə sədri bildirib ki, layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü ilin dövlət büdcəsi gəlirlərindən 282,5 milyon manat çox olaraq, 34 milyard 173 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin 50,2 faizi qeyri-neft sektorunun, 49,8 faizi isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolmalarının 1 058,2 milyon manat artması, neft qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır. Son 5 il ərzində dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat və ya 60 faiz artıb.
O qeyd edib ki, 2024-cü il dövlət büdcəsi xərclərinin 2023-cü ilə nisbətən 138,2 milyon manat artırılaraq, 36 milyard 763 milyon manata çatdırılması məqbul hesab edilir. Dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin 1034,5 milyon manat artırılaraq 15 772,9 milyard manata və ya xərclərin 42,9 faizə çatdırılması dövlətin sosial siyasətinin icra edilməsini lazımi maliyyə resursları ilə təmin edəcək.
Tahir Mirkişili deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulması bu regionun iqtisadi və sosial həyata reinteqrasiyasına mühüm töhfə verəcək. O, müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin təxminən 560 milyon manat artırılmasını ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edib.
Komitə sədri təhsilə ayrılan xərclərin 142,8 milyon manat artırılmasını bu istiqamətdə aparılan islahatların həyata keçirilməsi baxımından müsbət qiymətləndirib. O, keçmiş məcburi köçkün, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil şəxslərin övladları olan tələbələr, döyüş əməliyyatlarında iştirak etdiyinə görə Müharibə veteranı adı almış şəxslər və digər güzəştli kateqoriyaya aid şəxslərin təhsili üçün dövlət büdcəsindən 38 milyon manat vəsait ayrılmasının sosial dəstək baxımından vacib olduğunu deyib.
O, səhiyyə xərcləri çərçivəsində İcbari Tibbi Sığorta büdcədən kənar fonduna dövlət büdcəsindən köçürmənin 112 milyon manat artırılmasını təqdirəlayiq hesab edib.
Bildirilib ki, 2023-cü ilin 1 iyul tarixi vəziyyətinə dövlət borcunun məbləği 16151,0 milyon manat olmaqla, ÜDM-ə nisbəti 14,5 faiz təşkil edib və bu müvafiq nisbətin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədd çərçivəsində olduğunu göstərir.
Qeyd olunub ki, təqdim edilmiş layihədə 2024-cü ildə dövlət büdcəsinin kəsiri 144,3 milyon manat azaldılaraq 2 590 milyon manat, dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti isə 2,2 faiz təşkil edəcək.
Tahir Mirkişili çıxışının sonunda müzakirəyə təqdim edilən 2024-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələri layihələrinin ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstəriciləri nəzərə alınmaqla hazırlandığını, dövlətin əsas funksiyalarının yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələr üzrə müvafiq maliyyə təminatı yaradacağını bildirib.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, müasir sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə həyata keçirir. 2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib. Cari ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir. Bu vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələr tamamlanaraq istifadəyə verilib, irimiqyaslı layihələrin əsası qoyulub. “Böyük Qayıdış” Proqramı çərçivəsində Zəngilan, Laçın, Füzuliyə vətəndaşların qayıdışına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli prioritetlərdən biri olacaq.
Nazir qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet olaraq qəbul edilib.
Samir Şərifov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsula nisbətdə 31,1 faiz, 2023-cü illə müqayisədə 0,5 faiz bənd çox, gəlirləri 28,9 faiz, 2023-cü illə müqayisədə 0,6 faiz bənd çox, kəsiri isə 2,2 faiz, 2023-cü illə müqayisədə 0,1 faiz bənd az təşkil edəcək.
Qeyd olunub ki, cari ilin iyununda yenidənbaxılma ilə 3,4 milyard manat məbləğində və ya 10,2 faiz artırılmış 2023-cü ilin dövlət büdcəsinin xərcləri ilə müqayisədə növbəti ilin dövlət büdcəsinin xərcləri 0,4 faiz artımla proqnozlaşdırılsa da, 2020-ci illə müqayisədə 2024-cü il dövlət büdcəsinin xərcləri 10 milyard 347 milyon manat və ya 40 faiz artıb. Növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51 faizdən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Buna uyğun olaraq, 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 faizi və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1 faizi və ya 1 milyard 509 milyon manat vəsait yönəldiləcək.
Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub.
Qeyd edilib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. Xərclərin 24,5 faizi və ya 9 milyard manatı, sosialyonümlü xərclərin isə 57 faizi əməyin ödənişi xərclərinin payına düşür. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün 4 milyard 542 milyon manat, sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 631 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 355 milyon manat vəsait nəzərdə tutulur. Dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 871 milyon manat, bütövlükdə dövlət və icmal büdcələrindən bu sahəyə isə 3 milyard 307 milyon manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 4 milyard 779 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün 1 milyard 110 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bununla yanaşı, sahibkarlığın inkişafına bir sıra maliyyə alətləri vasitəsilə dəstək verilməsi, ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, habelə dövlət borclarına xidmətlə bağlı və digər xərclər üçün dövlət büdcəsi vəsaitlərinin ayrılması nəzərdə tutulub. Həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədilə dövlət büdcəsində müvafiq həcmdə təsisatlar proqnozlaşdırılır.
Bildirilib ki, təqdim edilən layihədə dövlət büdcəsi xərclərinin 93 faizinin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Nəzərə çatdırılıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri bərabər səviyyədə neft və qeyri-neft sektorlarından toplanacaq daxilolmalar hesabına təmin olunur. Qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin 58,2 faiz və ya 9 milyard 890 milyon manatını vergi daxilolmaları, 34,7 faiz və ya 5 milyard 9 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,9 faiz və ya 831 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 2,2 faiz və ya 388 milyon manatını digər daxilolmalar təşkil edəcək. Dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 12 milyard 781 milyon manat məbləğində transfert nəzərə alınmadan, 4 milyard 384 milyon manat məbləğində proqnozlaşdırılır.
Maliyyə naziri nəzərə çatdırıb ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. O qeyd edib ki, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
O bildirib ki, cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft/qaz sektorunda iqtisadi artımın 3 faiz təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir göstərmişdir. Belə ki, qeyri-neft/qaz sənayesi 6,3 faiz, tikinti sektoru 12,5 faiz, informasiya və rabitə sektoru 14,7 faiz, turizm sektoru 26 faiz, kənd təsərrüfatı 3 faiz, ticarət sektoru isə 3,3 faiz artmışdır. Əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21 faizi, o cümlədən qeyri-neft-qaz sektorunda 23 faizi ötməsi iqtisadi artıma və məşğulluğa müsbət təsir etmişdir ki, burada da işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən investisiyalar mühüm amillərdən biridir.
Nazir diqqətə çatdırıb ki, neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29 milyard ABŞ dollarını ötmüş, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub. Qeyri-neft/qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 milyardABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin 9 ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23 faizə çatıb. Həmçinin hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri sayəsində inflyasiya tədricən yavaşlamış, nəticədə, 2023-cü ilin 9 ayında inflyasiya 10,9 faiz olub.
Nazir bildirib ki, iqtisadi artımın davam etməsi və şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 milyard manat vergi daxilolmaları təmin edilib, proqnozdan əlavə 1,1 milyard manata yaxın vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 8,4 milyard manat vergi daxilolmaları (proqnozdan əlavə 550 milyon manat) təmin edilib, sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19 faizdən çox artıb. Cari ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisi 59,5 faiz təşkil edib.
Sosial sığorta yığımları üzrə də yüksək artım dinamikasının müşahidə olunduğunu deyən Mikayıl Cabbarov cari ilin 10 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmaların ötən ilin eyni dövrü ilə müqayisədə 14 faizdən çox artaraq 4,2 milyard manat təşkil etdiyini diqqətə çatdırıb. İşsizlikdən sığorta üzrə daxilolmalar 149 milyon manat təşkil edib, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizədək artıb. Prezidentin təşəbbüsünə uyğun olaraq, əmək bazarının leqallaşdırılması məqsədilə əməkhaqqı üzrə islahatların uğurla həyata keçirildiyini vurğulayan nazir, əmək bazarında müşahidə olunan müsbət tendensiyalarla bağlı göstəriciləri diqqətə çatdırıb.
Mikayıl Cabbarov cari ildə ölkə iqtisadiyyatında həyata keçirilən bəzi struktur islahatları və onların nəticələri barədə də qısa məlumat verib. O bildirib ki, özəlləşdirmədən dövlət büdcəsinə 104 milyon manata yaxın vəsait daxil olub və 10 aylıq proqnoz 116 faizdən çox icra edilib. Nazir, həmçinin ölkə Prezidentinin tapşırıqlarına əsasən, iri dövlət müəssisəsinin restrukturizasiyası və sağlamlaşdırılması, ölkədə azad və sağlam rəqabətin, bazar subyektlərinin hüquqlarının təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması kimi istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İnvestisiya təşviqi mexanizmlərindən söz açan nazir bu istiqamətdə əsas vəzifənin iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqinin təmin edilməsi olduğunu söyləyib. Qarşıda duran digər mühüm vəzifənin dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların səmərəliliyini artırmaq və dövlət büdcəsinə dividend ödənişi ənənəsini aşılamaq olduğunu deyən Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Holdinqinə daxil olan 12 portfel şirkətindən artıq 8-nin dividend ödəməyə başladığını və həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyinin 15 milyard manatı keçdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasəti aktualdır və 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə dividend ödənişi nəzərdə tutulub.
Sahibkarlığa dəstək tədbirləri ilə bağlı nazir qeyd edib ki, cari ilin 10 ayında sahibkarların ümumi dəyəri 294 milyon manatdan çox 2,4 mindən artıq layihəsinə 127 milyon manatadək güzəştli kredit verilib. Həmçinin cari ildə yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib.
Cari ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasından danışan nazir bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublika üzrə vergi daxilolmalarının 32 faizdən çox artdığını bildirib. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərdə istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərindən söz açaraq, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün yaradılan sənaye parkları və görülən digər işlər barədə danışıb.
Mikayıl Cabbarov bildirib ki, 2024-cü il və orta müddətli dövr üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makro-iqtisadi proqnozlar 3 ssenaridə - baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq, büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilib.
Ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir ki, bu da neft hasilatında əsas xüsusi çəkiyə malik AÇG yatağı üzrə hasilatın azalma fazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı və proqnozlaşdırılan dövrdə 36 milyard m3-dən yüksək olacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7 faiz, 2024-2027-ci illərdə isə orta illik hesabla 1,8 faiz azalacağı proqnozlaşdırılır.
Baza ssenaridə ÜDM-in 2024-cü ildə 2,4 faiz, 2024-2027-ci illərdə isə orta illik hesabla 2,9 faiz, qeyri-neft-qaz ÜDM-nin növbəti ildə 4,6 faiz, 2024-2027-ci illərdə isə orta illik hesabla 4,8 faiz artacağı proqnozlaşdırılır. Təqdim olunan baza proqnozlarına əsasən, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2027-ci ildə 78 faizi ötəcəkdir. Dünya ərzaq bazarlarında qiymətlərin nisbətən aşağı düşəcəyi proqnozları və digər amillər nəzərə alınmaqla, orta illik inflyasiyanın cari ildə 9,5 faiz, 2024-cü ildə 5,3 faiz, 2025-2027-ci illərdə isə 4-5 faiz intervalında olacağı proqnozlaşdırılır.
Neft-qaz sektorunda proqnozlaşdırılan hasilat və neft qiymətləri nəzərə alınmaqla, tədiyə balansının cari hesab profisitinin ÜDM-ə nisbətinin 2024-cü ildə 6,2 faiz, 2025-2027-ci illərdə isə orta hesabla 3 faizdən bir qədər yuxarı olacağı proqnozlaşdırılıb.
Sonra iclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək, ölkəmizdə iqtisadi artımla bağlı proqnozları nəzərə çatdırıb. O qeyd edib ki, iqtisadi artımın 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,2 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda ÜDM üzrə artımın 2023-cü ildə 2,8 faiz, 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə 5,1 faiz olacağı gözlənilir. Növbəti ildə cari əməliyyat balansı 8,5 milyard ABŞ dolları, 2025-ci ildə isə 7 milyard ABŞ dolları təşkil edəcək. Oktyabrın sonuna valyuta ehtiyatları 66 milyard ABŞ dollar səviyyəsinə qalxıb, bu isə 13,4 faiz artım təşkil edir. Mərkəzi Bankın ehtiyatları 16,8 faiz artaraq, 10,5 milyard ABŞ dolları təşkil edib.
Taleh Kazımov 25 aylıq fasilədən sonra illik inflyasiyanın 5,1 faizə endiyini söyləyib, inflyasiyaya həm xarici, həm də daxil amillərin təsiri barədə danışıb.
Pul siyasəti ilə bağlı qeyd edilib ki, hesabat dövründə Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində inflyasiyanı məhdudlaşdırmağa çalışıb, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər görülüb. Tətbiq olunan yeni pul siyasətinə görə sterilizasiya portfelinin həcminin artaraq 6,4 milyard manata çatdığı, ilk dəfə olaraq banklararası bazarın yarandığı bildirilib. Qeyd olunub ki, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunun stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəlib. Sahibkarların maliyyə çıxışının genişləndirilməsi diqqətdə saxlanılıb.
Bank sektoruna və manata inamın artdığını deyən Taleh Kazımov, cari ilin 9 ayı ərzində milli valyutada əhalinin əmanətlərinin 15,6 faiz və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil etdiyini söyləyib.
Sonra Mərkəzi Bankın sədri 2024-cü ilin pul siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, növbəti ildə pul siyasəti inflyasiyanın müəyyən edilmiş dəhliz daxilində formalaşmasına yönələcək, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcək. Mərkəzi Bankın proqnozlarına əsasən, 2023-cü ilin illik inflyasiyasının 4,3 faizdən aşağı olacağı, 2024-cü ildə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə isə 3,4 faiz olacağı proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ildə pul siyasəti və likvidliyin idarə olunması çərçivəsinin təkmilləşdirilməsi, banklararası pul bazarının inkişaf etdirilməsi, qısamüddətli faizlərin orta və uzunmüddətli faizlərə təsirlərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi planlaşdırılır.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və bu qanunla birgə təqdim edilmiş sənədlərə Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.
Palatanın sədri rəyin hazırlanmasında istifadə olunan məlumat mənbələrini, riayət edilən tələbləri və standartları diqqətə çatdırıb. Qeyd edib ki, proqnoz maliyyə məlumatlarının yoxlanması zamanı 3 istiqamətə dair yetərli sübutların toplanmasına çalışılıb. Çıxışında bu istiqamətlər üzrə bəzi məqamlara toxunan Vüqar Gülməmmədov proqnoz maliyyə məlumatlarının əsasını təşkil edən fərziyyələrin əsaslı olması ilə bağlı qeyd edib ki, aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir.
Proqnoz maliyyə məlumatlarının adekvat şəkildə açıqlanması ilə bağlı palata sədri bildirib ki, qanun layihəsində gəlir və xərclərin ümumi məbləği, mənbələri və istiqamətləri, eləcə də onların müxtəlif təsnifləşdirmə meyarları əsasında bölgüsü, həmçinin kəsir və borclanmaya dair parametrlər əks olunub. Bu da “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsindəki əsas göstəriciləri tam əhatə edir. Eyni zamanda, 2024-cü il üçün dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərdə bir sıra yeniliklər tətbiq olunub, keyfiyyətin artırılması istiqamətində addımlar atılıb, ilk dəfə olaraq, məqsədli proqram və tədbirlərə dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Palata sədri proqramlar üzrə xərclərin büdcələşməsi meyarlarına dair metodoloji bazanın təkmilləşdirilməsi və büdcənin bəzi maddələri üzrə dəqiqləşdirilmələrin aparılması ilə bağlı Hesablama Palatasının mövqeyini diqqətə çatdırıb.
Büdcə layihəsinin büdcə qaydasına uyğunluğundan danışan palata sədri qeyd edib ki, büdcə siyasətinin həyata keçirilməsi üçün makrofiskal çərçivəni xarakterizə edən büdcə qaydasının hər iki hədəfi 2024-cü ilin proqnozlarında gözlənilib. Vurğulanıb ki, baza ssenari üzrə proqnoz göstəriciləri dəyişməyəcəyi şəraitdə gəlirlərin icrasında risklərin olmayacağını deməyə əsas verir. 2024-cü ildə dövlət büdcəsinin xərclərinin cari ilə nisbətən demək olar ki, dəyişməyəcəyi proqnozlaşdırılıb.
Büdcə layihəsinin xərc və gəlir parametrləri üzrə qeydləri səsləndirən palata sədri dövlət maliyyəsinin idarəedilməsi üzrə bəzi məqamları və bu istiqamətdə Hesablama Palatasının tövsiyələrini də diqqətə çatdırıb.
Sonra iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ətrafında müzakirələr aparılıb. Deputat Elşən Musayev sənəd barədə fikirlərini səsləndirib.
Sonra iclasda fasilə elan edilib.
Fasilədən sonra iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin birinci oxunuşu davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov, Səməd Seyidov, deputatlar Əli Məsimli, Fatma Yıldırım, Elşad Mirbəşiroğlu, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Müşfiq Məmmədli, Kamran Bayramov, Fazil Mustafa, Azər Badamov, Elman Nəsirov, Şahin İsmayılov, Sahib Alıyev, Səttar Möhbalıyev, Ceyhun Məmmədov və Fəzail Ağamalı çıxış ediblər. Deputatlar gələn ilin dövlət büdcəsini tariximizin ən şərəfli dövründə hazırlanmış büdcə kimi xarakterizə edərək sənədin Azərbaycan reallıqlarına, qarşıya qoyulmuş hədəflərə, müasir çağırışlara uyğun olduğunu vurğulayıblar. Onlar müzakirə edilən büdcə layihəsinin parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri, büdcə vəsaitlərinin icrasında şəffaflığın artırılması, istehsal sahələrinin, iş yerlərinin açılması, regionların iqtisadi inkişafı, bölgələrin iqtisadi tərəqqisi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 14-də davam etdiriləcək.
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər
Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!