24 May 2022 01:56
787
Səhiyyə
A- A+

Meymunçiçəyi qlobal təşvişə səbəb olub

 

ÜST yay mövsümündə xəstəliyin yayılma təhlükəsi barədə xəbərdarlıq edib

 

Bu il ilk dəfə mayın 7-də İngiltərədə aşkarlanan Qərbi və Mərkəzi Afrika mənşəli meymunçiçəyi virusu hər ötən gün yayılma sayını və arealını artıraraq dünyada böyük təşvişə səbəb olub. Koronavirus pandemiyasının hələ bitmədiyi bir vaxtda bu virus səbəbilə yeni pandemiyanın başlayacağı ehtimalı hər kəsdə panika yaradıb. ABŞ, Kanada və Avropa ölkələri başda olmaqla hələlik 14 ölkədə aşkarlanan meymunçiçəyi xəstəliyi ilə bağlı həyəcanlı açıqlamalar bir-birinin ardınca gəlir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, qarşıdan gələn yay mövsümündə  meymunçiçəyi xəstəliyinin yayılma təhlükəsi var. Eyni zamanda ÜST-ün Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin meymunçiçəyi virusunun yayılmasını artıracağından ehtiyat etdiyini ifadə edib.

 

Təcrid qərarı verən ilk ölkə Belçika oldu

 

Belçika sözügedən virusa yoluxmuş şəxsləri təcrid edən ilk ölkədir. Bu ölkədə yoluxmuş şəxslərin təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edir. Yoluxmuş şəxslər onlarda xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə buraxılır. Xatırladaq ki, ötən həftə Belçikanın Antverpen şəhərində keçirilən "Darklands" adlı festivalın iştirakçılarından 3-ündə meymunçiçəyi aşkar edilib.

Britaniyanın Sanitar Təhlükəsizlik Agentliyinin nümayəndəsi Syuzan Hopkins yerli mediaya müsahibəsində bildirib ki, Birləşmiş Krallıqda hər gün meymunçiçəyinə yeni yoluxma aşkar edilir. O, xəstəliyin Afrikadan gələnlərlə təmasda olanlar arasında yayılması iddiasını təkzib edib.

Hələlik virusa ən son yoluxma halları İsveçrə və İsraildə qeydə alınıb. Lakin bununla bağlı statistika və rast gəlinən ölkələr artan rəqəmlərlə dəyişir.

 

Virusa ilk dəfə Konqoda rast gəlinib

 

İlk dəfə 1958-ci ildə meymunlarda aşkar edilən virus insanlar arasında 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Qısa müddətdə 11 Afrika ölkəsinə yayılan virus bundan sonra 2003-cü ildə Afrikadan kənarda - ABŞ-da yayılıb. 2018-ci ildə Böyük Britaniya və İsrail, 2019-cu ildə Sinqapur və 2021-ci ildə ABŞ-da Afrikaya səyahət edən bəzi insanlarda meymunçiçəyi virusuna rast gəlinib.

Afrikada təsirli olan virus 2017-ci ildə Nigeriyada böyük epidemiyaya səbəb olub, ölkədə 200 adama yoluxub və onlardan 3 faizi virus səbəbindən ölüb.

 

Azərbaycanda vəziyyət necədir

 

Bəs dünyanın dörd bir yanında təşvişə səbəb olan meymunçiçəyi xəstəliyinin Azərbaycanda yayılma təhlükəsi varmı?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova bildirir ki, hazırda ölkəmizdə bu virusa rast gəlinməyib. Olmaması üçün də bütün tədbirlər həyata keçirilir.

İnfeksionist deyir ki, Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma hallarına rast gəlinməsi vətəndaşlarımızı da təşvişə salır. Meymunçiçəyi xəstəliyi bir virusdur və suçiçəyi xəstəliyinə çox bənzəyir. Bu xəstəliyə adətən Qərbi Avropa ölkələrində meşəətrafı yaşayış məntəqələrində daha çox rast gəlinir. İki ştamı mövcuddur - Qərbi Afrika və Mərkəzi Afrika.

 

Vətəndaşlar bu kimi hallarla rastlaşsalar, mütləq həkimə müraciət etməlidirlər

 

Virusun simptomlarının qızdırma, başağrısı, şişkinlik, belağrısı, zəiflik, əzələdə ağrılar kimi özünü büruzə verdiyini söyləyən L.Qalimova qızdırma azaldıqdan sonra səpkilərin yarandığını bildirir. Səpkilər öncə üz nahiyəsindən başlayır. Daha sonra bədənin digər nahiyələrində, əksər hallarda isə ovuc və ayaqlarda rast gəlinir. Çox qaşıntılı olur və sonradan səpkilər yaraya çevrilir. Bu yaralar iz buraxa bilər. Ona görə də yaraların qaşınmaması və qoparılmaması tövsiyə olunur: "Xəstəlik adətən yaxın təmasla yayılır. Tənəffüs yolu, selikli qişa və cinsi əlaqə yolu ilə ötürülür. Həmçinin xəstəliyə tutulan meymun, siçovul və dələdən yoluxmaq mümkündür. Adətən bu xəstəlik yüngül formada keçir. Suçiçəyinə çox bənzəyir. Bəzən 2-3 həftə ərzində özü-özünə sağala bilir. Virusun aşkarlandığı ölkələrdə ölüm halı çox az qeydə alınıb.

Vətəndaşlar əgər yuxarıda sadalanan hallarla rastlaşsalar, mütləq həkimə müraciət etsinlər".

 

COVID-dən xeyli fərqlidir

 

Mütəxəssislər hesab edirlər ki, meymunçiçəyi virusunun yoluxduruculuğu çox zəif olduğu üçün böyük narahatlığa ehtiyac yoxdur. Britaniyadakı Nottingham Universitetinin araşdırmasına görə, meymunçiçəyinə yoluxmuş ilk pasiyentin 50-dək təmaslarından yalnız birinin yoluxması infeksiyanın nə qədər zəif olduğunu göstərir. Buna görə də ümummilli epidemiyanın astanasında olduğumuzu düşünmək yanlışdır.

Türkiyəli yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Alpay Azap məlumat verib ki, COVID-dən fərqli olaraq, bu virus asimptomatik olduqda yoluxucu olmur və bu da yayılmanı azaldır. Xəstəliyin simptomları çox xarakterik olduğu üçün diaqnoz qoymaq daha asandır. Yəni konkret insanları təcrid etdikdə cəmiyyətdə sürətlə və nəzərə çarpmayan yayılmanın qarşısını almaq şansı var.

Mütəxəssis onu da bildirib ki, meymunçiçəyi DNT virusudur, COVID-19 kimi, RNT virusu deyil. DNT virusları öz-özünə təmir mexanizminə malik olduğundan, COVID-də olduğu kimi, yeni variantların və peyvənddən yayınmaq üçün yeni variantların ortaya çıxması gözlənilmir. Ona görə meymunçiçəyinin COVID qədər təhlükəli olması mümkün deyil.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video