Ötən il avqustun 8-də reallaşan Vaşinqton görüşündən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib. Onun da qeyd etdiyi kimi, həmin andan etibarən iki ölkə artıq de-fakto sülh şəraitindədir. Hazırda Azərbaycan və Ermənistan arasında ticarət və nəqliyyat əlaqələrinin fəal şəkildə inkişaf etdiyini görürük. Azərbaycandan Ermənistana buğda və enerji göndərilib və bu proses davam edir. Eyni zamanda, nəqliyyat əlaqələrinin inkişafı istiqamətində həm özəl, həm də dövlət investisiyaları hesabına işlər həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza səsləndirib.
“Mən şəxsən Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində güclü və davamlı marağının olduğunu görürəm. Ümid edirəm ki, bu proses nəticə etibarilə Ermənistan Konstitusiyasına Prezident İlham Əliyevin tələb etdiyi dəyişikliklərin edilməsinə qədər irəliləyəcək”, - deyə o bildirib.
M.Brayza fikirlərinə belə davam edib: “Bildiyimiz kimi, sülh Sazişi layihəsinin mətni 2025-ci ilin martında yekunlaşdırılıb. Ötən il Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri həmin sazişi parafladılar. Lakin Prezident İlham Əliyev bildirib ki, o, həmin Sazişi yalnız Ermənistan öz Konstitusiyasına dəyişiklik etdikdən sonra imzalayacaq və bununla da Saziş yekun hüquqi rəsmiyyət qazanacaq. Söhbət Ermənistan Konstitusiyasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi ilə bağlı hər hansı qeyri-müəyyənliyin aradan qaldırılmasından gedir. Baş nazir Paşinyan da dəfələrlə bəyan edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərinə hücum və işğaldan əvvəl mövcud olmuş sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edir. Lakin Ermənistanda və ya hər hansı digər ölkədə Konstitusiyaya belə bir dəyişikliyin qəbul edilməsi olduqca mürəkkəb prosesdir. Bunun üçün ümumxalq referendumu keçirilməlidir. Referendum prosesinin başlanması üçün isə Ermənistan parlamentində üçdə iki səs çoxluğu tələb olunur. Baş nazir Paşinyan və onun siyasi qrupu iyun ayında keçirilən parlament seçkilərində yenidən qalib gəlsə də, üçdə iki səs çoxluğu əldə edə bilmədi. Bu səbəbdən Baş nazir Paşinyanın Azərbaycanın tələb etdiyi Konstitusiya dəyişikliyini həyata keçirməsi siyasi baxımdan olduqca mürəkkəb məsələdir. Bu, mümkündür, lakin çox çətindir. Mən hesab edirəm ki, hazırda əsas məqsəd Azərbaycan və Ermənistan arasında mövcud olan sülhü mümkün qədər möhkəmləndirmək olmalıdır. Bunun üçün iki ölkə arasında artıq mövcud olan ticarət və nəqliyyat əlaqələrini daha da inkişaf etdirmək, bu istiqamətdə həm hökumətlərin, həm də özəl sektorun investisiyalarını artırmaq vacibdir”.