Aliment ödənişi valideynin övladı qarşısında həm də mənəvi öhdəliyidir
Artıq bəzi Avropa ölkələrində gənc ailələr boşanma zamanı aliment ödənişi tələb etmirlər. Bunu keçmişin qalığı saydıqları üçün boşanma zamanı məhkəmədə belə iddia qaldırmırlar. Yalnız yaşı daha çox olanlar məhkəmədə alimentin ödənişini tələb edir və bunu ədalət tərəzisinin tarazlaşdırılması kimi qəbul edirlər.
Aliment ödənişi ilə bağlı düşüncələrin necə dəyişməsindən asılı olmayaraq, bütün dünyada məhkəmə qərarı ilə müəyyən edilmiş aliment ödənişinin dayandırılması və ondan imtina məhkəməyə hörmətsizlik kimi qəbul edilir. Bu hala yol verən şəxslərə qarşı mülki və ya cinayət ittihamları irəli sürülür.
Azərbaycanda da alimentə evdar, övladlarını böyütmək üçün karyeralarına fasilə verən və aztəminatlı qadınların ehtiyacı daha çox olur. Bu ehiyacların qarşılanması, aliment ödənişində yaranan problemlərin həlli məqsədilə artıq bir çox ölkələr işlək mexanizmlər hazırlayaraq onu səmərəli formada tətbiq edirlər. Azərbaycanda da aliment ödənişi sahəsində çoxsaylı çətinliklərin ortaya çıxması bu sahə üzrə yeni mexanizmin tətbiqini zəruri edir.
Çıxış yollarından biri Aliment Fondunun yaradılmasıdır
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirir ki, alimentin borclu tərəfindən ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yubadılması halları indi çoxalıb. Aliment borcunun ödənilməsindəki çətinliklər qeyd edilən bu hallarla yanaşı, borclu tərəfin işləməməsi və yaxud onun gəlirlərinin müəyyən edilməməsi səbəbindən də yaranır: “Aliment verməyə borclu olan valideynin qazancı qeyri-müəyyəndirsə, o zaman məhkəmə sabit məbləği müəyyən edir. Lakin təcrübə də göstərir ki, getdikcə daha çox halda ödənişin təmin edilməsində problemlər müşahidə olunur. Eləcə də boşanmaların sayının artması, himayəsində azyaşlı uşaqlar olan və alimentə təminat vasitəsi kimi ehtiyacı olan evdar, işləməyən qadınların daha çox olduğunu nəzərə alaraq Aliment Fondunun yaradılması (alimentin borcludan sonradan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi) mexanizminin hazırlanıb tətbiq edilməsi zəruridir”.
Səbinə Əliyevanın fikrincə, Aliment Fondunun yaradılması sosial dövlət məfhumunun fəlsəfəsindən irəli gəlir. Bu baxımdan belə fond problemin həlli istiqamətində uğurlu mexanizm kimi qiymətləndirilə bilər. Fondun ya ayrıca, ya da hansısa müvafiq dövlət qurumunun tabeliyində fəaliyyət göstərməsi mümkündür. Xarici ölkələrin təcrübəsində, məsələn, Latviyada Uşaqların təminatı ilə bağlı vəsaitlərə dair Zəmanət Fondu, Böyük Britaniyada Uşaqların təminatı ilə bağlı Agentlik, İsraildə Milli Sığorta Xidməti, İspaniya və Bəhreyndə Alimentlərin Tutulması üzrə Zəmanət Fondu, Polşada Dövlət Aliment Fondu, Niderlandda Aliment üzrə Federal Büro, İsveçdə Dövlət Sığorta Agentliyi, ABŞ-da Aliment Orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri, Kanadada Aliment Orderlərinin İcra Agentliyi, Avstraliyada Uşaqlara Dəstək Agentliyi fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə həmin fondlar müxtəlif səlahiyyətlərə malikdirlər və geniş funksiyaları var.
Səbinə Əliyevanın fikrincə, Böyük Britaniya və İsraildə fondun əsas məqsədi aliment ödəməkdən yayınan şəxslərin axtarışı və ödənişlərin tutulmasıdır. Bir sıra ölkələrdə (Litva, Latviya, İspaniya, Bəhreyn, Polşa, Fransa) valideynlərdən hər hansı biri öz öhdəliklərini icra etməkdən imtina edərsə, həmin fond bu öhdəliyin icrasını öz üzərinə götürür: “2007-ci ildə İspaniyada Maliyyə Nazirliyinə tabe olan xüsusi fond yaradılıb. Bu ölkədə aliment ödəmək öhdəliyi olan hər kəs fondun köməyi üçün müraciət edə bilməz. Bunun üçün şəxsin dövlətin müəyyən etdiyi məbləğdən daha az gəliri olmalıdır. Bu köməyə iddia edən şəxs qanunvericiliyin müəyyən etdiyi sənədlərlə xüsusi proseduru keçməlidir. Ödənişlər 18 ay müddətinə ödənilir və ödəniş qabiliyyətini bərpa edən şəxs daha sonra özü bu dəstəkdən faydalanaraq ödənişi davam etdirir. Bununla da aliment ödəməli olan şəxs öz öhdəliyindən yayına bilmir. Ən əsası isə hər iki valideyn arasındakı münasibətlərdə müəyyən bir tarazlıq yaranır. Valideyndən yaxşı heç kim onların qayğısına qala bilməz. Təklif olunan mexanizmlərdən də görünür ki, uşaqların qayğısını çəkmək vəzifəsi valideynlərdən dövlətə keçmir, bu isə uşaq üçün mənəvi və maddi dəstəyin təmin olunmasına imkan verir”.
Ombudsman əlavə edir ki, Latviyada 2005-ci ildən Uşaq, Ailə və İctimai İnteqrasiya Nazirliyinin tərkibində xüsusi fond fəaliyyət göstərir. Səlahiyyətləri geniş olan bu fond alimentlərin ödənilməsi, qeyri-leqal əmək haqqının ifşası, kredit və lizinq kampaniyalarına sorğularla müraciət etmək hüququna malikdir. Fondun büdcəsi borclulardan tutulan ödənişlər və büdcədən ayrılmalar hesabına formalaşır. Hər il aliment borcu gecikdikcə, dövlət toplanan alimentin 6 faizi məbləğində fonda ödəniş köçürür. Fond həmçinin digər ölkələrin qurumları ilə əlaqələr saxlayır ki, burada da əsas məqsəd borclu xarici ölkəyə köçdükdə ondan borcu tələb etmək mümkün olsun.
Estoniyada Aliment Fondu 2017-ci ildən qüvvəyə minən “Ailəvi kompensasiyalar” haqqında qanunun tələbləri əsasında fəaliyyətə başlayıb. Qazaxıstanda bu təşəbbüs reallaşmasa da, geniş müzakirə edilir. 2019-cu ildə bu təkliflə ölkənin ədliyyə naziri çıxış edib.
Səbinə Əliyeva hesab edir ki, qeyd edilənlər ümumiləşdirilərsə, bu sistemin qurulması üçün əsas üç məqamın olması vacibdir. Birincisi, qanunvericilikdə kompleks yeniliklərin, əlavə və dəyişikliklərin edilməsi zəruridir. İkincisi, struktur islahatlar, məqsədyönlü tədbirlər görülməlidir. Üçüncüsü isə, büdcədən maliyyənin ayrılması, maliyyə dayanıqlılığının təmin edilməsi istiqamətində tədbirlərin icrasıdır. Əgər bu amillərin hamısı kompleks halda reallaşarsa, o zaman belə bir fondun yaradılmasına, müasir və işlək bir mexanizmin tədbiqinə nail ola bilərik.
2021-2030-cu illər üzrə Ailə Strategiyasının layihəsi hazırlanır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu fikirdədir ki, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentin ödənilməməsi aktual problem olaraq qalmaqdadır.
O, deyir ki, borclu olan tərəflər bir çox hallarda aylıq gəlirlərinin aşağı olması səbəbindən aliment ödəyə bilmədiklərini bildirirlər. Bəzi hallarda isə yenidən nikaha daxil olduqları üçün xərclərinin artmasını əsas gətirirlər. Ancaq komitəyə daxil olan müraciətlər əsasında aliment borcunun qəsdən ödənilməməsi halları da aşkarlanır. Bu halda aidiyyəti quruma məlumat verilir.
Komitə rəsmisinin qənaətincə, “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə əsasən, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Alimentin ödənilməsi ilə bağlı fasilələr olduqda uşaqların maddi təminatlarının davamlılığı pozulur ki, bu da birbaşa uşaq hüquqlarının pozulmasıdır.
Aynur Sofiyeva əlavə edir ki, Azərbaycan qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. 2011-ci ildə bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var: “Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının 2021-2030-cu illər üzrə Ailə Strategiyası”nın layihəsi hazırlanır ki, həmin layihədə alimentin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur”.
İşsiz borclularla bağlı icraatda problemlər yaranır
Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyir ki, hazırda məhkəmələrin icraatında olan işlərin əhəmiyyətli hissəsi məhz ailə münasibətlərindən yaranmış mübahisələrdir. Belə ki, ər-arvad arasında olan nikahın pozulması, yaxud nikahdankənar uşaqların dünyaya gəlməsi və onların yetkinlik yaşına çatanadək maddi ehtiyaclarının qarşılanması məqsədilə aliment tələbinə dair mübahisələr yaranır: “Yetkinlik yaşına çatmayan birgə nikahdan dünyaya gəlmiş uşaqlar hansı valideynin himayəsinə verilirsə, o valideynin aliment tələb etmək hüququ yaranır. Aliment sabit pul məbləği və əməkhaqqının, qazancın hansısa bir hissəsi olaraq müəyyən edilir. Belə ki, əgər aliment ödəməli olan valideynin daimi iş yeri, gəliri varsa, bu zaman uşaqların sayından asılı olaraq, alimentin miqdarı əməkhaqqının müəyyən bir hissəsi ilə hesablanır. Məhkəmə valideyndən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə-bir hissəsi, iki uşağa görə qazancın üçdəbir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur. Bu məbləğ azaldıla və artırıla bilər: “Məhkəmə qətnaməsində də bu məsələlər öz əksini tapır. Aylıq gəliri olan borclular barədə adətən mübahisə tez həllini tapır. Çünki alimenti ödətdirmək icra məmuru üçün problemə çevrilmir. Borclu iş yerinə malik olmadıqda alimentin miqdarı sabit pul məbləği ilə müəyyən olunur. Lakin bu cür borcların təminatı olmadığından, eyni zamanda bu kimi hallarda borclu xarici ölkədə olarsa, ödənişlərdə uzunmüddətli gecikmələr, problemlər yarana bilər. Təbii ki, borclunun ölkədə olmaması onu öhdəliklərdən azad etmir. Lakin icra sənədinin icrasında xeyli problemlər yaranmış olur”.
Vəkil qeyd edir ki, aliment öhdəlikləri məhz uşaqların maddi ehtiyaclarının ödənilməsinə yönəldildiyindən onun vaxtlı-vaxtında verilməsi vacib hüquqi əhəmiyyət daşıyır. Çünki hər bir nikahı pozulmuş ailədə uşağın gündəlik və aylıq maddi tələbatları var və bu tələbatların mütəmadi olaraq, nəzərdə tutulmuş qaydada ödənilməsi vacibdir. Lakin borclu bəzən işsiz, əlil, ölkədə olmaması və ya digər səbəblərdən bu ödənişləri edə bilmir. Belə olan təqdirdə uşağın maraq və mənafeyinə ciddi xələl gəlir.
Vəkillər Kollegiyasının üzvü hesab edir ki, uşaqlar dövlətin sosial siyasətinin bir hissəsi olduğundan alimentin vaxtında dövlət tərəfindən ödənilməsi və daha sonra valideyndən bu ödənişlərin alınaraq dövlət fonduna qaytarılması istiqamətində mexanizmlər hazırlana və tətbiq edilə bilər.
Müsbət təcrübələrdən faydalanmaq lazımdır
Azərbaycanda Aliment Fondunun yaradılması təklifinə münasibət bildirən vəkil hesab edir ki, belə bir addım aliment ödənişləri ilə əlaqədar müəyyən riskləri də artıra bilər. Çünki borclu valideyn övladının maddi təminatının dövlət tərəfindən həyata keçirildiyini biləndə onun məsuliyyət hissi mütləq azalacaq. Həmçinin bəzi valideynlər də süni görüntü olaraq boşanmaqla bu imtiyazdan istifadə etməyə çalışa bilər: “Lakin hər bir halda Aliment Fondunun ciddi nəzarət mexanizmləri ilə yaradılması vacibdir və arzuolunandır. Sivil ölkələrin bu istiqamətdə müsbət təcrübələri var, həmin təcrübələrdən faydalanmaq vacibdir. Əsas olan isə gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi böyüməsidir”.
Alimentin ödənişinin həyata keçirilməməsi tez-tez rast gəlinən hallardandır. Azərbaycanda boşanma zamanı uşaqlar daha çox ananın himayəsinə verildiyindən alimentin kişilər tərəfindən qadınlara (uşaq kişilərin himayəsində qalarsa, alimenti qadın kişiyə verə bilər ) ödənilməsinə dair məhkəmə qətnamələri verilir. Lakin bu qətnamələr çox hallarda icra edilmədiyindən qadının alimenti illərlə ala bilməməsi halları olur.
Çox zaman aliment ödəmək öhdəliyi olanların məsuliyyətdən yayına bilməsi, məhkəmə qərarlarına etinasız yanaşması belə öhdəliyi olan digər şəxslər üçün də “örnək” olur. Bu kimi halların qarşısının alınması üçün effektiv mexanizmin hazırlanıb tətbiq edilməsi aliment ödənişləri ilə bağlı yaranan problemləri də birdəfəlik həll edə bilər.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”