Azərbaycan tarixində xeyirxahlıq, maarifçilik və milli oyanışdan söz düşəndə ilk növbədə xatırlanan Hacı Zeynalabdin Tağıyev olur. Sadə, zəhmətkeş ailədən çıxaraq böyük sərvət sahibi olan bu görkəmli şəxsiyyət qazandığı milyonları yalnız özü, ailəsi, doğmaları üçün deyil, xalqının gələcəyi naminə sərf etməyi həyat amalına çevirmişdir. Hacının təşəbbüsü ilə məktəblər açılmış, gənclərin təhsilinə şərait yaradılmış, xüsusilə də müsəlman Şərqində ilk qız məktəbinin təsis edilməsi kimi mütərəqqi tarixi addım atılmışdır.
Hacı Zeynalabdin Tağıyevdən bəhs edərkən Bakıya xüsusi gözəllik bəxş edən, Şərq və Qərb memarlığının ən incə cizgilərini özündə birləşdirən binalardan söz salmadan keçmək mümkün deyil. O, şəxsi vəsaiti hesabına bu nadir mülkləri inşa etdirməklə, əslində, öz tarixini yaradıb.
Zeynalabdin Tağıyevin tikdirdiyi gözəl və yaraşıqlı binalar təkcə daş və divardan ibarət memarlıq nümunələri deyil, həm də bir dövrün estetik dünyagörüşünü, milli zövqünü və inkişaf səviyyəsini əks etdirən tarixdir. Tağıyev sarayı kimi möhtəşəm tikililər bu gün də öz əzəmətini qoruyaraq Bakının memarlıq inciləri sırasında xüsusi yer tutur.
Hacının bu sahədəki fəaliyyəti göstərir ki, o, şəhərsalma mədəniyyətinə dərindən bələd olan uzaqgörən bir şəxsiyyət idi. Onun tikdirdiyi binalar Bakını Qafqazın ən gözəl şəhərlərindən birinə çevirməklə yanaşı, bu gün də paytaxtın tarixi-mədəni irsinin ayrılmaz hissəsi kimi yaşayır.
Hacı Zeynalabdin Tağıyevin xidmətlərindən danışarkən qeyd etməliyik ki, bu böyük şəxsiyyət Bakının həyatında əsl dönüş yaradan layihələrin müəllifidir. Onun təşəbbüsü ilə Şollar kəndindən Bakıya bulaq suyunun çəkilməsi həmin dövr üçün şəhərin ən ciddi problemlərindən birini - insanları təmiz içməli su ilə təmin etməsini həll etmişdir. Bu mühüm addım həmçinin müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınmasına, şəhərdə sanitar vəziyyətin yaxşılaşmasına böyük töhfə vermişdir.
Bununla yanaşı, Hacı Bakıda tikiş fabriki tikdirməklə şəhərin yalnız nefti ilə deyil, sənaye məhsulları ilə də tanınmasına zəmin yaratmışdır. Xatırladaq ki, o zaman həmin fabrikdə 500-ə yaxın insan çalışaraq ailəsinə ruzi aparırdı ki, bu da Tağıyevin sosial məsuliyyətinin bariz nümunəsi idi.
Maarifçilik sahəsində isə Z.Tağıyevin xidmətləri xüsusilə diqqətəlayiqdir. O, Azərbaycanın gələcəyini savadlı gənclərdə görərək onların xaricdə və yerli təhsil ocaqlarında təhsil almaları üçün vəsait ayırmışdır. Onun maddi dəstəyi ilə təhsil alanlar sırasında Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli kimi sonradan xalqın taleyində mühüm rol oynayan görkəmli şəxsiyyətlərin adlarını çəkmək olar. Bütün bunlar göstərir ki, Z.Tağıyevin fəaliyyəti yalnız xeyriyyəçilik deyil, bütövlükdə bir millətin gələcəyinə yönəlmiş böyük və uzaqgörən missiya idi.
Uzun illər hökm sürən sovet ideologiyası bu böyük xeyriyyəçinin adını kölgədə saxlamağa çalışmış, onun xidmətlərini layiqincə qiymətləndirməmişdir. Yalnız Sovet İttifaqının süqutundan sonra xalqımız öz tarixi yaddaşına qayıdaraq Hacı Zeynalabdin Tağıyev kimi böyük bir şəxsiyyətin irsinə ehtiramını açıq şəkildə ifadə etməyə başladı.
Bu gün Bakıdakı abidəsi, adının yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına verilməsi, haqqında yazılan əsərlər və səhnələşdirilən tamaşalar bir daha göstərir ki, Tağıyev təkcə bir dövrün yox, bütöv bir xalqın mənəvi sərvətidir. Xalqımızın mənəvi kimliyinə layiqli nümunələrdən olan Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti müxtəlif zamanlarda ədəbiyyatın, incəsənət əsərlərinin əsas mövzularından olub. Bu baxımdan Nəriman Nərimanov özünün "Nadir şah" əsərində dövrün ictimai mühiti fonunda Tağıyevin şəxsiyyətini dolayı yolla da olsa, göstərməyə çalışıb. Müasir dövrdə isə onun həyatına və xeyriyyəçilik fəaliyyətinə həsr olunan publisistik və bədii əsərlər yazılmış, sənədli filmlər çəkilmişdir. Xüsusilə "Hacı Zeynalabdin Tağıyev", "Böyük mesenat" kimi sənədli filmlər bu böyük şəxsiyyətin həyat yolunu geniş auditoriyaya çatdırmışdır.
Məhz belə zəngin irs və tükənməz həyat materialı sənət adamlarını daim düşündürmüş, yeni əsərlərin yaranmasına təkan vermişdir. Bu baxımdan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı "Mesenat" pyesi xüsusi əhəmiyyət daşıyır. Bu əsər əsasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilən eyniadlı tamaşa Hacının həyat və fəaliyyətinə yeni bədii baxış təqdim edərək onun mənəvi böyüklüyünü və xalq qarşısındakı xidmətlərini bir daha tamaşaçının yaddaşına həkk edir. İkihissəli musiqili dram əsərində yalnız baş qəhrəmanın taleyi deyil, həm də onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi mənzərəsi, bolşeviklərin hiyləgər planları fonunda Bakı milyonçularına qarşı törədilən faciələr dərin bədii həllini tapmışdır. Tamaşa bu baxımdan, sadəcə, bioqrafik təqdimat olmaqla yanaşı, bütöv bir epoxanın dramatik salnaməsi kimi çıxış edir.
Mesenat obrazını canlandıran istedadlı aktyor İbrahim Əlizadə səhnədə unudulmaz bir sənət nümunəsi yaratmağa nail olub. Onun ifasında Tağıyev həm tarixi şəxsiyyət, həm də daxili aləmi, mənəvi zənginliyi, ziddiyyətləri və insan duyğuları ilə yaşayan bir obraz kimi canlanır. Aktyorun təsirli səsi, səhnə plastikasındakı dəqiqlik, hər bir detalı incəliklə işləməsi tamaşaçıda dərin emosional təsir yaradır. İbrahim Əlizadə bu rolu ilə sənətkarlığın zirvəsini nümayiş etdirərək obrazı sanki yenidən yaşadır.
Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Ərəblinskaya obrazını canlandıran Türkel Tariqpeyma da səhnədə yüksək peşəkarlıq nümayiş etdirir. Aktrisanın zərif səhnə maneraları, daxili hissləri incə çalarlarla ifadə etmək bacarığı, obrazın emosional yükünü tamaşaçıya ustalıqla ötürməsi onun ifasını xüsusi fərqləndirir. O, Sona xanımın sədaqətini, zərifliyini, eyni zamanda qadın xarakterini peşəkarlıqla və böyük ustalıqla təqdim edərək tamaşanın ən yaddaqalan obrazlarından birini yaratmağa nail olub.
Tamaşada gənc aktrisa İranə Kərimovanın canlandırdığı Sara xanım obrazı da xüsusi koloriti ilə diqqət çəkir. Bu obraz zərifliyi, ümidləri və dövrün çətinlikləri fonunda formalaşan daxili gücü ilə seçilir. Aktrisanın səmimi və təsirli ifası, obrazın psixoloji dərinliyini uğurla açması onun səhnə performansını yaddaşlara həkk edir və gələcək yaradıcılığı üçün böyük ümidlər yaradır.
Tamaşada Azərbaycan neft sənayesinin görkəmli nümayəndələrindən biri olan Ağa Musa Nağıyev obrazı da diqqətçəkən səhnə yaradıcılığından biri kimi yadda qalır. Bu mürəkkəb və çoxşaxəli obrazı canlandıran Əməkdar artist Çingiz Əhmədov yüksək peşəkarlıq nümayiş etdirərək A.Nağıyevin xarakterini bütün incəlikləri ilə açmağa nail olmuşdur. Aktyorun səhnədəki inamlı duruşu, daxili enerjisi və emosional çalarlarla zəngin ifası obrazın həm gücünü, həm də insani tərəflərini ustalıqla təqdim edir. Çingiz Əhmədov Ağa Musa Nağıyevi yalnız tarixi şəxsiyyət kimi deyil, həm də dövrünün ictimai-siyasi burulğanlarında formalaşan canlı bir xarakter kimi tamaşaçıya çatdıraraq tamaşanın ümumi bədii yükünü daha da zənginləşdirir.
Azərbaycan tarixində ziddiyyətli şəxsiyyət və ictimai xadim kimi tanınan Nəriman Nərimanov obrazı da tamaşada diqqətçəkən məqamlardandır. Bu rolu canlandıran Şaban Cəfərov obrazın mürəkkəbliyini, daxili tərəddüdlərini və siyasi reallıqlarla üz-üzə qalan insan taleyini peşəkar səviyyədə təqdim edir.
Tamaşanın uğurlu alınmasında bütün yaradıcı heyətin əməyi xüsusi qeyd olunmalıdır. Quruluşçu rejissor, Prezident mükafatçısı Samir Qulamovun səhnə həlli, hadisələrin ritmik və emosional ardıcıllığını ustalıqla qurması əsərin ümumi təsir gücünü daha da artırır. Quruluşçu dirijor Fəxrəddin Atayevin rəhbərliyi ilə musiqi dramaturgiyası tamaşanın ruhunu tamamlayır, bəstəkar Əli Əliyevin musiqisi isə səhnədə baş verən hadisələrə dərin emosional ruh bəxş edir. Bununla yanaşı, musiqi tərtibatında Yohann (oğul) Ştraus, Salvatore Markezi və Frederik Şopen kimi bəstəkarların əsərlərindən istifadə olunması tamaşanın musiqi palitrasını daha da zənginləşdirir.
Səhnə tərtibatı, dekorasiya, geyim və qrim üzərində çalışan yaradıcı heyətin zəhməti də xüsusi vurğulanmalıdır. Hər bir detal dövrün ruhunu, estetik xüsusiyyətlərini və tarixi koloriti dəqiq əks etdirərək tamaşaçıya bütöv bir mühit təqdim edir.
Beləliklə, "Mesenat" tamaşası böyük tarixi şəxsiyyətin - Hacı Zeynalabdin Tağıyevin həyat fəlsəfəsinin, xeyirxahlıq missiyasının və mənəvi ucalığının bədii təcəssümü kimi yadda qalır. Bu tamaşa həm sənət hadisəsi, həm də milli yaddaşın dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyaraq tamaşaçını düşündürən, duyğulandıran və qürurlandıran sənət nümunəsidir. Tamaşa bir səhnə əsəri kimi xalqın böyük xeyriyyəçisinə olan ehtiramının bədii ifadəsidir. Tamaşaya baxan bir daha əmin olur ki, xeyirxahlıq elə bir əməldir ki, zaman keçsə də, unudulmur. Hacı Zeynalabdin Tağıyev kimi insanlar məhz bu uca dəyərləri ilə yadda qalır və insanlığa xidmət etməyin nümunəsinə çevrilirlər. Elə dünyanı yaşadan da məhz budur - insanın insana olan mərhəməti, sevgisi və bitib-tükənməyən xeyirxahlıq duyğusu.
Elşən QƏNİYEV,
"Azərbaycan"