18 Mart 2022 17:26
429
İQTİSADİYYAT
A- A+
Mərkəzi Bank uçot dərəcəsini artırıb  

Mərkəzi Bank uçot dərəcəsini artırıb  

 

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,25 faiz səviyyəsində müəyyən edilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da, geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırıb. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib. Qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verir. Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir edib. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb. Digər tərəfdən isə enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəldib, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmlənib. Eyni zamanda, cari ilin fevral ayında Hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılıb. Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirib. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.

Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir. Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir, zəruri adekvat tədbirlər görülməkdədir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalıb. Rəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1,1 faiz olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9 faiz artıb. İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6 faiz, xidmətlər üzrə isə 9,3 faiz təşkil edib. İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17,2 faiz) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son 2 ayda 5,2 faiz, son bir ildə isə 20,7 faiz artıb. Son ildə qiymətlər un məmulatları üzrə 14,8 faiz, süd məhsulları üzrə 24,8 faiz, yağlar üzrə 36,8 faiz yüksəlib. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırıb. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.

Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə, sorğuya cəlb edilən ev təsərrüfatlarının 24 faizdən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artıb. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır. Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaradıb. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.

Xarici sektor. Qlobal iqtisadiyyat geosiyası və geoiqtisadi risklərin təzyiqi altındadır. Beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozunu azaltmaq, inflyasiya proqnozunu isə artırmaq istiqamətində təshih edirlər. Bir çox analitik mərkəzlər pandemiyanın və iqlim dəyişikliklərinin neqativ təsirlərinə məruz qalan dünya iqtisadiyyatının geosiyasi gərginliklərin güclü neqativ təsirləri altında staqflyasiya, yəni yüksək inflyasiya və ressesiyanın kombinasiyası ilə üzləşə biləcəyini düşünürlər. Onların fikrincə tarixi rekordları təkrarlayan qiymət artımları, beynəlxalq logistika-təchizat zəncirindəki problemlər, hesablaşmalarda yaranan çətinliklər, qeyri-müəyyənliklərin kəskin artımı qlobal istehsalın azalması və xərclərin artmasını sürətləndirir. Yaranmış vəziyyətdə mərkəzi banklar inflyasiya ilə mübarizə aparmaq və iqtisadi artımı dəstəkləmək kimi çətin dilemma qarşısındadırlar. Qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi şəraitində aparıcı ölkələrin mərkəzi bankları daha təmkinli monetar siyasət həyata keçirəcəyini açıqlayıb.

Ötən iclasdan bəri Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunur. “Brent” markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35 faiz çoxdur. Mart ayında bəzi günlərdə neftin qiyməti 2008-ci ildən bəri pik səviyyəyə qalxıb. Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir. Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcək.

2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0,4 faiz və ya 195 milyon ABŞ dolları artaraq 53,4 milyard ABŞ dollarını üstələyib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 7,2 milyard ABŞ dollarına yaxınlaşıb.

İqtisadi fəallıq. 2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 10,1 faiz artıb. Qeyri-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 19,8 faiz, kənd təsərrüfatında 3,1 faiz, tikintidə 6,5 faiz olub. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz sektorunun ticari sahələrində 14 faiz, qeyri-ticari sahələrində isə 9,2 faiz təşkil edib. Məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5 faiz artıb. İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2,1 faiz) qeyri-neft investisiyalarının artımı 12,1 faiz təşkil edib. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri əsasında hesablanan qabaqlayıcı indikatorlar iqtisadi aktivliyin qorunacağı gözləntilərini əks etdirir. Belə ki, fevralda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satışlar üzrə gözlənti və xidmətdə tələb gözləntisi əvvəlki ayla müqayisədə yüksəlib.

Ötən iclasdan bəri epidemioloji vəziyyətin nisbətən yaxşılaşması və karantin məhdudiyyətlərinin əlavə yumşaldılmasının iqtisadi aktivliyə müsbət təsir edəcəyi gözlənilir. Cari və orta müddətli dövrə iqtisadi artım proqnozunun reallaşmasına geosiyasi böhranın aradan qalxması tezliyi də təsir edəcək.

Monetar şərait. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərir. 2022-ci ilin ötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14 faizə çatıb ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır. Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənib. Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçi¬və və adekvat monetar şəraitin mövcudluğu dayanır. Ötən iclasdan bəri (fevral və mart aylarında) Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələyib. Dövlət büdcəsində mövsümi profisitin yaranması və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində 2022-ci ilin ötən dövründə manatla pul bazası 8,2 faiz azalıb (ilin sonunda sistem əhəmiyyətli bankla müddətli əməliyyat nəzərə alınmadan). Maliyyə bazarının milli valyutada risksiz alətlər bazarı seqmentində də sabitlik müşahidə edilir. Ötən iclasdan keçən müddətdə gəlirlik 5 və 7 illik dövlət qiymətli kağızları üzrə cüzi azalıb, 3 illik kağızlar üzrə isə cüzi artıb. REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi yüksəlmə baş verib.

2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2,8 faiz artıb. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3,8 faiz) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir. Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir.

Risklər balansı. Ötən iclasdan bəri inflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlib. Başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycanda inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır. Profisitli tədiyə balansı ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı və monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam etməkdədir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamı ilə hazırda reallaşmaqda olan antiinflyasiya tədbirləri cari ildə inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcək.

İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar martın 18-dən qüvvəyə minir. Pul siyasəti qərarına dair növbəti açıqlama 2022-ci il aprel ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

BMT-nin nümayəndəsi: Şəhərlər eyni vaxtda bir çox prioritetlə məşğuldur

14:23
22 May

Xocavənd şəhərində daha 17 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:10
22 May

Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib

13:58
22 May

WUF13-ün müzakirələrində ümumilikdə 115 min nəfər iştirak edib

13:48
22 May

Strateji Ekoloji Qiymətləndirmə dayanıqlı şəhər inkişafına töhfə verir

13:44
22 May

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova

13:38
22 May

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

12:56
22 May

Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir

12:49
22 May

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!