15 Aprel 2021 00:40
1293
Mədəniyyət
A- A+

Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı

 

“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub.

Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi.

Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm”.

Bu fikirləri Heydər Əliyev 1995-ci ildə Zərifə Əliyevanın vəfatının 10-cu ildönümündə onun məzarını ziyarət edərkən söyləyib...

 

Sənsiz...

 

Vəfatından sonra nəğməyə döndü, həzin, lirik, düşündürən və kövrəldən nəğməyə:

 

Sən gedəndən bu yerlərdə ətirsiz güllər,

Sənsiz, günəşsiz qaldı günlər.

Getdin, daha da əziz müqəddəs oldun.

Zərif xatirə oldun, uzaq səs oldun...…

 

Bu misralar Fikrət Qocanındır, Sevil Əliyevanın anasının xatirəsinə bəstələdiyi musiqi ilə həmahəng olub... İlk ifaçısı Müslüm Maqomayevi dinləyən Heydər Əliyev Müslümə zəng edib ki, nə yaxşı mahnıdır bu, adamı kövrəldir. Müslüm Maqomayev cavab verib: “Ona görə ki, bu mahnı əziz Zərifə xanımın xatirəsinə həsr edilib”.

 

Ailə mühiti

 

Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyev 1918-ci ildə Sankt-Peterburqda tibb təhsili alırdı. İrəvanda ailəsinin ermənilərin təqiblərinə məruz qaldığını eşidib təhsilini yarımçıq qoyub onları Şahtaxtı kəndinə köçürmək üçün vətənə geri qayıtmağa məcbur olur. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində Əziz Əliyevlə Leyla Abbasovanın ailəsində anadan olur.

Həmin ilin may ayında ailə Bakıya köçür. İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev yarımçıq qoyduğu tibb təhsilini davam etdirir. O, Bakıda universitetin Tibb fakültəsini, sonra isə aspiranturanı bitirir. Qısa zamanda elmlər namizədi olur, sonra isə doktorluq dissertasiyasını müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında komissarın müavini vəzifəsində çalışır.

Əziz Əliyevin Bakıda böyük əhatəsi vardı. Onların evində tez-tez dövrün siyasi, ictimai, mədəniyyət xadimləri yığışardılar. Zərifə xanım Üzeyir bəy Hacıbəyli, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi dostluq mühitində böyüyüb, tərbiyə alır.

 

Atanın yolu ilə...

 

Atası kimi taleyini tibb elminə bağlamağı qərar verən Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunur. Oxuduğu illərdə həm ali məktəbdə, həm də ailədə tibbi dərinliklərinə qədər öyrənməyə çalışır. İstiqamətini düzgün seçmişdi. Tibb onun genetikasında idi. İstənilən peşənin həvəskarı ola, hətta ona yiyələnə də bilərsən, amma yaranışdan daşıyıcısı deyilsənsə, yerində olmayacaqsan.

Zərifə Əliyeva tibbi təhsilində, sonralar tibb elmində ona görə uğurlar qazanırdı ki, bu peşə yaranışında vardı. 1947-ci ildə Zərifə xanım institutu əla qiymətlərlə bitirəndə Azərbaycanda traxoma deyilən göz infeksiya xəstəliyi yayılmışdı. Bu xəstəlik gözü zədələyir, ağır nəticəyə, hətta korluğa səbəb olurdu.

Müalicəsi isə yox idi. Bu bəlaya qarşı yalnız oftalmologiya yox, bütün Azərbaycan səhiyyəsi mübarizəyə qalxmışdı. Zərifə xanım bu sahəni hərtərəfli araşdırır, Azərbaycanın rayonlarını gəzib xəstələri müalicə edir, həkimlərə mühazirələr oxuyur, əhali arasında maarifləndirici iş aparırdı. Lakin ağır xəstəliklə mübarizədə bunlar azlıq edirdi. Xəstəliyi düzgün araşdırıb səbəbini və düzgün müalicəsini tapmaq lazım gəlirdi. Bu, böyük məsuliyyət tələb edirdi, insanları qaranlığa salan traxoma xəstəliyi elmi əsaslarla aradan qaldırılmasa, nəticələr çox ağır olardı.

 

İlk elmi araşdırmalar

 

Bu istəklə Zərifə Əliyeva Moskvaya yollanır. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursu keçdikdən sonra vətənə həkim-oftalmoloq kimi qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olur.

Həm təcrübədə həkim fəaliyyəti ilə məşğul olur, həm də elmi axtarışlarını davam etdirir. Təbii ki, qaranlıqları işıqlandırmaq yollarını tapmaq üçün düşdüyü elmi cığırda ilk mərhələni traxoma infeksiya xəstəliyinin müalicəsinə həsr edir. Onun ilk elmi araşdırmalarının mövzusunu həyat özü yönləndirir. Məqsədi bu xəstəliyin kökünü kəsmək idi, nə qədər çətin və məsuliyyətli olsa da, zərif çiyinlərini bu işin altına vermişdi. Çox keçmir ki, uğur əldə etməyə başlayır. Xəstəliyin ağırlaşdırıcı hallarında qarşısını alacaq dərmanları, vasitələri müəyyənləşdirir. Aşkarladığı üsulla traxomanın ən çox yayıldığı rayonlara gedib ağır xəstələrin müalicəsi ilə şəxsən özü məşğul olurdu.

Bir gün məlumat alır ki, xəstəlik uşaq evlərində çox yayılıb, uşaqlar traxoma xəstəliyinə sürətlə tutulurlar. Buna görə Zərifə xanım uşaq evlərində fəaliyyətə başlayır və uğurlu nəticələr əldə edilir. Özü ilə apardığı həkim qrupu ilə birlikdə kimsəsiz uşaqlarda yayılan infeksiyanın qarşısını ala bilirlər. Bundan sonra o, tədqiqatının uğuruna güvənib 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə edir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və Azərbaycan bu xəstəlikdən xilas olur.

 

Həm də müəllim...

 

Əsl alim hansısa bir uğura imza atırsa, bu o deməkdir ki, kəşf edilməmiş sahələrə baş vurmaq üçün özünə yeni yol açır. Traxomanı məğlub edən Zərifə Əliyeva qlaukoma adlı göz xəstəliyinin tədqiqinə başlayır. Apardığı tədqiqatları mətbuatda dərc etdirməklə həm də o, bu sahədə çalışanların biliklərinin artırılmasına xidmət göstərirdi.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı verir.

1967-ci ildə Zərifə xanım Əliyevanı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edirlər. İnstitut onun atası Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıyırdı. Zərifə xanım atasının uzun illər çalışdığı və indi onun adını daşıyan instituta işləməyə həvəslə razılıq verir. Həkimliyini isə yerə qoymur Zərifə xanım... Həm əməliyyatlara girir, həm də təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparmaqla digər xəstəxanalarda göz şöbələrinin işinə töhfələr verir.

 

İlklərin müəllifi

 

Elmi tədqiqatlar da öz yerində... Dayanmadan araşdırır, ortaya yeni çıxan göz xəstəliklərinin müalicə yollarını axtarırdı.

Bunlar arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. Görmə orqanının patalogiyası kimi elmi cəhətdən az araşdırılmış sahə onun diqqətini çox çəkirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

1968-ci ildən başlayaraq Zərifə xanım görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Əsas diqqətini isə yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə yönləndirdi. Buna görə də tez-tez sənaye müəssisələrində olurdu. Göz üçün zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bu yolla həm onların göz xəstəliklərini müalicə edir, həm də elmi araşdırmasını aparırdı. Klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.

“Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiyanı Zərifə Əliyeva H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib.

Bu iş həmin sahədə ilklərdən biri idi. 1977-ci ildə Zərifə xanım tibb elmləri doktoru elmi dərəcəsini alır. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra həm də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir.

1983-cü ildə isə həmin kafedranın müdiri olur. Ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını təşkil etməyə başlayır. Bunun üçün ona kafedranın bazası imkan vermirdi. Belə ki, elmi tədqiqatlar üçün yaramırdı köhnə baza.

 

Yüksək mükafata layiq olan ilk qadın

 

1977-ci ildə professor Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.

Plenumda professor Zərifə xanımın Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması barədə təşəbbüsü bəyənildi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünya oftalmologiya elmi ictimaiyyəti üçün yenilik idi.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, həm də bu mükafata layiq görülən ilk qadın idi.

 

Maraqlı tədqiqatların müəllifi

 

1983-cü ildə Zərifə xanım Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Çünki onun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də var idi. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını asanlaşdırdı. Onların müalicəsini tezləşdirdi. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyiktivləri” məhz bu məsələlərə həsr olunub.

Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparıb. Bu sahədə “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirib.

Gözlərin zədələnməsinin profilaktikası və müalicəsi yollarını da Zərifə xanım açıb. Onun bu araşdırmaları cərrahiyədən sonra gözün müalicəsində əhəmiyyətli dəyişikliklər edib.

Alimin görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuş elmi işləri də var. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların işinə yarayır. Zərifə xanımın həmmüəllif olduğu “Terapevtik oftalmologiya” kitabı indi də oftalmoloqların stolüstü kitabıdır.

Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya xeyli elmi məqalələr həsr edib.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

 

“Yüksək etimad”lı ana və qadın

 

Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi barədə professor N.B.Şulpina və L.F.Moşetova birlikdə “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında geniş bəhs ediblər. Bu kitab oftalmoloqlar üçün təcrübədirsə, həkimləri təkmilləşdirmə kurslarının müəllimləri üçün dərs vəsaitidir.

Yüzlərlə elmi məqalə və əsərlərin müəllifi olan Zərifə xanımın “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə yardımçıdır.

Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisidir, bu sahədə elmi məktəb yaradıb...

Onun elmdə fəaliyyətləri təqdirəlayiqdir və bu gün də əhəmiyyətlidir. İnsan, şəxsiyyət necə olmalıdır mənasında isə Zərifə xanımın öz həyatı və fəaliyyəti nümunədir.

Zərifə Əliyeva ölkəyə uzun illər rəhbərlik edən böyük bir şəxsiyyətin həyat yoldaşı idi...

Onların izdivacı mükəmməl ailənin özülü idi. Ailə qayğısı, ölkəni idarə edən bir kişinin həyat yoldaşı olub onunla birgə addımlamaq özü böyük məsuliyyətdir. Bunun üstünə analıq məsuliyyətini də gələndə Zərifə xanımın necə bir qadın olmasına şərh verməyə ehtiyac qalmır.

Zatən nəticə göz qabağındadır...

Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı İlham Əliyev həm də Zərifə xanımın şah əsəridir...

 

Qəlblərdə əbədi yaşayacaq

 

Akademik Zərifə Əliyeva ictimai işlərdən də geri qalmazdı. Hər vəzifəyə seçilməsi isə onun məsuliyyətini bir az da artırırdı. Keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub... Zərifə xanım səmərəli əməyinə görə bir çox orden və medallara layiq görülüb, ona Azərbaycanın Əməkdar elm xadimi fəxri adı verilib.

Həyatın təzadı ondadır ki, bütün elmi fəaliyyətini insanların sağlamlığı, qaranlıqdan işığa çıxması üçün yönləndirən insan özü amansız xəstəliyə düçar olur. Xərçəng xəstəliyi onun işıqlı həyatına son qoyur. Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada 61 yaşında dünyasını dəyişir.

Bu gün Bakıdakı Fəxri xiyabanda sadiq ömür-gün yoldaşı ilə birlikdə uyuyur. Məzarları hər gün təzə-tər güllərə bülənd olunur...

Vəfatından sonra nəğməyə döndü. Bu nəğmə hər zaman onu sevənlərin, onun şəfalı əlləri ilə dünya işığını görənlərin qəlbində oxunur...

 

Özü əməlləri ilə insanların qəlbində yaşayır…

Ürək tək yaxın oldun, görünməz oldun,

Əl çatmaz, ün yetməz oldun.

Məhəbbətin günəşdən böyük, təmizdir.

Başım üstə yanacaq hər an.

Səndən qalan xatirə mavi dənizdi.

Böyüklüyün səmadan dərin, təmizdir...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video