27 Noyabr 2021 15:15
511
CƏMİYYƏT
A- A+

Mənə deyirdilər ki, müharibə gedir, yaşlı adamsan, sənin orada nə işin var? – Arif babanın evindən REPORTAJ

 

Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılovu rayonda tanımayan yoxdur. Yerli camaat onu Arif baba deyə çağırır. Tez-tez cəbhə bölgəsinə gedərək əsgərlərimizə baş çəkən, onlara mənəvi dəstək olan Arif baba haqqında Vətən müharibəsindən əvvəl – 2020-ci il iyulun 24-də reportaj vermişdik. Şəhid atası olan Arif baba hələ o vaxt demişdi ki, əsgərlərimizdən vətənpərvər övlad kimi qəhrəmanlıq gözləyir. Tale elə gətirdi ki, bir neçə ay sonra Vətən müharibəsi başladı, qəhrəman Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində Qələbə qazandı.

AZƏRTAC-ın müxbiri yenidən Arif babanın qonağı olub, onunla söhbətləşib.

İyul ayındakı görüşdə, müharibədən əvvəl “Ağlayan gözdə intiqam olmaz, şəhidimiz gəlir deyə ağlamayın” deyən Arif baba bu dəfə Azərbaycan əsgərinin 44 gündə qazandığı Qələbədən qürurla danışır.

Səksən yaşlı ağsaqqal deyir ki, Azərbaycanın güclü, qüdrətli və rəşadətli ordusu var. O ordu ki, başında Müzəffər Ali Baş Komandan İlham Əliyev, arxasında Azərbaycan xalqı sipər kimi durub: “İlham Əliyevin bir çağırışı ilə cavanlar müharibəyə könüllü getdi. Harada görünüb 44 gündə qələbə qazanmaq? Düşməni sıyır torpağından çıxart çölə, özü də 44 gündə? Bu, rəhbərdən, bir də xalqın birliyindən asılıdır”.

Babası 1918-ci, atası 1942-ci, oğlu isə 1994-cü ildə şəhid olan Arif baba 24 ildir ki, həyətinin məhsulunu əsgərlərimizə pay aparır. Ürəyi Vətənimizin keşiyində dayanan igidlərimizlə döyünən ağsaqqal deyir ki, qüdrətli ordumuzun onun apardığı məhsullara ehtiyacı olmasa da, o, bu əməli ilə mənəvi rahatlıq tapır: “Əsgərlərimiz, yeməyindən geyiminə, silahından texnikasına qədər hər şeylə təmin edilib. Amma orduya mənəvi dəstək olmaq hər bir azərbaycanlının borcudur. Həyətimdə yetişdirdiyim meyvə-tərəvəz bu günə qədər bazara çıxarılmayıb, heç kimə satılmayıb. Hamısını əsgər balalarıma pay aparmışam, halal xoşları olsun”.

Arif babanın oğlu İsmayıl İsmayılov Kəlbəcərdə şəhidlik zirvəsinə yüksəlib. O, oğlunun yasını saxladıqdan sonra, hər il dəfələrlə müxtəlif hərbi hissələrə gedib, onlarla söhbətləşib, əsgərlərimizə mənəvi dayaq olub. 44 günlük Vətən müharibəsi günlərində də bu dəstəyini əsirgəməyib.

“Mənə deyirdilər ki, müharibə gedir, yaşlı adamsan, sənin orada nə işin var? Deyirdim ki, yaşından asılı olmayaraq hamı əsgərlərimizə mənəvi dayaq durmalıdır”, - deyən Arif baba müharibə dövründə də dəfələrlə hərbçilərimizlə görüşüb, onlara pay aparıb: “Mən bunu onlara mənəvi dayaq olaraq edirəm. Qoy görsünlər ki, xalq əsgərinin arxasındadır, xalq əsgərini sevir”.

Arif babanın həyətindəki armud, heyva və nar ağaclardan dərilərək toplanıb, o, yenə də əsgərlərimizlə görüşə tələsir. İndi daha çox sevinir... Sevinir ki, müvafiq qurumlardan icazə alındıqdan sonra ötən illərdən fərqli olaraq, bu il işğaldan azad edilən ərazilərdə xidmət edən əsgərlərimə ilk dəfə sovqat aparacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video