20 Oktyabr 2022 03:11
1261
Mədəniyyət
A- A+

Məmməd Xələfov ömrünün nümunələri

 

Həyat prinsipi ədalətsizliyə qarşı barışmazlıq, qanunun aliliyi idi

 

Dövrünün ən gözəl müəllimlərindən dərs almaq insana həyatın xoş bir lütfüdür. Bu cəhətdən taleyimə həmişə minnətdaram. Bizim məktəb və universitet illərimizdə müəllimlik nəyisə öyrətməkdən, müəyyən bilikləri ötürməkdən daha böyük məna kəsb edirdi. Bu insanlar öz ömür nümunələri ilə, sözün əsl mənasında, ideal rolunu oynayırdılar və belə mənəvi statusu yüksək məziyyətləri, əxlaqi keyfiyyətləri, ziyalılıqları, prinsipiallıqları ilə qazanmışdılar. Həmin keyfiyyətlər onları insanlığın ən uca zirvəsinə yüksəltmişdi və kənardan baxanda bu insanlar belə bir zirvədə qeyri-adi görünürdülər.    
Biz Vətən sevgisini, həyat prinsiplərinə sadiqliyi, ədalətsizliyə qarşı barışmazlığı, qanunların aliliyinə hörmət ruhunu, özünəhörmət hissini onlardan əxz edərdik. Müəllimlərimizin sözləri əməlləri ilə üst-üstə düşərdi və sözləri kimi əməllərində də səmimilik, yenilikçilik, dünyanı fərqli nəzərlərlə kəşf etmək, quruculuq ehtirası vardı.   

 

Əsl müəllim

 

Belə müəllimlərimizdən biri də professor Məmməd Xələfov idi. Onu tanıyanlar bu insan haqqında yekdil fikirdə idilər: Məmməd müəllim ideal insandır, böyük alimdir, əvəzsiz pedaqoqdur, ictimai xadimdir, əsl vətəndaşdır. Belə düşünənlər arasında akademiklər də vardı, tanınmış insanlar da, tələbələr də, sadə zəhmət adamları da...
Məmməd Xələfov həqiqətən bənzəri olmayan insan idi. Bütün varlığı zahiri görkəmindən mənəvi dünyasına qədər bir-birini o qədər uğurla tamamlayırdı ki, onunla başqa biri arasında müqayisə aparmaq mümkün deyildi. Tanınmış alim, ictimai-siyasi xadim, böyük vətəndaş, millət vəkili kimi ən müxtəlif istiqamətlərə aid çoxşaxəli fəaliyyətləri içində onun bütün əzəməti məhz müəllimliyində üzə çıxırdı. 
O, hər şeydən əvvəl müəllim idi, həyat və şəxsiyyəti ilə bu şərəfli adın tam haqqını verirdi. 

 

Ədalət tərəzisi

 

Məmməd müəllim uzun illər ölkəmizin o dövrlər üçün yeganə olan universitetində hüquqşünas kadrların yetişdirilməsi işi ilə məşğul olmuşdu. O, müəllimlərdən idi ki, adı, şəxsiyyəti ovaxtkı Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin simvollarından birinə çevrilmişdi. Hüquq fakültəsi deyiləndə yada Məmməd Xələfov düşürdü. Bu fakültəni o yaratmamışdı, amma o, Hüquq fakültəsinin keyfiyyətcə formalaşıb irəli getməsində çox böyük rol oynamışdı. Nüvəsində belə bir nəhəng ziyalının olması fakültənin davamlı inkişafını, mənəvi təkamülünü təmin edə bilmişdi. 
Məmməd müəllim çox böyük hüquqşünas, alim-pedaqoq idi. Onun köksündə sanki adi insan ürəyi döyünmürdü, ədalət tərəzisi həyatın mizanını ölçürdü. Söz deyəndə də, elə bil zərgər tərəzisində qızıl çəkirdi. Kiməsə məsləhət verəndə nə qədər dərindən düşündüyünə, fikirlərini yüz ölçüb, bir biçdiyinə özüm şahid olmuşam. Bu baxımdan o, başqaları üçün yaşayan, başqalarının şəxsiyyət kimi yetişməsinə çalışan insan idi. Bütün cəhətləri ilə Məmməd Xələfov ziyalılığın ən ali mərtəbəsinə yüksəlmişdi və onu bu mərtəbəyə qaldıran böyük əməksevərliyi, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlığı, səmimi hiss və duyğuları, nadir bilik və qabiliyyəti idi. Bu keyfiyyətlər Məmməd müəllimin işıqlı, ideal dünyasını səciyyələndirən xüsusiyyətlərdir. O, elmdə elə bir yol açmışdı ki, bu yol heç zaman bitən deyil. Bu yolla irəliləyənlərin, ustadın elmi irsindən faydalananların sayı getdikcə artır.

 

Əbədi tale

 

Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində Qarabağın sayılıb-seçilən ləyaqətli bəylərindən Hacı Süleyman bəyin ailəsində dünyaya gəlmişdi. Əfsus ki, bolşevik repressiyasının qanlı əlləri bu ailəyə də faciə gətirdi. Atası dost-tanışların tövsiyəsinə baxmayaraq, qırmızı terror təhlükəsindən qaçıb başqa ölkələrə sığınmaq istəmədiyindən doğma kənddə qalmağı üstün tutdu. Amma bu ona da, ailəsinə də baha başa gəldi, Hacı Süleyman bəyi qolçomaq adı ilə həbs edib az sonra güllələdilər. Başsız qalan oğulları Məmməd, Kərim və Rəhim Gəncə şəhərində məskunlaşmalı oldular. Gələcəyin böyük müəllimi bu qədim şəhərdə böyüyüb boya-başa çatdı. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi. Amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri - İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində - Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu. 1945-ci ildə - 23 yaşında sənədlərini Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə təqdim edərək tələbə adı qazandı. 
Ağır döyüş yolu, orta məktəbdə hərbi rəhbər kimi topladığı təcrübə, həyat yollarında qazandığı dəmir mətinlik bu gənc tələbənin elmə, təhsilə həssaslığını daha da artırmışdı. Birinci kursdan əlaçı kimi adlı təqaüdlə oxuyurdu. 1950-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyindən aspiranturaya qəbul olunması məqsədəuyğun sayıldı. 1950-1953-cü illərdə ADU-nun Mülki hüquq kafedrasının aspirantı oldu. Beləliklə, elmin çətin, keşməkeşli və bir o qədər də şərəfli yolunda ilk addımlarını atdı. Alimlik-müəllimlik Məmməd Xələfovun dəyişməz taleyinə çevrildi. Zəmanəsinin ən peşəkar hüquqşünaslarından, bu sahənin bilicilərindən biri kimi onu müxtəlif yüksək dövlət vəzifələrinə dəvət etsələr də, bu taleyi heç bir statusa, mənsəbə dəyişmədi. 

 

Hüquq fakültəsinin qızıl dövrü

 

1954-cü ildə o, namizədlik dissertasiyasını  uğurla müdafiə edərək alimlik dərəcəsi alır. 1953-1959-cu illərdə Mülki hüquq kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyir. Məmməd Xələfov o xoşbəxt insanlardan idi ki, XX əsr tariximizin parlaq simaları ilə birlikdə çalışmış, onlarla müntəzəm ünsiyyətdə olmuş, bu şəxsiyyətlərdən görüb-götürmüş, əsl alim, müəllim və ziyalı meyarlarını əxz etmişdi. Məsələn, Məmməd müəllim bir müddət ADU-nun ozamankı rektoru akademik Yusif Məmmədəliyevlə işləmişdir. Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti seçildikdən sonra da Məmməd Xələfov onun dəvəti ilə Akademiyanın Fəlsəfə bölməsində Hüquq şöbəsini qurub-yaratmış və 1959-1962-ci illərdə bu şöbənin müdiri olmuşdu. Həmin illəri hər zaman böyük məmnunluqla, könül xoşluğu ilə xatırlayardı, akademik Yusif Məmmədəliyevlə çalışmağın necə böyük xoşbəxtlik olduğunu dilə gətirər, bu böyük alimin həyatından bəzi maraqlı anları həmsöhbətləri ilə bölüşər, xüsusilə bu ifadəsini yada salmağı sevərdi: "Nuh min il yaşadı, cəmi bir tufan gördü, mən əlli il yaşadım, yüz fəlakətə şahid oldum".
1962-ci ildə Məmməd Xələfov ADU-nun Hüquq fakültəsinin dekanı seçilərək yenidən doğma ocağa qayıdır. O ildən başlayaraq altı dəfə bu vəzifəyə seçilməklə Hüquq fakültəsinin dekanı olur. 1980-ci ilə qədər düz 18 il fakültəyə uğurla rəhbərlik edir. 
Etiraf edək ki, ötən əsrin əvvəllərindən, bir qədər də konkretləşdirsək, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda hüquq elmi və təhsili kifayət qədər problemlərlə üzləşmiş, bu istiqamət tarixin müxtəlif sınaqlarından keçmişdi. Sovet ölkələri partiyanın sənəd və qərarları əsasında idarə olunduğundan Azərbaycanda  dövlət (Konstitusiya) hüququ uzun illər ərzində, daha çox, kağız üzərində idi. Həmin illərdə hüququn yeganə işlək sahələri olan cinayət hüququ və mülki hüquq sahələri inkişaf etmişdi. Digər sahələr geri qalırdı və təbii ki, bu, hüquq təhsilinə, o istiqamətdə elmi araşdırmalara da mənfi təsir göstərirdi. Eyni zamanda Azərbaycan dilində hüquq sahəsi üzrə elmi ədəbiyyatın, dərsliklərin, eləcə də ana dilimizdə mühazirə oxumağa qabil müəllimlərin azlığı inkişafa mənfi təsir göstərirdi. 
Belə bir şəraitdə mahir elm-təhsil təşkilatsıçı kimi Məmməd Xələfov Hüquq fakültəsinin qızıl dövrünün müəllifinə çevrilir. Məhz bu illərdə fakültənin nüfuzu daha da yüksəlir, fəaliyyət dairəsi genişlənir. Müəllim heyəti içərisində mühazirələri ana dilində deyən kadrların sayı əksəriyyət təşkil etməyə başlayır. Onun dövründə Hüquq fakültəsindəki elmlər doktorlarının sayı 8-ə, elmlər namizədlərinin sayı isə 33-ə çatır. Bu müddətdə fakültədə 6 yeni kafedra açılır, beləliklə, ölkəmizdə hüquq təhsili keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur, elmi ixtisaslaşma dərinləşir. 
Yada salaq ki, Məmməd Xələfovun Hüquq fakültəsinə rəhbərliyinin yeddinci ilində burada artıq cinayət prosesi, dövlət və hüquq nəzəriyyəsi və tarixi, kriminalistika, mülki proses və maliyyə hüququ, əmək, ailə və kənd təsərrüfatı hüququ kimi kafedralar yaradılmışdı. Sovet dövrünün bürokratik əngəlləri şəraitində bütün bunlara nail olmaq Məmməd müəllimin əzmkarlığından, ardıcıl fəaliyyətindən, həmçinin şəxsi nüfuzundan xəbər verirdi.   

 

Sanballı əsərlər müəllifi

 

Təşkilati işlərlə yanaşı, o, elmi-pedaqoji fəaliyyəti də diqqətdən kənarda qoymur. 1974-cü ildə Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru, qısa müddətdən sonra professor adı alır. Dekanlıq vəzifəsini başa çatdırdıqdan sonra Məmməd Xələfov 1985-ci ilə qədər Mülki hüquq kafedrasının professoru kimi fəaliyyətini davam etdirir. 1985-ci ildə Mülki prosessual və əmək-ailə hüququ kafedrası yaradıldıqda isə bu kafedranın müdiri seçilib ömrünün sonuna qədər həmin vəzifədə çalışır.  
Professor Məmməd Xələfov ölkəmizdə hüquq elminin inkişafına elmi-tədqiqat əsərləri ilə də zəngin töhfələr vermişdir. Alim 7 monoqrafiya ərsəyə gətirmiş, Azərbaycanda və ölkə hüdudlarından kənarda 100-dən çox elmi məqaləsi çapdan çıxmışdır. Onun "Sovet mülki hüququnun yaranması", "Azərbaycanda mülki qanunvericilik", "Azərbaycanda əmək qanunvericiliyi", "Azərbaycanda torpaq qanunvericiliyi", "Azərbaycanda seçki hüququnun bəzi nəzəri və praktik məsələləri" və digər bu kimi əsərləri indinin özündə də sahənin mütəxəssislərinin müxtəlif məqamlarda tez-tez müraciət etdikləri mötəbər elmi mənbələrdəndir. 
O, müxtəlif hüquqi məsələlərin şərhi üçün ayrı-ayrı dövlət qurumlarının təmsilçilərinin, keçmiş tələbələrinin tez-tez üz tutduqları güman yeri idi. Ömrünün sonuna qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Elmi-Məsləhət Şurasının üzvü olmuşdu. Həmçinin Respublika Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü idi. Ağayanalığı, adilliyi, sözünün, hərəkətlərinin çəkisini bilməsi, ulularımızdan gələn ənənələrə sadiqliyi, insanlara münasibəti ilə ağsaqqallıq ona çox yaraşırdı. 
Yüksək intellektə malik Məmməd müəllimin hüquq elmindən kənar maraqları da zəkasına uyğun idi. O, şahmat oyununu çox sevirdi. Yaxın çevrəsindəki insanlar xatırlayır ki, adi həyatda çox ciddi, zəhmli, ağır, təmkinli bir insan olan Məmməd Xələfov şahmat oyunları zamanı rəsmiyyətdən xeyli uzaqlaşar, incə yumoru, rəqibə özünəməxsus psixoloji təsir üsulları ilə oyunu xoş və yaddaqalan edirdi.  

 

Məsuliyyətli vətəndaş

 

Məmməd Xələfov gözəl ziyalı, böyük müəllim, görkəmli alim, əsl şəxsiyyət olduğu qədər həm də Vətənə bağlı ziyalı idi. O, Azərbaycana, tariximizə, soykökümüzə, alim bəsirəti ilə bələd idi. Unudulmaz müəllimimiz hər zaman belə bir vəzifəni vacib sayırdı ki, bütün mümkün vasitələrlə insanlarımızın hüquqi təfəkkürü inkişaf etdirməlidir. Cəmiyyətimizdə qanunlara, hüququn aliliyinə hörmət ruhu hakim olmalıdır. 
Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayanda, proseslər məcrasından çıxanda Məmməd Xələfovun əsl vətəndaş, ziyalı şəxsiyyəti bütün əzəməti ilə hər kəsə göründü. 
Hadisələr hələ başlayanda proseslərin gələcəyini sanki qabaqcadan duyan Məmməd müəllim "Bu xəmir hələ çox su aparacaq" deyir və vaxt itirmədən xüsusilə hüquqi-tarixi müstəvidə müəyyən işlərin görülməsini vacib sayırdı. O, düşmənin kifayət qədər arxalı olduğunu diqqətə çatdıraraq onların tələblərinin qanunsuzluğunun bütün dünyaya göstərilməsini ilk vəzifələrdən biri kimi önə çəkirdi. Qeyd edirdi ki, təmkini itirmədən, ermənilərin yeni təxribatlarına əsas vermədən onları elmin, tarixin, beynəlxalq hüququn gücü ilə zərərsizləşdirməyə çalışmalıyıq. 
Məmməd Xələfov bunu təkcə demirdi, həm də real işlər görürdü, başqaları üçün də nümunə yaradırdı. Məhz onun rəhbərliyi ilə universitetdə təşkil olunmuş və Hüquq fakültəsinin də müəllimlərindən bir neçəsinin təmsil olunduğu alimlər qrupu "Zəkanın səsi - tarixin dərsi" adlı kitab hazırladı. Bir çox tarixi həqiqətlərə işıq salan kitab Azərbaycan, rus və ingilis dillərində nəşr olunaraq dünyanın bir çox ölkələrinə göndərildi. 
Erməni təxribatçıları və onların havadarları fəallaşdıqca Məmməd Xələfovun masasının üzərində daşnakların ifşasına yönələn tarixi-hüquqi məzmunlu əsərlər, arxiv sənədləri də üst-üstə yığılırdı. Onlar əsasında hazırlanmış məqalələr ayrı-ayrı mətbuat orqanlarında işıq üzü görürdü. Məmməd müəllim bu mövzuda müxtəlif tribunalarda çıxışlar edən, Azərbaycanın haqq səsini çatdıran gənc həmkarlarına da tövsiyələrini əsirgəmirdi. 
1990-cı illərin lap əvvəllərinə doğru görkəmli hüquqşünasın həyatında daha bir tarixi missiya başlandı. O, Azərbaycan Ali Sovetinin üzvü seçildi. Ölkəmiz üçün taleyüklü məqamda parlamentin Qanunvericilik və insan hüquqları komissiyasının sədri oldu. Onda Azərbaycan bir ictimai-iqtisadi formasiyadan tamamilə yenisinə keçid edirdi. Ölkədə idarəçilik sistemi, mülkiyyət forması, hüquqi münasibətlər büsbütün dəyişirdi. Müstəqilliyini elan etməyə hazırlaşan Azərbaycanı hüquq sahəsində çoxşaxəli islahatlar dövrü gözləyirdi. Bir çox yeni qanunların qəbuluna, mövcud qanunvericilik bazasının dövrün ruhuna uyğunlaşdırılmasına böyük ehtiyac vardı. Məmməd müəllim rəhbərlik etdiyi komissiya ilə artıq bu işə başlamışdı və Azərbaycanın yeni inkişaf istiqamətlərinə uyğun qanunvericiliyin formlaşması üçün fədakarlıqla çalışırdı. Onun rəhbərliyi altında qısa müddətdə "Mülkiyyət haqqında", "Əhalinin məşğulluğu haqqında" və digər mühüm qanun layihələri hazırlanaraq qəbul edilmişdi. 

 

Yaddaşlarda yaşayan işıqlı xatirə

 

Əfsuslar olsun ki, əcəl ona bu tarixi missiyanı uzun müddət davam etdirməyə imkan vermədi. Məmməd Xələfov 1992-ci il aprelin 12-də - 70 yaşında, alim, müəllim, hüquqşünas kimi təcrübəsinin ən parlaq vaxtında, ömrün kamillik məqamında bu dünyaya gözlərini əbədi yumdu.  
Professor Məmməd Xələfov kimi ziyalıların ötürdükləri biliklər, irəli sürdükləri elmi ideyalar, gördükləri nəcib işlər tələbələrinin, yetişdirdikləri alimlərin fəaliyyətində davam edir. Məmməd müəllim Azərbaycan elminin, hüquq təhsilinin inkişafına verdiyi xidmətlərə görə bir çox mükafatlarla təltif edilmiş, 1989-cu ildə "Azərbaycanın Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü. İkinci Dünya mühaibəsi iştirakçısı kimi çoxlu orden və medalları vardı. Ən böyük mükafatsa onun yaddaşlarda yaşayan işıqlı xatirəsi olmuşdur.

Alış QASIMOV,
BDU-nun Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video