29 İyul 2020 00:31
1027
CƏMİYYƏT
A- A+
Mediasiya institutunun yaradılması müasir dövrün tələbidir

Mediasiya institutunun yaradılması müasir dövrün tələbidir


Müasir dövrdə sürətlə dəyişən ictimai münasibətlər sistemi insan hüquqlarının müdafiəsində daha çevik və mobil mexanizmlərin yaradılmasını xeyli dərəcədə aktuallaşdırmışdır. Belə şəraitdə milli hüquq sistemlərində şəxsiyyətin hüquq və qanuni mənafelərinin müdafiəsinin ənənəvi vasitələri ilə yanaşı, yeni modellərin müəyyən edilməsi və hüququ pozulmuş şəxslərin şəffaf münasibətlər şəraitində alternativ müdafiə vasitələrini seçmək imkanlarının olması vacib məsələlərdən birinə çevrilir. Birmənalı söyləmək olar ki, ölkəmizin son dövrlər əldə etdiyi nailiyyətlər həm də şəffaflığın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi ilə bağlıdır. Bu baxımdan "Mediasiya haqqında” qanunun qəbul edilməsinin əhəmiyyəti böyükdür.

Hüquq üzrə elmlər doktoru Mirəli Kazımovdan bu qanunun qəbul olunmasının zəruriyyəti və mahiyyəti barədə danışmağı xahiş etdik.

- Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Bu səbəbdən şəffaflıq Azərbaycanın müasir dövlət siyasətini xarakterizə edən əsas cəhətlərdən biri kimi çıxış edir.

Şəffaflıq ictimai münasibətlərdə inkişafın açarı, ədalətli əlverişli mühitin əsas şərtlərindən biridir. Ölkə həyatının bütün sahələrini yalnız tərəqqiyə doğru aparan şəffaflığın təmin edilməsi, həmçinin ictimai münasibətlərin iştirakçıları arasında ziddiyyətlərin daha əlverişli şərtlər ilə nizama salınmasına, habelə mübahisə subyektləri olan vətəndaşların vaxt və resurslarına qənəat etməyə kömək edir. Əlbəttə, belə şəraitdə müxtəlif vasitələrdən, o cümlədən mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur. Bu baxımdan milli hüquq sistemində mediasiya institutunun tətbiqi şəffaflığın təzahürlərindən biri kimi qiymətləndirilməlidir. Mediasiya mexanizminin şəxsiyyətin hüquq və qanuni mənafelərinin müdafiəsinin əlavə demokratik təminatlarından biri olacağı şübhəsizdir.

Qeyd etdiyimiz kimi, mediasiya institutu ictimai münasibətlərin konfliktli subyektləri arasında mübahisələrin şəffaf və səmərəli həlli üsullarından biri kimi çıxış edir. Çağdaş dövrdə mediasiya institutu dünyanın çox ölkəsində tətbiq olunur və onun hazırkı forması öz başlanğıcını ötən əsrin 60-cı illərində ABŞ-dan götürmüşdür. Bu ölkədə son onilliklər ərzində formalaşmış təcrübəyə əsasən, vergi orqanının ilkin mərhələdə işi udmaq şansı 30 faizdən aşağı olduqda vergi ödəyicisi ilə mübahisənin qarşılıqlı razılıq əsasında həlli yoluna üstünlük verilir, mübahisəni bu qaydada həll etmək mümkün olmadıqda, onun inzibati və ya məhkəmə icraatı qaydasında həlli yoluna müraciət edilir. Bəzi ölkələrdə mediasiya nəinki mülki-hüquqi mübahisələrə, hətta cinayət-hüquqi münasibətlərə tətbiq olunur. Bu, daha çox kontinental hüquq sistemi ölkələri (məsələn, bir sıra Avropa ölkələri, keçmiş Sovet İttifaqının tərkibində olmuş respublikalardan Litva, Latviya) üçün xarakterikdir. Bəzi ölkələrdə isə mediasiyanın tətbiqi vəziyyəti sistemsiz və parəkəndə haldadır, qanunvericilik tənzimlənməsində dəqiq müəyyən olunmuş sərhəd yoxdur.

Ölkəmizdə mediasiya institutunun yaradılması uzun müddət gündəlikdə duran məsələlərdən biri olsa da, "Mediasiya haqqında” qanun 29 mart 2019-cu il tarixdə qəbul edilmişdir. Qanun qəbul edildiyi tarixədək müvafiq beynəlxalq təcrübə öyrənilmiş və ölkəmiz üçün uyğun olan mediasiya modelinə dair təkliflər işlənib hazırlanmışdır. Qanun qəbul edildiyi müddətdən az sonra Prezidentin "Məhkəmə-Hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı 3 aprel 2019-cu il tarixli fərmanda mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi tövsiyə edilmişdir. Ötən dövr ərzində ölkəmizdə vətəndaş cəmiyyəti institutları bir sıra istiqamətlərdə mediasiya xidmətlərinin göstərilməsinə dair layihələr həyata keçirmişlər.

"Mediasiya haqqında” qanunda onun məqsədləri, prinsipləri, həyata keçirilməsi qaydaları, mediatorların statusu müəyyən edilmişdir. Qanunun 3.2-ci (iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur), 28-ci (iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak) və 29-cu (iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları) maddələrinin və həmin maddələrlə bağlı olan müddəaların 2021-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

Qanunvericiliyə əsasən, mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. Ümumiyyətlə, mediasiya mübahisənin üçüncü, yəni qərəzsiz tərəfin - mediatorun köməyi ilə məhkəmədənkənar, alternativ həlli formasıdır. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdir.

Mediasiya prosesi tərəflər arasında bağlanılan "Mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir. Mediasiya danışıqlar şəraitində həyata keçirilir və bu mərhələlərdən ibarətdir:

- mediasiya prosesinə hazırlıq;

- mediasiya prosesinin başlanılması;

- tərəflərin mübahisənin mahiyyətini açıqlaması;

- tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq;

- mübahisənin həlli üçün təkliflərin hazırlanması;

- mediasiya prosesinin yekunlaşdırılması;

- mediasiya prosesinə xitam verilməsi;

- barışıq sazişinin icrası.

Ölkəmizdə cinayət işləri üzrə mübahisələrin həlli mediasiyanın predmetinə daxil edilməmiş, onun yalnız aşağıdakı münasibətlər üzrə tətbiqi nəzərdə tutulmuşdur:

- mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

- ailə münasibətlərindən irəli gələn mübahisələr;

- əmək münasibətlərindən irəli gələn mübahisələr;

- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Mediator - peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin və qanunla müəyyən olunmuş tələblərə cavab verən fiziki şəxsdir. Mediator olmaq istəyən fiziki şəxs bu tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək müvafiq sertifikat əldə etməlidir.

Bu şəxslər isə mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

2020-ci il iyulun 1-dən sonra iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Tərəflər mediator barədə razılığa gəlmədikdə mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər.

Göründüyü kimi, ölkəmizdə mediator ilə mediasiya tərəfləri arasında qarşılıqlı əlaqənin məzmunu daha çox mülki-hüquqi münasibətlərə əsaslanır. Belə nəticəyə gəlməyə adıçəkilən qanunun müddəalarının araşdırılması, mediasiyanın könüllülük, tərəflərin bərabərliyi və əməkdaşlığı kimi prinsiplər üzrə həyata keçirilməsi əsas verir. Bu, həm də mediasiya tərəflərinin heç birinin digərindən üstün olmadığı, mediatorun seçilməsində sərbəst olmaları, heç kəsin iradəsinə zidd şəkildə mediasiya prosesinə cəlb edilmədiyi, mediasiyanın istənilən mərhələsində ondan imtinanın mümkün olması, mediasiya zamanı dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinin yolverilməzliyi və digər bu kimi mühüm hallar ilə əsaslandırılır.

Müasir dövrdə bir çox ölkələrdə cinayət məsuliyyətinin həlli zamanı da alternativ tədbirlərin tətbiqinə səylər göstərilir. Bu cür tədbirlərin tətbiqi istintaq və məhkəmə sistemində iş yükünün azalmasına, cəza icra müəssisələrinin lüzumsuz yüklənilməməsinə, həmçinin müvafiq şərtlər daxilində cinayətdən zərər çəkmiş şəxslərin hüquqlarının və dövlətin maraqlarının təmin olunmasına xidmət edir.

İctimai təhlükəli əməl törətmiş şəxslərə münasibətdə ilk dəfə mediativ proqram 1974-cü ildə Kanadada (Ontario ştatı) tətbiq olunmuşdur. MDB dövlətlərindən isə Qazaxıstan Respublikasının 4 iyul 2014-cü il tarixli Cinayət Prosessual Məcəlləsinin 85-ci maddəsində mediator cinayət prosesinin müstəqil iştirakçısı kimi nəzərdə tutulmuş, hüquqi statusu müəyyən edilmişdir. Bu yerdə qeyd edək ki, Mediasiya institutunun inkişafının davamı olaraq yaxın gələcəkdə Azərbaycanda "Cinayət prosesində mediasiya haqqında” ayrıca qanunun qəbul edilməsi, burada mediatorun cinayət prosesinin ayrıca iştirakçısı kimi nəzərdə tutulması və Cinayət Prosessual Məcəllədə onun hüquqi statusunun tənzimlənməsi məqsədəuyğun olardı.

Söhbəti yazdı:

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!