Bu, Fransanın ən uğursuz prezidentinin yarıtmaz siyasətinin yaratdığı reallıqdır
Yarıtmaz daxili və xarici siyasəti, qalmaqalları, bütövlükdə əməlləri ilə bir ölkəyə rəhbərlik etməyə layiq olmadığını təsdiqləyən prezident Emmanuel Makron Fransa tarixinə pis dövlət başçısı kimi düşəcək.
Onun rəhbərlik dövrünü təhlil etdikdə, bacarıqsızlığından əlavə, ümumiyyətlə, bir siyasətçi və dövlət başçısı kimi yarıtmazlığı üzə çıxır. Əvvəla, hakimiyyətdə olduğu müddətdə ölkə bir neçə irimiqyaslı böhran yaşayıb. "Sarı jiletlilər"in üsyanı, pandemiya nümayişləri, təqaüdçüləri küçələrə çıxaran "pensiya islahatları", Afrikadan qovulmaq və nəhayət, indiki vaxtda fermerlərin kütləvi "peyin aksiyaları" və hökumət böhranı onun yarıtmaz siyasətinin göstəricisidir.
Yəni Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra, Fransa, demək olar ki, tarixinin ən uğursuz və bəzi hallarda isə rüsvayçı məğlubiyyətlərlə müşahidə olunan dövrünü yaşayır. Rəsmi Paris Fransa üçün istər ənənəvi, istərsə də ənənəvi sayılmayan bölgələrdə də mövqeyini iflasa uğradıb.
Bu günlərdə isə Markonun adı yenə qalmaqallı korrupsiyada hallanıb. Düzdür bu, birinci hal deyil. Amma faktlar bir daha Fransa prezidentinin bu çirkinliklərə bulaşdığını yenə də təsdiq edir. Belə ki, beynəlxalq araşdırma məqalələri ilə tanınan "Observer Online"nın növbəti "Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb" başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benallanın və Fransanın məşhur "Saur" şirkətinin vitse-prezidenti A.Derrazın hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.
Emmanuel Makronun adının cinayət əməllərində hallanması ilk dəfə deyil. Onun hələ seçki kampaniyalarının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı qalmaqalları Fransa mətbuatında tez-tez dərc edilir.
Bundan başqa, qalmaqallı siyasətçi illər öncə korrupsiyada şübhəli bilinirdi. Maliyyə naziri olduğu müddətdə o, Las-Veqasda ziyafət təşkil etmək üçün tender keçirmədən bir reklam firmasını seçmişdi. Həmin tədbirin rəsmi məqsədi ABŞ-də fransız biznesinin təşviqi idi. Təxminən eyni zamanda Makronun bəyan etdiyi məbləğlərin əslində qazandıqları ilə uyğun gəlmədiyi ortaya çıxdı. Belə qənaətə gəlindi ki, Fransanın gələcək lideri vergi xidmətini aldatmağa çalışıb. Bundan sonra isə prezidentlik kampaniyası zamanı bütün seçiciləri aldatmağa cəhd edib.
Beləliklə, bütün bunlar göstərir ki, Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra, Fransa, demək olar tarixinin ən uğursuz və bəzi hallarda isə rüsvayçı məğlubiyyətlərlə müşahidə olunan dövrünü yaşayır. Rəsmi Paris Fransa üçün istər ənənəvi, istərsə də ənənəvi sayılmayan bölgələrdə də mövqeyini iflasa uğradıb.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"