25 Sentyabr 2026 08:30
154
İQTİSADİYYAT
A- A+
Lənkəran payız-qış mövsümünə hazırlaşır

Lənkəran payız-qış mövsümünə hazırlaşır


Payızın gəlməsinə baxmayaraq, havalar hələlik isti keçir. Lakin təbiətin işini bilmək olmaz və onun fəsadlarından heç kəs sığortalanmayıb. Ən yaxşı həll yolu isə küləkli, yağışlı, qarlı-şaxtalı günlərə, aylara vaxtında hazırlaşmaqdır. Bunu yaxşı bilən Lənkəran rayonunun əlaqədar təşkilatları payız-qış mövsümünə hələ yay aylarında hazırlaşmağa başlayıblar.

Belə ki, elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlərin fasiləsizliyinin təmin olunması üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçirilib, mövcud avadanlıqların vəziyyəti yoxlanılıb və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Eyni zamanda payız-qış mövsümündə baş verə biləcək fövqəladə halların və digər neqativ hadisələrin qarşısının alınması, operativ müdaxilənin təmin edilməsi və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər müəyyən edilib. Ümumilikdə rayonun idarə, müəssisə və təşkilatları tərəfindən payız-qış aylarının normal və təhlükəsiz keçirilməsi üçün zəruri hazırlıq işləri davam etdirilir.

Rayon ərazisində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatından ötrü Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) işçi personalı tərəfindən 2026-cı ilin 8 ayı ərzində  bir sıra vacib, əsaslı, cari təmir və yenidənqurma  işləri həyata keçirilib. "Lənkəran-1" və "Lənkəran-2", Karyer, Liman, Sinovli, Səpnəkəran, Hirkan, Xanbulan yarımstansiyalarında cari təmir və sınaq işləri aparılıb, transformatorlara və yağ açarlarına yağ əlavə olunub, yanmış cərəyan transformatorları yenisi ilə əvəz edilib, izolyasiyanın sınağı və rele mühafizəsi yoxlanılıb. Yarımstansiyaların əraziləri təmizlənib və avadanlıqlar rənglənib. "Lənkəran-2" yarımstansiyasında  transformatorlar daha güclüləri ilə əvəz olunub. Hirkan, Xanbulan, Lənkəran, Liman, Sinovli hava xətlərinə baxışlar keçirilib. 

Lənkəran rayonunda gərginliyi zəif olan yaşayış massivlərindən Şağlaser, Ürgə,  Digah, Şıxakəran, Kərgəlan kəndlərinin hərəsində bir ədəd olmaqla  ümumilikdə 5 ədəd yeni güc mərkəzləri quraşdırılaraq istismara verilib. Hazırda Şiləvar kəndində yeni güc mərkəzinin quraşdırılması üçün işlər davam etdirilir. 

Lənkəran EŞ-nin xidməti ərazisində gərginliyi zəif olan digər yaşayış massivlərindən Digah, Şağlaser, Ürgə, Mollakənd, Separadi, Boladı, Sinovli  və Mamusta kəndlərində, Lənkəran şəhərinin bir sıra küçə və prospektlərində, o cümlədən Liman şəhərində güclü transformatorlardan əlavə 0,4 kilovoltluq fiderlər çəkilib. Artıq yüklənmiş transformator daha güclü transformatorla əvəz olunub. Təmir işləri zamanı transformatorlara 2,2 ton  transformator yağı əlavə edilib.

Lənkəran rayonunun qəsəbə və kəndlərində yeni abonentlər üçün 302 ədəd sayğac quraşdırılıb, 2 min 600 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənib. 

 "Azərişıq" ASC tərəfindən şəbəkənin yenidən qurulması nəticəsində Boladı kəndində açıq tipli naqillərdən ibarət olan şəbəkələr yeni müasir tipli izolyasiyalı kabel xətləri ilə yenidən qurulur və hazırda işlər davam etdirilir. Burada 10 min  500 metr SİP kabel xətti çəkilib. Gərmətük qəsəbəsində isə yenidənqurma işləri tamamlanmaq üzrədir. 

Qeyd etmək lazımdır ki, bu sahədə bir sıra nöqsanlar da mövcuddur. Belə ki, küləkli, yağışlı və qarlı hava şəraitində elektrik xətlərinin qırılması, köhnə dayaqların sıradan çıxması halları baş verir, yeni yaşayış massivlərində isə transformatorların həddindən artıq yüklənməsi nəticəsində abonentlərin elektrik enerjisi ilə təminatında problemlər yaranır. Nəticədə elektrik enerjisi abonentlərə normadan aşağı gərginliklə verilir ki, bu da məişət və digər elektrik avadanlıqlarının tez-tez sıradan çıxmasına səbəb olur.

Bu məsələlərə Lənkəran Elektrik Şəbəkəsi tərəfindən diqqət artırılmalı, mövcud nöqsanların, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi tədbirlər həyata keçirilməlidir.

Lənkəran Regional Qaz İstismar İdarəsinin Lənkəran Xidmət  Sahəsi rayonun  73  yaşayış  məntəqəsində  49 min 423  əhali  abonentinə, 649  qeyri-əhali   və  3  fərdi  istixanaya  xidmət göstərir.

2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində rayonun Liman şəhəri, Gərmətük qəsəbəsi və Digah kəndində yeni ŞQTM (Şəbəkə Qaz Təzyiq Mərkəzi) tipli təzə tənzimləyicilərin quraşdırılması, dayaqlardan düşmüş qaz xətlərinin dayaqlar üzərinə qaldırılması, qaz xətlərinin boyanması, Lənkəran rayonunun müxtəlif kəndlərində təzə siyirtmələrin quraşdırılması işləri yekunlaşdırılıb. Vətəndaş müraciətləri əsasında 104 çağrı mərkəzinə daxil olan sifarişlərə əsasən, 2 min 200 ədəd D20 millimetrlik qaz kranı və 79 ədəd fərdi qaz tənzimləyicisi yenisi ilə əvəz olunub. "Təmiz Qaz" MMC-nin xətt baxıcıları tərəfindən Lənkəran ərazisində müxtəlif diametrli qaz xətlərində qaz sızmaları aşkar edilib, 427  qaz sızması aradan qaldırılıb.

Rayonun Moloja və Daştatük kəndlərinin qazlaşdırılmasının icrası ilə bağlı ümumilikdə müxtəlif diametrli borulardan olmaqla 38 min poqonmetr uzunluqda  qaz  xətlərinin Təmir Tikinti İdarəsi tərəfidən çəkilməsi işləri həyata keçirilib. Bu kəndlərdə  işlər tamamlandıqdan sonra Aşağı Apu kəndinin qazlaşdırılması planlaşdırılıb.

2026-cı ilin yanvar-avqust ayları ərzində Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən mənbədən 3 milyon 323 min 834 kubmetr su qəbul olunub. Bunun  209 min 925 kubmetri texnoloji proseslərə və daxili tələbata sərf olunub, 569 min 66 kubmetri su dəyəri ödənilməyən bulaqlara verilib,  1 milyon 737 min 871 kubmetri  isə istehlakçılara satılıb. 796 min 972 kubmetr, yəni 23 faiz  su itkisi qeydə alınıb. 

İdarənin xidməti ərazisinin bir sıra yerlərində 2026-cı ilin yanvar-avqust  ayları ərzində cari təmir işləri görülüb. Ümumilikdə təmir işlərində müxtəlif diametrli 96,5 poqonmetr borudan istifadə olunub. Cari ilin aprel ayında 2 ədəd 300 kubmetrlik xam su anbarı plan qrafikə uyğun olaraq yuyularaq dezinfeksiya olunub.          

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən sözügedən dövr ərzində kanalizasiya şəbəkəsində müxtəlif diametrli 10 min 426 poqonmetr kanalizasiya borusu və 717 baxış quyusu təmizlənib. 96,5 poqonmetr müxtəlif diametrli kanalizaisya xətti təmir olunub, 7 kanalizasiya baxış quyusunda əsaslı təmir işləri aparılıb. 

Həmçinin "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tərəfindən ezam olunmuş xüsusi texnika vasitəsilə Lənkəran şəhərinin bir sıra küçələrində 958 metr muxtəlif diametrli kanalizasiya xətti və 24 kanalizasiya baxış quyusu yuyularaq lildən və bərk tullantılardan təmizlənib.         

Rayon ərazisindəki suvarma kanallarında 60,5 kilometrlik hissədə 159 min kubmetr həcmində lildən təmizləmə və 102 min kubmetr həcmində torpaq hamarlanma işləri görülüb. İzafi suların kənarlaşdırılmasından ötrü rayon ərazisindəki kollektorlarda 17 kilometrlik hissədə 51 min kubmetr həcmində lildən təmizləmə və 39,3 min kubmetr həcmdə torpaq hamarlama işləri görülüb. 

Payız-qış mövsümünə hazırlıqla əlaqədar nasos stansiyalarında, su aşırıcı bəndlərdə və hidrotexniki qurğularda sazlanma işləri aparılır. İdarənin maşın və mexanizmləri saz vəziyyətə gətirilir və bu istiqamətdə işlər davam etdirilir. 

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2026-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi əsasında Lənkərançay, Girdəniçay, Viravulçay və Ulumçay ətrafındakı yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi tədbirləri çərçivəsində layihə-smeta sənədləri hazırlanıb. Həmin sənədlərin ekspertiza olunması məsələsinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baxılır.

Köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində istismar müddəti başa çatmış Viravulçay və  Girdəniçay üzərində körpülər inşaat norma və qaydalarının tələblərinə uyğun yenidən qurulmaqla cari ildə istifadəyə verilib. 

Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi (MİKMİ) tərəfindən şəhərin əksər küçələrində suötürücü kanallar və kollektorlar palçıq və otlardan təmizlənərək suya axar verilib, tullantıların zərərsizləşdirilməsi üçün şərait yaradılıb. Poliqona gedən yola 28 maşın qum-çınqıl qatının tökülərək hamarlanması təmin edilib. Məişət tullantılarının qrafik üzrə aparılması, əhali və istehlakçılar tərəfindən qrafikdən kənar bərk məişət tullantılarının küçələrə atılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik söhbətlər aparılıb. Şəhərin təmizliyi sahəsində müəyyən işlər görülsə də, bəzi nöqsanlar vardır. Belə ki, küçələr və səkilər süpürüldükdən sonra tullantıların bir qismi vaxtında daşınmadığından suötürücü kanallara yığılır, bu da suyun normal axmasına maneələr yaradır. 

Lənkəran şəhər MİKMİ tərəfindən bir sıra kommunal yaşayış binalarında və mənzillərdə su-kanalizasiya xətləri, dam örtükləri, tüstü bacaları təmir olunub, süni zibilliklər ləğv edilib, suötürücü kanallar qismən təmizlənib, bəzi yaşayış binalarının zirzəmisinə yığılmış izafi sular nasos vasitəsilə kənarlaşdırılıb, bir sıra binaların zibilxanalarında uzun müddət qalmış tullantı qalıqları yığılaraq daşınıb.  

Lənkəran şəhər İşıqlandırma Müəssisəsi tərəfindən mövsümə hazırlıqla əlaqədar küçə işıqlandırıcılarının yararsız elektrik xətləri dəyişdirilib, sıradan çıxmış elektrik lampaları və yeraltı kabellər təzələnib, digər elektrik avadanlıqları yenisi ilə əvəzlənib və ayrı-ayrı ünvanlarda yeni ayrıcılar quraşdırılıb. Həmçinin "Bakı Abadlıq Xidməti" MMC tərəfindən cari ildə Lənkəran şəhərində genişmiqyaslı abadlıq, bərpa və təmir işləri aparılır. 

48 nömrəli Yol İstismar" MMC-nin balansında olan avtomobil yollarında yaranmış çalalara asfalt-beton örtüyü çəkilib, suötürücü borular, küveytlər palçıqdan təmizlənib, körpü məhəccərləri rənglənib və sıradan çıxmış yol nişanları yenilənib. Ucqar dağ kəndlərinə gedən avtomobil yollarına şəhər icra hakimiyyətinin yaxından köməkliyi ilə qum-çınqıl materialı tökülərək ağır texnikalar vasitəsilə hamarlama və genişləndirmə işləri aparılıb, yol kənarlarında mövcud küveytlər bərpa edilməklə nəqliyyatın hərəkəti normal qaydaya salınıb.

Lənkəran İstilik Sistemləri İstismar Sahəsi tərəfindən Lənkəran şəhər Qarışıq tipli uşaq evinə, Xarici dillər təmayüllü gimnaziyaya və Şəhidlər xiyabanı küçəsi 46/15 nömrəli ünvanda yerləşən yaşayış binasına xidmət göstərən qazanxanaların istilik xətləri, qaz boruları və dıgər avadanlıqlar təmir edilərək işlək vəziyyətə gətirilib, qazanxanaların ətrafında abadlıq işləri aparılıb. Buna baxmayaraq, sahə rəhbərliyi idarənin balansında olan qazanxanaların payız-qış aylarında daim işlək vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir. 

Rayonun əlaqədar müəssisə və təşkilatlarında qış mövsümü üçün tələb olunan bütün maşın və mexanizmlər, o cümlədən mövcud avtoqreyder, ekskavator və digər ağır texnikalar tam təmir edilərək işlək vəziyyətə gətirilib. Kənd yerlərində mövcud ağır texnikalardan istifadə etməklə yolların qardan təmizlənməsi bir qayda olaraq həmin ərazi dairəsindəki icra nümayəndələri tərəfindən təşkil edilir. Qış mövsümündə qarlı günlərdə maşın və mexanizmlərin yollarda sürüşməməsi, eləcə də təhlükəsiz hərəkət etməsi üçün lazımi qədər qum ehtiyatı yaradılıb. Rayonun müəssisə, idarə və təşkilatlarında qışa hazırlıq işləri davam etdirilir. Payız-qış mövsümündə təbii fəlakət baş verəcəyi təqdirdə şəhər icra hakimiyyətində fəaliyyət göstərən qərargah öz işini fövqəladə hallara uyğun qurmağa hazırdır. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək yarmarkası təşkil olunub

09:20
25 Sentyabr

"Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib

09:10
25 Sentyabr

"Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının yubileyləri qeyd edilib

09:00
25 Sentyabr

Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər

08:57
25 Sentyabr

Formula 2: Sprint yarışı start götürüb

08:55
25 Sentyabr

Pezeşkian: İran beynəlxalq hüquq çərçivəsində ABŞ ilə razılaşmaya hazırdır

08:54
25 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

08:53
25 Sentyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən yüksəksəviyyəli görüşünə yekun vurulub

08:52
25 Sentyabr

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

08:51
25 Sentyabr

Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

08:50
25 Sentyabr

Şirvanda şəhid ailələri və müharibə əlilləri ziyarət edilib

08:50
25 Sentyabr

Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər

08:49
25 Sentyabr

Tovuzda Vətən müharibəsi şəhidləri anıldı

08:40
25 Sentyabr

Lənkəran payız-qış mövsümünə hazırlaşır

08:30
25 Sentyabr

Süni intellekt əmək bazarını necə dəyişir?

08:20
25 Sentyabr

SOCAR-ın Qərbi Afrika layihəsi

08:10
25 Sentyabr

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsi

08:00
25 Sentyabr

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb

02:48
25 Sentyabr

Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib

02:23
25 Sentyabr

Azərbaycan XİN rəhbəri Sent-Kits və Nevisin xarici işlər naziri ilə görüşüb

02:15
25 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm bağlantı mərkəzinə çevrilib

01:49
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!