Avropa Parlamenti dekabrın 18-də ölkəmizə qarşı qəbul etdiyi reallıqlardan uzaq, birtərəfli və qərəzli qətnaməsi ilə anti-Azərbaycan ritorikasını bir daha nümayiş etdirdi. Ümumiyyətlə, Azərbaycan 44 günlük müharibə sayəsində suverenliyini, konstitusion quruluşunu təmin etməsinə, Qarabağda separatizm yuvasını dağıtmasına və Cənubi Qafqazda sülh üçün real şərait formalaşdırmasına görə Avropa Parlamentinin "qara siyahı"sına düşüb.
Sözügedən reallıqları hələ də qəbul edə bilməyən qərəzli qurum buna görə sözün əsl mənasında öz fəaliyyət dairəsinə dair vacib işlərlə məşğul olmaq əvəzinə ölkəmizlə bağlı qərəzli qətnamələr çıxarmaq yolunu tutub. Avropada islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və sair kimi çoxsaylı problemlər hələ də mövcudluğunu qoruyur. Elə ölkəmizlə bağlı sərgilənən bu ikili standartlı davranışın özü də AP-nin islamofob, türkofob siyasətinin aydın təzahürüdür.
Hətta vəziyyət o yerə çatıb ki, İkinci Qarabağ müharibəsindən sonra Aİ-nin korrupsiya yuvasına çevrilmiş bu riyakar qurumu Azərbaycan əleyhinə böhtan və iftiralarla dolu 10-dan çox qətnamə qəbul edib.
Qərəzli qətnamələr nəyə xidmət edir?
Regional reallıqların təhrif olunduğu, Azərbaycanı hədəf alan bu bədnam qətnamə nə obyektiv faktlara, nə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Fəaliyyətində guya humanizm dəyərlərini, insan hüquqlarını əsas götürən Avropa Parlamenti ölkəmizə böhtan atır, heç bir əsası olmayan iittihamlar irəli sürür. Ancaq sözdə insan haqlarından ağızdolusu danışan avroparlamentarilər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bir milyona yaxın azərbaycanlının hüquqlarının tapdalanmasına heç zaman reaksiya verməyiblər. Həmin zaman azərbaycanlılar yurdlarından didərgin salındı, etnik təmizləməyə, qətliamlara, soyqırımlarına məruz qalıb, qaçqınlıq, məcburi köçkünlük həyatı yaşayıb. Ermənistanın 30 illik işğalı zamanı ərazilərimizə bir milyondan çox mina basdırması həmin yerlərə qayıdışı ləngidir, bu gün də insanlarımız mina partlayışlarının qurbanlarına çevrilirlər. Qarabağ və Şərqi Zəngəzurda törədilən mədəni terror, tarixi, dini abidələrimizin vandallıq aktlarına məruz qalmaları o yerlərə səyahət edən hər kəsi dəhşətə gətirir. Lakin avroparlamentarilər azərbaycanlıların hüquqlarının tapdalanmasına görə ötən onilliklər ərzində bircə dəfə də olsun toplaşıb hansısa müzakirələr aparmayıblar, işğalçıya qarşı qətnamələr qəbul etməyiblər.
Azərbaycan BMT TŞ-nin qətnamələrini öz gücünə həll edərək həm ərazi bütövlüyünü və suverenliyini təmin edib, həm də bölgədə real sülhə rəvac verib.
Bu il avqustun 8-də Vaşinqtonda Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar, sülh mətninin paraflanması məhz Azərbaycanın təşəbbüslərinin əyani nəticələridir ki, regionda de-fakto sülhə nail olunmasına gətirib çıxarıb. Cənubi Qafqaz hazırda münaqişə deyil, inkişaf, qarşılıqlı əlaqələr, əməkdaşlıq ünvanı kimi çıxış edir.
Azərbaycanın tranzit yükdaşımalara qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixrac edilib. Dekabrın 19-da isə Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb. Bu, 30 ildir özünü regional təcrid vəziyyətinə salan Ermənistanın, ermənilərin qurtuluşu deməkdir və Azərbaycanın humanizm siyasətini nümayiş etdirir. Ancaq Aİ, eyni zamanda Avropa Parlamenti Azərbaycanın bu vacib əhəmiyyətə malik və sülhü dəstəkləyən fəaliyyəti barədə sual doğuracaq formada susmağa üstünlük verirlər.
Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyət
Bütün bu müsbət tendensiyaların fonunda Avropa İttifaqının və Avropa Parlamentinin sərgilədiyi qərəzli yanaşma diqqət çəkir. Aİ-nin Ermənistan üzərindən gətirib sərhədlərimizə yığdığı dırnaqarası "müşahidə missiyası"nın bölgədə sülhə yox, qarşıdurmaya xidmət edən missiya kimi fəaliyyətini davam etdirməsindən tutmuş dekabrın 2-də imzalanmış və birbaşa Azərbaycanı hədəf alan "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədə və AP-nin bu günlərdə qəbul etdiyi bədnam qətnaməyə qədər hər bir addım da bunu aydın göstərir.
Xatırladaq ki, dekabrın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşündə "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycan-Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.
Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş irəliləyişin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.
Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Milli Məclis bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Milli Məclis Avropa Parlamentinin adıçəkilən qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir: "Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir".
Sənəddə həmçinin deyilir ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən AP bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir: "Bu da dəfələrlə sübuta yetirilmişdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir".
Milli Məclisin bəyanatında deyilir: "İndi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər".
Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə böhtan və iftiralarla dolu 10-dan çox qətnamə qəbul edən Avropa Parlamenti bu vasitə ilə ölkəmizə hansısa siyasi təzyiq, təsir göstərmək niyyəti güdür. Ancaq Avropanın korrupsiya yuvasına çevrilmiş bu qurumunun qərəzli fəaliyyəti Azərbaycanı beynəlxalq hüquqa dayanan və özündə sülhü və əməkdaşlığı ehtiva edən yolundan döndərə bilməz.
Y.MUSAYEVA,
"Azərbaycan"