Virusun mutasiyaya uğrayan yeni növləri meydana çıxa bilər
İki il əvvəllə müqayisədə hazırda yoluxucu virusa qarşı mübarizədə bir qədər səngimələr müşahidə olunur. Bunun da səbəbi insanlarda yaranan arxayınlıqdır. Amma unudulmamalıdır ki, koronavirusla birgə yaşam bəşəriyyətin üzərinə fərqli öhdəliklər qoyub.
İstər Azərbaycanda, istərsə də dünya ölkələrində bu vəziyyət dəyişkən xətlə inkişaf edir. Enən yoluxmaların ardından yenidən artan saylar və virusun meydana çıxan yeni mutant variantları daha fərqli mübarizə üsuallarının tətbiqinə zərurət yaradır. Bu səbəbdən də virusa qarşı mübarizədə arxayınlaşmaq olmaz.
Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bildirilib ki, virusa qarşı mübarizədə əldə olunan nəticələr onu göstərir ki, COVID-19 əleyhinə hazırlanmış peyvəndlər daim həyatımızın bir hissəsinə çevriləbilər. ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci açıqlamasında deyib ki, gələcəkdə koronavirusun kəskin şəkildə fərqli bir variantı ortaya çıxmadığı təqdirdə, çox güman ki, qrip peyvəndi kimi, hər il koronavirus peyvəndinə də ehtiyac olacaq. Həmçinin ehtimal edilir ki, hər il virusun mutasiyaya uğrayan yeni növləri də meydana çıxa bilər.
Hazırda dünyanın qarşısında duran ən böyük problem isə tövsiyə edilən miqdarda peyvəndlərin tətbiq edilməməsidir. Kaliforniya Universitetinin Tibb Departamentinin rəhbəri Robert Vakter vurğulayıb ki, hazırda 5 yaşdan yuxarı hər 3 amerikalıdan yalnız 1-i gücləndirici dozada vaksin vurdurub: "Peyvəndlənmə olduqca vacib prosesdir. Unutmamalıyıq ki, özümüzü, ailəmizi və ümumilikdə cəmiyyəti qarşıdakı payız və qış fəsillərində yalnız COVID-19 peyvəndləri ilə qoruya bilərik".
Ötən həftə hər 44 saniyədə bir nəfər ölüb
Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi son brifinqdə bildirildi ki, ötən həftə yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 12 faiz azalıb. Ümumilikdə isə 4,2 milyona yaxın təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Ölüm hallarının sayı isə 5 faiz azalaraq, dünya üzrə 13 mindən çox şəxs koronavirus səbəbindən dünyasının dəyişib.
ÜST-ün baş direktoru Tedros Gebreyesus qeydə alınan bu nəticənin ruhlandırıcı hal olduğunu bildirsə də, xüsusilə vurğulayıb ki, bu tendensiyanın davam edəcəyinə heç bir zəmanət yoxdur. "Həftəlik ölüm hallarının sayı fevral ayından bu yana 80 faizdən çox azalmış ola bilər, lakin buna baxmayaraq, keçən həftə hər 44 saniyədə bir nəfər
COVID-19 səbəbindən dünyasını dəyişib".
Bildirilib ki, koronavirus pandemiyası ilə birlikdə mübarizə aparmaq bütün dövlətlərin əsas işi olmalıdır: "Necə ki, ölkələr əvvəllər tütün, nüvə silahları və iqlim dəyişikliyinin yaratdığı təhlükələrə dair müqavilələr imzalamaq üçün bir araya gəlirdilər, indi də epidemiya və pandemiyaların ümumi təhlükəsinə qarşı birgə mübarizədə bir araya gəlməlidirlər".
Unutmamaq lazımdır ki, yoluxucu xəstəliklərin səbəb olduğu pandemiyalar yer üzündəki hər bir insanı təhdid edir, buna görə də hər kəsin fikri bu məsələdə olduqca vacibdir. Brifinqdə açıqlanıb ki, bunun üçün ictimai dinləmələr keçirilir və COVID-19 pandemiyası ilə bağlı toplanan təcrübələrə əsaslanaraq gələcək pandemiyalarda da daha yaxşı müdafiə üçün bir çox mütəxəssislərin fikirləri əsas götürülə bilər. Mümkün qədər bir çox ölkələrdən yeni təkliflər və ideyalar gözlənilir. İctimai dinləmələrin birinci mərhələsi apreldə baş tutmuşdu, ikinci turu isə bu ayın sonunda keçiriləcək.
Koronavirusa yoluxanların 60 faizində qan azlığı müəyyən edilib
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev açıqlamasında bildirib ki, COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir: "Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. COVID-19-un bilavasitə hematopoetik sistemə təsiri nəticəsində anemiya ortaya çıxır. Beləliklə, koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib".
Həkim qeyd edir ki, koronavirus infeksiyası həmçinin insan orqanizminin laxtalanma sistemində də dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar əsasən xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir. Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. Bundan əlavə, miokard infarktı keçirənlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı ilə, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər.
T.Həziyev tövsiyə edir ki, immuniteti zəifləyənlər, xərçəng xəstəliyindən müalicə alanlar və onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün virusa qarşı mübarizə qaydalarına daha ciddi əməl etməlidirlər. Eyni zamanda dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən öncə xəstələrin həkimlə əlaqə saxlamaları mütləqdir.
Aydan XƏLİLOVA,
"Azərbaycan"