Tanınmış jurnalist, kino tariximizin fədakar tədqiqatçısı Aydın Kazımzadənin 85 yaşı tamam olsa da, o qələmini yerə qoymur. Yazdığı əsərlərə, apardığı dəyərli tədqiqatlara, bu istiqamətdə gördüyü misilsiz işlərə əsaslanıb Aydın müəllimi "kinomuzun canlı ensiklopediyası" da adlandırmaq olar. Çünki o ömrünü bu sahənin araşdırmasına və təbliğinə həsr edib. Sonda ortalığa bir-birindən dəyərli əsərlər qoyub. Bu əsərlər kinomuzun dünəninə, bu gününə və sabahına həsr olunub.
Bu günlərdə Aydın müəllimlə görüşüb söhbət etdik, onun ömür yolu və yaradıcılığı ilə yaxından tanış olduq. Bu söhbətlər onun haqqında olan təəssüratlarımızı daha da genişləndirdi, daha da zənginləşdirdi.
Ötüb keçənləri xatırlayan Aydın müəllim dedi: "Yeddi illik təhsili bitirmək haqqında sənəd alıb gecə məktəbinə getdim. Axşam oxuduğuma görə gündüzlər işləyib az da olsa, evin dolanışığına kömək edirdim. İşim də elə yüngül deyildi. Tozlu-torpaqlı, səs-küylü xarrat sexində çalışırdım. Bu da məni çox yorurdu. Buna görə axşam məktəbə gedəndə parta arxasında yuxu gözlərimi qapayırdı. Amma işim nə qədər ağır olsa da, kitablardan ayrılmırdım. Daim oxuyub öyrənirdim. Qarşıma jurnalist olacağımı məqsəd qoymuşdum. Hazırlığımı artıra-artıra günlərin birində arzuma çatdım, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul oldum. Təhsil aldığım müddətdə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində əvvəlcə korrektor, sonra ədəbi işçi kimi də çalışdım. 30 manat əməkhaqqı və elə o qədər də təqaüd alırdım. Bu puldan qənaət edib evə də göndərirdim. Ömrümün beş ili beləcə ötüb keçdi. 1960-1970-ci illərdə "Bakı" qəzetində kino ilə bağlı məqalələrim çap olunmağa başladı. Bu sahəyə içimdə böyük maraq oyanmışdı. Getdikcə ürəyimdə dərin kök salan bu maraq məni kino sahəsinə gətirdi. 1963-cü ildə "Kinoprokat"dakı kino bülleteni şöbəsində fotoqraf kimi işə başladım. Bir müddət sonra bülleteni "Kino yenilikləri" adlı qəzetə çevirdim. Sonralar rəhbərliklə məsləhətləşib qəzetin adından "yenilikləri" sözünü də çıxartdıq".
"Yazı hazırlamaq üçün BAM-a qədər gedib çıxdım"
Həmin illəri xatırlayan Aydın müəllim dedi ki, 1963-cü ildə, 23 yaşımda ilk dəfə kinostudiyanın qapısından içəri girəndə məşhur rejissorlar Tofiq Tağızadə, Muxtar Dadaşov və səs operatoru Ağahüseyn Kərimovla rastlaşdı. "Vaxt keçdikcə kinostudiyanın bütün istedadlı və peşəkar insanları ilə yaxından tanış oldum. 1966-cı ildə "Film" jurnalının nəşrinə icazə aldıq. Jurnalın və qəzetin ölkə üzrə xeyli abunəçisinin olması oxucuların bu sahəyə olan yüksək marağından xəbər verirdi. Bir gün Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsinin sədri tapşırıq verdi ki, nümayəndə heyəti müəyyənləşdirin, plan hazırlayın və sovet hökümətinin respublikalarında, vilayətlərində Azərbaycan kinosu günləri keçirin. Qısa müddət ərzində komitə sədrinin tapşırığını yerinə yetirdik. Gedəcəyimiz istiqamətləri dəqiqləşdirib yola çıxdıq. Azərbaycan kinosunu təbliğ edə-edə bütün keçmiş SSRİ-ni gəzdik, BAM-a qədər gedib çıxdım. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Azərbaycanda kino mətbuatını mən yaratmışam. Bununla fəxr edir, qürur duyuram".
Aydın müəllim kinomuzun yaranma tarixindən də söz açdı: "Müəyyən səbəblər üzündən Azərbaycanda kinonun yaranma tarixi üç dəfə dəyişilib. Birinci dəfə Leninin 27 avqust 1919-cu ildə kinematoqrafiyanın və fotoqrafiyanın milliləşdirilməsi ilə bağlı dekreti əsas götürülərək həmin tarix "kino günü" elan edilib. Bu dekret keçmiş ittifaqın tərkibinə daxil olan 15 respublikanın hamısına şamil olunmuşdu. Həmin dekretə uyğun olaraq biz hər il avqust ayının 27-ni sovet kinosu günü kimi qeyd edirdik. Sovet hökumətinin tərkibində olduğumuza görə biz buna məcbur idik. Keçmiş ittifaq süquta uğradıqdan sonra kinomuzun tarixi 1916-ci ildə ekranlara çıxmış "Neft və milyonlar səltənətində" adlı ikiseriyalı bədii filmin nümayişinə görə 14 may Azərbaycanda kinonun yaradıldığı gün kimi qeyd olunmağa başladı. "Neft və milyonlar səltənətində" filminin 1-ci seriyası 2016-cı il mayın 14-də, 2-ci seriyası isə mayın 27-də göstərilib. Təəssüflər olsun ki, o zamanlar onu qoruyub saxlayan olmayıb, film itib-batıb. Amma filmin özü qorunub saxlanmasa da, haqqında prospekti (film haqqında yazılan reklam vərəqi) qalır. Həmin sənəd indi də Mirzə Fətəli Axundzadə adına kitabxanada nadir nüsxələr bölməsində qorunub saxlanılır. Bu sahənin mütəxəssisi olduğuma görə həmin sənədlə tanış olmaq üçün mənə icazə verdilər. Bu sənəddə "Neft və milyonlar səltənətində" kinosu haqqında həm Azərbaycan, həm də rus dilində ətraflı məlumat vardı. Yaxşı ki, məlumatlarla yanaşı, şəkillər də, yazılar da sənəddə yer almışdı. Həmin sənədlərə əsaslanıb rəhbərliyin yanına gedib təklif etdim ki, gəlin məsələni komitənin qarşısında qaldırıb kinomuzun yaranması tarixini, filmin çəkildiyi ildən, yəni 1915-ci ildən götürək. Elə həmin ərəfədə kinomuzun yaranmasının 50 illiyi qeyd olunmalıydı. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlər idi. İnanırdıq ki, dövlət başçımıza bu məsələ çatdırılsa, mütləq razılıq verəcək. Amma rəhbərlik təklifimi mehribanlıqla qarşılamadı. Hələ məni bir az da qınayıb dedilər ki, bura dünən, srağagün gəlmisən indi sən tarix dəyişəcəksən? Get işinlə məşğul ol. Bu, mənə pis təsir etsə də, fikrimdən geri çəkilmədim. Əslində kinonun yaranması istehsal tarixi ilə götürülməlidir. Əlimizdə olan faktlar isə dönə-dönə təsdiq edir ki, "Neft və milyonlar səltənətində" 2016-cı ildə deyil, 2015-ci ildə çəkilib. Deməli, kinonun yaranması həmin ildən də hesablanmalı idi. Bu məsələ müəyyən mərhələlərdən keçəndən sonra Ümummilli Lider Heydər Əliyevə çatdırıldı və gözlədiyimiz kimi müsbət cavab verildi. Həmin vaxtlar may ayına, kinomuzun yarandığı qeyd olunan günə az qalırdı. Qısa müddət ərzində tədbirə hazırlaşmaq mümkün deyildi. Buna görə də yubileyin dekabr ayında keçirilməsi qərara alındı. Çox möhtəşəm bir tədbir keçirildi".
Kinomuzun illərin arxasında qalmış tarixi
Ötənləri xatırlayan Aydın müəllim kinomuzla bağlı maraqlı faktlara da toxundu: "Həmin yubiley tədbirində çıxış edən Ulu Öndər Heydər Əliyev kinomuzun tarixindən də ətraflı bəhs etdi və dedi ki, əgər mütəxəssislər, kinoşünaslar dərindən maraqlansalar, araşdırsalar, bəlkə də kinomuzun tarixi daha da qabağa gedib çıxar. Ümummilli Liderin bu sözləri məni çox düşündürdü. 1895-ci ildə dünya kinosu yaranmışdı. Ola bilməzdi ki, o vaxta qədər neft ölkəsi olan Bakıda hansısa bir film çəkilməsin, göstərilməsin. Bu məsələyə aydınlıq gətirmək üçün bir çox mənbələrlə maraqlandım, araşdırmalar apardım. Sonda ortalığa maraqlı faktlar çıxdı. Məlum oldu ki, 1898-ci ilin may ayında ölkəmizin paytaxtında xarici filmlər nümayiş etdirilib. İyun ayında isə Bakı sirkində Azərbaycan dilində filmlərin sınaq nümayişi olub. Bu sınaq əvvəlcədən elan edilməyib. Bakı sirkində gözbağlıyıcı müxtəlif fəndlər göstərəndən sonra arada fasilə yarananda tariximizdə ilk dəfə olaraq Azərbaycan dilində film göstərilib. Bu film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Deməli, 1898-ci il avqust ayının 2-də Bakı sirkində Azərbaycan dilində filmə baxış keçirilib. Ona görə də kinomuzun tarixi həmin vaxtdan hesablanmalıdır. Bəzi alimlərimiz bu tarixi biliblər. Amma təəssüflər olsun ki, onun üstündən sükutla keçiblər. Ona görə ki, həmin dövrdəki filmləri çəkən Aleksandr Mixayloviç Mişon adlı bir fransız olub. Mən araşdırmalarıma davam edərək Fransa səfirliyinə üz tutub xahiş etdim ki, həmin illərdə ölkələrində belə vətəndaşın olub-olmadığını dəqiqləşdirsinlər. Bir müddətdən sonra məlum oldu ki, Fransada kino ilə bağlı bu adda, bu soyadda fotoqraf və operator olmayıb. Sona qədər bu məsələni araşdırdım. Sən demə, alimlərimizin bu məslənin üstündən sükutla keçmələrinin səbəbi var imiş. Bu da o idi ki, fransız Mişon gəlib Azərbaycanda indiki dillə desək fotoatelyə açıb, film və şəkil çəkərək pul qazanıb. Dedilər bunun kinomuza nə aidiyyəti var. Mən araşdırmalarımla sübut etdim ki, bunun bizə aidiyyəti var. Öyrənmişdim ki, Mişonun əsl soyadı Aleksandr Berezovskidi, fransız yox, polyakdı. Yeri gəlmişkən deyim ki, Polşada doğulmuş Berozovskilər iki qardaş olublar. Qardaşlardan biri ruslara qoşularaq çara, 3-cü Aleksandra olunan sui-qəsddə iştirak edib. Bu cinayətə görə onu da saxlayıblar. Bunu eşidən ikinci qardaş, Aleksandrın atası vaxt itirmədən tələm-tələsik həyat yoldaşının soyadına keçərək Mişon olub. Polşanı tərk edərək Ukraynanın Xarkov şəhərinə gəlib. Kim bilir, bəlkə də soyadını dəyişməsəydi, Polşanı tərk etməsəydi, yəqin ki, sui-qəsd məsələsinə görə ikinci qardaşı da incidərdilər. Ölkəmizin paytaxtında fotaqrafiya açan, filmlər çəkən Aleksandr da bir zamanlar həyatını həbs olunmaqdan xilas etmək üçün Polşadan Xarkova gələn Mişonun ailəsində dünyaya göz açıb. Bu şəhərdə böyüyüb, evlənib ailə qurub. 1879-cu ildə Aleksandr Mixayloviç Mişon ailəsi ilə birlikdə Bakıya gəlib. O vaxtlar "Telefonnu" adlanan küçədə foto-atelye açıb. Mişonun əsl ixtisası fotoqraf olub. Amma sonra yavaş-yavaş filmlər çəkərək operatorluğu da öyrənib. Onu da deyim ki, Bakı haqqında çəkilən qədim şəkillərin də müəllifi odur. Mişon müntəzəm olaraq bir neçə il Bakıda təqvim də nəşr edib. Bir müddətdən sonra həyat yoldaşı Mişona təklıf edib ki, Xarkova qayıtsınlar. O, bu təkliflə razılaşmayıb. Belə olanda həyat yoldaşı ondan rəsmi qaydada ayrılaraq qızını da götürüb Xarkova qayıdıb. Bundan sonra Mişon Qusar rayonundan olan bir qadınla ailə qurub".
Fransadan geri qayıdan filmlərimiz
Bakıda olduğu illər ərzində Mişon müxtəlif mövzularda filmlər çəkib. 1900-cü ildə Fransada ümümdünya sərgisi keçirilib. Çar Rusiyasını təmsil edən Aleksandr Mişon çəkdiyi filmləri Parisə aparıb və orada göstərib. Parisdə Lümyer qardaşları bu filmləri ondan alaraq öz arxivlərində saxlayıblar. Qardaşlar dünyalarını dəyişəndən sonra onların bütün arxiv materilları dövlət fonduna verilib: "Bu dəyərli faktlar ortalığa çıxandan sonra ölkəmizin tarixinin bir parçası olan həmin filmlərin Parisdən alınması üçün cəhdlər göstərməyə başladıq. Şükürlər ki, cəhdlərimiz uğurla nəticələndi. Parisdəki fondda "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" filmlərini tapdıq və ala bildik. Həmin filmlər kino tariximizin dəyərli sərvətidir. Bütün bunlar nəzərə alınaraq Azərbaycan kinosunun yarandığı tarix "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" və digər filmlərin çəkildiyi 1898-ci ildən hesablandı. 18 dekabr 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si tarixi kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edildi.
Ulu Öndər Heydər Əliyev kinonun tarixinin dəyişdirilməsi ilə bağlı bir sıra sənət adamlarına fəxri adlar verdi. O cümlədən, mən də Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldüm. Beş ildən sonra mədəniyyət naziri Polad Bülbüloğlu gördüyüm işlərin miqyas və əhəmiyyətini nəzərə alaraq mənim Əməkdar incəsənət xadimi adına layiq görülməyim barədə təqdimat verdi. Və çox keçmədi ki, bu ada da layiq görüldüm. Təqaüdə çıxsam da, gecə-gündüz yorulmaq bilmədən işləyirəm. Kino mövzusu daim məni özünə çəkir. Əgər belə demək mümkünsə, kino mənim həyatımdır".
Aydın müəllim söhbət zamanı maraqlı bir fakta da toxunaraq dedi ki, Polad Bülbüloğlu nazir olanda, o Dövlət Film Fondunda işləyirdi. "Polad müəllim məni işlərimdən, yazılarımdan tanıyırdı. Bəzən zərurət yarananda mənimlə birbaşa əlaqə saxlayırdı. Bir gün zəng etdi ki, UNESCO-dan bizə məktub göndəriblər. Yaxın günlərdə bu beynəlxalq təşkilatın kataloqu çıxacaq. Hər ölkədən 3 film istəyirlər. Sən hansı filmləri məsləhət görürsən? Cavab verdim ki, Polad müəllim, ən yaxşı filmlərin adını 3 saniyə ərzində deyərəm. Amma məsləhətdirsə, sabah bu sahənin peşəkarlarını dəvət edin məsələni onların iştirakı ilə birlikdə müzakirə edək. Polad müəllim bu təkliflə razılaşdı. Ertəsi gün bu məsələ nazirin yanında müzakirə olundu. Birinci 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filminin adını çəkdim. Ona görə ki, Azərbaycanın inqilabdan əvvəlki həyatı, adət-ənənələri, məişət həyatı kimi orada geniş əks olunub. İnsanların necə yaşadığı orada öz əksini tapıb. İkinci filmi "Bir cənub şəhərində"ni məsləhət etdim. Çünki bu filmdə sovet hökumətinin iç üzü açıq göstərilirdi. Hiss etdim ki, təklifim yoldaşların da ürəyincədir. Üçüncü filmin adı üçün isə iki variant var idi: "Nəsimi" və ya "Babək". "Nəsimi" gözəl filmdir, aktyor, rejissor işi, hər şey əladır, Rasim Balayevin də roluna söz ola bilməz. Bu, bir tarixdir, amma sonda Nəsimin dərisinin soyulması məqamına baxanda görəcəklər ki, o cür şairin dərisini soyurlar. İnsanlar bunu yaxşı qəbul etməyəcək ki, insanın da dərisini soymaq olar?! Amma çox dəyərli "Babək" filmində böyük sərkərdəmiz Babək 22 il at belində, qılınc əlində ərəblərə qarşı vuruşub. Biz bu filmlə göstəririk ki, Azərbaycan xalqının övladları cəsurdur. Döyüşəndə də kişi kimi döyüşür, öləndə də kişi kimi ölür. Amma bir məsələ də var ki, bu filmin bəstəkarı Polad Bülbüloğludur. O da hazırda nazirdir. İndi qoy yoldaşlar seçsin. Sonra deməsinlər ki, Aydının nəsə məqsədi var. Hamısı qayıtdı ki, "Babək" filmi olsun. Elə o da oldu. UNESCO-ya bu üç film göndərildi".
***
Uzun illər kino sahəsində çalışmış Aydın Kazımzadənin 85 yaşı tamam oldu. Bu münasibətlə dost-tanışları, yaxınları onu təbrik edib, ünvanına xoş sözlər dedilər, uğurlar arzuladılar. Söhbətimiz zamanı Aydın müəllimdən onu ad günü münasibətilə daha kimlərin təbrik etdiyini soruşanda dedi, sağ olsun, dost-tanışlarım məni unutmadılar, təbrik etdilər. Mədəniyyət nazirinin birinci müavini, Azərbaycan Kinemotaqrafiya İttifaqının birinci katibi və başqa rəsmilər 85 illiyim münasibətilə məni təbrik edib yaradıcılıq uğurları arzuladılar. Şükürlər olsun ki, yaddan çıxmamışam. Hələ də varıq, yaşayırıq, yazıb-yaradırıq.
Aydın müəllim evində, belə demək mümkünsə, özünün şəxsi arxivini yaradıb. Arxivdə kinomuzun dünənini, bugününü özündə yaşadan 500-ə qədər qovluq var. O, bu qovluqları göz-bəbəyi kimi qoruyur. Söhbətimiz zamanı ondan davamçısının olub-olmadığını da soruşduq. Aydın müəllim dedi ki, bəli, davamçım var. Nəvəmdir.
Söhbətimizin sonunda "Hələ yorulmamısınız ki?", - deyə Aydın müəllimdən soruşanda cavabı çox qısa oldu: "Ömür vəfa edənə qədər yazıb-yaradacam". Fikrimizcə, kinomuzu sevə-sevə təbliğ və tərənnüm edən Aydın Kazımzadənin ömür yolu və yaradıcılığı gənclərimiz üçün örnək yeri olacaq. Gələcəyin jurnalistləri, kinoşünasları onun yaradıcılığından çox şey öyrənəcəklər.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"