Azərbaycan Premyer Liqasının XII turu “Qarabağ”ın “Kəpəz”lə oyunda 7 qol vurması ilə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır.
1992-ci ildən keçirilən turnirdə bunadək 72 dəfə tərəflərdən biri rəqib qapısına 7 və ya daha çox qol vurub. 7:1 hesablı qələbə qazanan “Qarabağ” tarixində 5-ci dəfə bunu bacarıb.
Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə 21 komanda məhsuldar oyun keçirməyi bacarıb. “Şəmkir” 7, Sumqayıt “Xəzər”i 6, “Turan”4, “Şamaxı” və “Bakı” hərəyə 3, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə 2 qarşılaşmada 7 və ya daha çox qola sevinib. Digər 11 komandanın hesabında bir belə görüş var.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ına 8 qol vurub – 8:1.
“Kəpəz”lə oyunda het-trik müəllifi olan “Qarabağ”ın futbolçusu Yassin Benzia isə hər üç qolunu ilk 45 dəqiqədə vurub. Azərbaycan çempionatları tarixində fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub.
2021/2022-ci illər mövsümündə İbrahima Vadji bunu bacarıb. O, 2022-ci il aprelin 15-də “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb. Benzia 568 gündən sonra eyni uğuru təkrarlayıb.
Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də Runi Eva “Neftçi”nin qapısına üç qol vurub. Həmin görüşdə “Turan Tovuz” 4:0 hesablı qələbə qazanıb.