Avstraliyanın Baş naziri Entoni Albanese çərşənbə günü xalqa müraciət edərək Yaxın Şərqdəki müharibənin iqtisadi təsirinin aylarla hiss olunacağı barədə xəbərdarlıq edib və vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.
AZƏRTAC “Reuters” agentliyinin məlumatına istinadla xəbər verir ki, yanacağının təxminən 90 faizini idxal edən Avstraliya ABŞ-İsrail müharibəsi və Hörmüz boğazının blokadası nəticəsində benzin qiymətlərinin kəskin şəkildə artması və yerlərdə çatışmazlıqlar ilə qarşılaşıb.
Baş nazir deyib: “Başa düşürəm ki, hazırda pozitiv qalmaq çətindir. Yaxın Şərqdəki müharibə tarixdə benzin və dizel qiymətlərində ən böyük sıçrayışa səbəb olub. Avstraliya bu müharibənin fəal iştirakçısı deyil. Lakin bütün avstraliyalılar buna görə daha yüksək qiymətlər ödəyirlər”.
Hökumət başçısı xəbərdarlıq edib ki, bu müharibənin yaratdığı iqtisadi şok qarşıdakı aylar ərzində hiss olunacaq.
Albanese vətəndaşları yanacaq təchizatındakı gərginliyi azaltmaq işinə öz töhfələrini verməyə, məsələn, bu həftə başlayacaq Pasxa tətillərindən əvvəl yanacaq ehtiyatı yığmamaq və ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O deyib: “İmkan daxilində növbəti həftələrdə işə getmək üçün qatar, avtobus və ya tramvaydan istifadə edin”.
Bu həftənin əvvəlində Avstraliya hökuməti ev təsərrüfatlarının müharibənin yaratdığı xərclərin artması ilə mübarizə aparmasına kömək etmək üçün benzin və dizel yanacağına aksiz rüsumunu yarıya endirəcəyini, habelə ağır yük maşınları istifadəçisinin rüsumunu üç ay müddətinə ləğv edəcəyini elan edib ki, bu da hökumətə təxminən 2,55 milyard Avstraliya dollarına (1,75 milyard dollara) başa gəlib.
Avstraliya 15 ildə ən yüksək yanacaq ehtiyatları toplayıb, lakin onlar Beynəlxalq Enerji Agentliyinin tövsiyə etdiyi 90 günlük limitdən xeyli aşağıda qalır.