BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycan üçün çoxşaxəli strateji imkanlar açır və ölkənin mühüm beynəlxalq nailiyyəti hesab olunur.
Bu barədə AZƏRTAC-a İtaliya–Azərbaycan Assosiasiyasının vitse-prezidenti, beynəlxalq ekspert Karlo Marino bildirib.
Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafı baxımından forum güclü sürətləndirici rol oynayacaq və eyni zamanda şəhər transformasiyalarına yönəlmiş bir “projektor” funksiyasını yerinə yetirəcək. Azərbaycan, bir çox digər ölkələr kimi post-neft iqtisadiyyatına keçid və diversifikasiya prosesindədir, tarixi irslə müasir memarlıq həllərini birləşdirən Bakı isə bu keçidi aydın şəkildə əks etdirir.
K.Marinonun qeyd etdiyinə görə, “WUF13”ə hazırlıq Xəzər dənizi sahili boyunca ictimai məkanların yenilənməsindən tutmuş ictimai nəqliyyata və yaşıl infrastruktura investisiyalara qədər şəhər layihələrinin sürətlə həyata keçirilməsinə töhfə verəcək.
O vurğulayıb ki, forum, həmçinin qurumlararası dialoqu stimullaşdıracaq, enerji, nəqliyyat, mənzil siyasəti və ətraf mühitin mühafizəsinə cavabdeh qurumları bir araya gətirərək şəhər siyasətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə DİM 11-ə uyğunlaşdırılmasına xidmət edəcək.
Regional liderlik mövzusuna toxunan K.Marinonun fikrincə, Bakının forum üçün məkan kimi seçilməsi geosiyasi baxımdan əsaslandırılmış qərardır. O qeyd edib ki, Cənubi Qafqaz və Xəzər regionu ölkələri şəhərlərin qeyri-bərabər inkişafı, su və torpaq ehtiyatlarına ekoloji təzyiq, eləcə də sovet dövrü şəhərsalma irsi kimi ortaq çağırışlarla üzləşir. “WUF13”ün keçirilməsi Azərbaycanın mövqelərini təkcə enerji dəhlizi kimi deyil, eyni zamanda şəhər inkişafı sahəsində bilik və diplomatiya mərkəzi kimi möhkəmləndirəcək, bununla da ölkənin beynəlxalq nüfuzunu və “yumşaq güc”ünü artıracaq.
Ekspertin sözlərinə görə, şəhər siyasətinin uzunmüddətli transformasiyasına xüsusi diqqət yetirilməlidir. O, forumun ən mühüm təsiri kimi hazırlıq prosesi və beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektorla qarşılıqlı fəaliyyət nəticəsində formalaşan institusional yaddaşı göstərib. Bu isə vətəndaşın iştirak mexanizmləri və dairəvi iqtisadiyyat modelləri daxil olmaqla qabaqcıl dünya təcrübələrinin tətbiqi, eləcə də Azərbaycanda şəhər siyasəti sahəsində daimi institutların yaradılması üçün şərait yaradır.
Karlo Marino vurğulayıb ki, Bakının seçilməsi özü qlobal gündəliyə töhfə verir. Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr uzun müddət əsasən Qlobal Şimal ölkələrinin təcrübəsi üzərində formalaşıb, halbuki Bakı Avropa ilə Asiyanın qovşağında yerləşən, zəngin tarixə malik və eyni zamanda resursların idarə olunması, məkan bərabərsizliyi və iqlim dəyişiklikləri kimi müasir çağırışlarla üzləşən şəhər modelini təqdim edir.
Ekspert əlavə edib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu urbanistika üzrə qlobal dialoqu zənginləşdirə və mərkəzsizləşdirə, onu daha inklüziv edə bilər. Onun fikrincə, forumun effektivliyi real tərəfdaşlıqlar, siyasi innovasiyalar və indiyədək beynəlxalq müzakirələrdə kifayət qədər təmsil olunmayan şəhər və ölkələrin iştirakının genişlənməsi ilə ölçüləcək.