Ölkə hökuməti xalqın maliyyə yükünü qəbul etdiyini bildirib
İran hakimiyyəti əhalinin dolanışıqlarını təmin etməkdə üzləşdiyi problemlərdən xəbərdardır və ərzaq rasionu kartlarına köçürülən məbləğləri artırmağı düşünür.
İRNA agentliyinin məlumatına görə, İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani bu açıqlamanı ölkənin iqtisadi vəziyyətini qiymətləndirərkən verib.
O qeyd edib ki, Prezident Məsud Pezeşkian əhalinin zəruri mallara əlçatanlığı və dolanışıqlarını təmin etməkdə üzləşdiyi problemləri yaxından izləyir.
Müharibənin ölkə iqtisadiyyatına təsiri barədə danışan Mühacirani hökumətin xalqın maliyyə yükündən xəbərdar olduğunu bildirib. "Qida rasionu kartlarına köçürülən məbləğin artırılması məsələsi nəzərdən keçirilir", - deyə rəsmi nümayəndə bildirib.
Mühacirani həmçinin qeyd edib ki, qlobal yanacaq böhranı olsa da, daxili uçuşların qiymət artımının qarşısını almaq üçün lazımi monitorinq aparılacaq.
İranda 2025-ci il dekabrın 28- də iqtisadi çətinliklər fonunda başlayan etirazlar zamanı əhalinin çətinliklərini aradan qaldırmaq üçün adambaşına aylıq 10 milyon rial (təxminən 7 dollar) yardım ayrılması qərara alınıb.
Yardımın aylıq olaraq hesablara köçürüləcəyi və əsas ərzaq məhsullarının qiymətləri artarsa, məbləğin müvafiq olaraq artırılacağı açıqlanıb.
İranda əvvəllər yardım nağd şəkildə ödənilirdisə, bu halda həddindən artıq qiymət artımının qarşısını almaq üçün vəsaitin yalnız ərzaq alışı üçün birbaşa hesablara köçürülməsinə qərar verilib.
Bu arada İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri ABŞ-nin dəniz blokadasının ölkənin mal və ərzaq təchizatına demək olar ki, heç bir təsir göstərmədiyini bildirib.
O, bunu yüksək səviyyədə daxili istehsal və alternativ idxal yolları ilə əlaqələndirib.
Nuri bildirib ki, "ABŞ-nin dəniz blokadasına baxmayaraq, ölkənin coğrafi xüsusiyyətləri müxtəlif sərhədlərdən idxala imkan verdiyindən, əhalinin əsas mallar və ərzaq məhsulları ilə təminatında heç bir problem yoxdur".
Nazir əlavə edib ki, kənd təsərrüfatı məhsullarının və zəruri malların təxminən 85 faizi daxili istehsal olunur və bu da İranın ərzaq təhlükəsizliyinin sabit və maneəsiz qalmasını təmin edir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”