Azərbaycanda
aparılan islahatların iki əsas məqsədi var: iqtisadi inkişafı sürətləndirmək və
əhalinin sosial rifahını yaxşılaşdırmaq. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə
qeyd etmişdir ki, əsas məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial
rifahını yaxşılaşdırmaqdır.
Hər iki məqsədə
xidmət edən bu amil isə yeni müəssisələrin, deməli, həm də yeni iş yerlərinin açılmasıdır.
Bu isə ilk
növbədə sahibkarlığın inkişafından asılıdır. Bunun üçün ölkədə məqsədyönlü siyasət
yürüdülür. Həmin siyasətin əsas istiqaməti sahibkarlığın inkişafına dəstək vermək
və bu yolla əhalinin məşğulluğunu təmin etməkdir. Prezident İlham Əliyev 2019-cu
ilin yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Kiçik və orta biznesin
inkişafı - bu da prioritet məsələdir. Biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə
ümumi daxili məhsulun əsas hissəsini kiçik və orta sahibkarlıq təmin edir. Azərbaycanda
biz bu istiqamətdə birinci addımları atırıq və burada kiçik və orta biznesə dəstək
yüksək səviyyədə olmalıdır... Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan
ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir.
Keçən il ölkədə 98 min yeni iş yeri yaradılıb”.
Dövlət Statistika
Komitəsinin yaydığı məlumata görə, sahibkarlığa verilən dəstək sayəsində keçən il
statistik vahidlərin (fərdi sahibkarlar istisna
olmaqla) sayı 12,2 faiz artaraq cari il yanvarın 1-i vəziyyətinə 146233 olub.
Yeni xidmət və istehsal sahələrində artım turistlərin yerləşdirilməsi, ictimai iaşə,
inzibati və yardımçı xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin
təmiri, emal sənayesi, daşınmaz əmlakla əlaqədar əməliyyatlar və digər sahələri
əhatə edir. Bu sahədə ticarət, tikinti, kənd təsərrüfatı, balıqçılıq, nəqliyyat
vasitələrinin təmiri üzrə statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir.
Məlumatda
o da qeyd edilir ki, cari il yanvarın 1-i vəziyyətinə görə, ölkə üzrə kommersiya
təşkilatlarının ümumi sayının 92,5 faizini mikromüəssisələr təşkil edir və onların
əsas hissəsi ticarət, xidmət, tikinti, kənd təsərrüfatı ilə məşğuldur. Bununla yanaşı,
ötən il ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5 faizini kiçik müəssisələr
təşkil edib ki, onların da əsas hissəsi ticarət, tikinti fəaliyyəti ilə məşğul olub.
Bu dövrdə
xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi ticarət, xidmət, nəqliyyat
vasitələrinin təmiri, tikinti, kənd təsərrüfatı, emal sənayesi və digər sahələrdə
cəmlənmişdir. Bütün bunlara nəzər yetirdikdə görürük ki, ölkə üzrə sahibkarlara
məxsus müəssisələrin çox hissəsi kiçik və orta sahibkarlıq subyektləri təşkil edir,
eyni zamanda onların fəaliyyət sahələri də bir-birinə yaxındır.
Ötən il yeni
yaradılan statistik vahidlərin 99,1 faizi xüsusi (o cümlədən, 17,5 faizi tam xarici
investisiyalı, 2,2 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə, 0,8 faizi dövlət
mülkiyyətli müəssisələrin payına düşür. Reyestr qeydiyyatından keçmiş statistik
vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələrin çoxu Türkiyə, İran,
Rusiya, Böyük Britaniya, ABŞ, Almaniyadan olan sahibkarlara məxsusdur.
Buradan aydın
görünür ki, ölkəmizdə xarici investorlara yaradılan münbit şərait və yerli sahibkarlara
verilən dəstək sayəsində özəl sektorda yeni birgə müəssisələr yaradılır. Dövlət
bu yolla həm iqtisadi inkişafa, həm də məşğulluğun təmin edilməsinə nail olur.
Digər fakt:
cari il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 914 min nəfərdən çoxdur.
Qeyd edək ki, sahibkarlığın belə forması dünyada geniş yayılıb. Çünki sahibkar bu
zaman vergi ödəyicisi kimi qeydiyyata düşsə də, bir sıra digər prosedurları sadə
şəkildə həll edə bilir. Bu üzdən kiçik və mikrosahibkarlıq fəaliyyəti ilə məşğul
olanlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa üstünlük
verirlər. Dünyada olduğu kimi, Azərbaycanda da dövlət bu növ sahibkarlıq fəaliyyəti
ilə məşğul olanlara şərait yaradır. Bu, həm işsizliyin, həm də yoxsulluğun aradan
qaldırılmasında ən optimal yoldur.
Rüstəm KAMAL,
"Azərbaycan”