İnsan orqanizminin qocalması bərabər və tədrici şəkildə baş vermir, əksinə, müəyyən yaş dövrlərində birdən-birə müşayiət olunur. Sinqapur alimlərinin apardığı yeni tədqiqata görə, insanın immun sistemi ömür boyu iki əsas dövrdə, 40 yaş ətrafında və 60 yaşdan sonra daha sürətlə yaşlanır.
“Science Alert” portalının məlumatına görə, araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub.
Sinqapurun “Duke-NUS” Tibb Məktəbinin tədqiqatçıları yaşı 19-dan 97-yə qədər olan 1828 sağlam insanın 3,8 milyon immun hüceyrəsini təhlil ediblər. Hüceyrələrdəki gen fəallığını araşdıran alimlər məhz 40 və 60 yaşdan sonrakı mərhələlərdə ciddi dəyişikliklərin baş verdiyini aşkarlayıblar. Bu iki dəyişiklik dövründə orqanizmdə iltihab əlamətləri artır, immun hüceyrələrin zülalları idarəetmə və bərpaetmə qabiliyyəti isə zəifləyir. Hüceyrələrdə zülal sintezinin azalması orqanizmin stresə qarşı müqavimətini zəiflədir və müxtəlif xəstəliklərin yaranma riskini artırır.
Tədqiqatın aparıcı müəllifi Jak Bemuaras bildirib ki, qocalma prosesində xüsusilə orqanizmi infeksiyalardan və xərçəng hüceyrələrindən qoruyan “T hüceyrələri” ciddi dəyişikliyə məruz qalır. Onun sözlərinə görə, məhz bu hüceyrələrin funksiyasındakı dəyişikliklər yaşlı insanların infeksiyalara və iltihabi xəstəliklərə niyə daha həssas olduğunu izah edir.
Araşdırma zamanı kişi və qadınların immun sisteminin qocalma sürətində də fərqlər üzə çıxıb. Belə ki, qadınlarda yaşlanma ilə bağlı gen dəyişiklikləri daha qabarıq görünür və bu iki dövr onlarda daha yüksək həddə çatır. Kişilərdə immun dəyişiklikləri daha erkən yaşlarda müşahidə edildiyi halda, qadınlarda bu proses həyatın sonrakı mərhələlərində daha kəskin özünü göstərir. Alimlər bu məlumatların gələcəkdə qadınların immun sisteminin pozulması ilə yaranan xəstəliklərə niyə daha çox meyilli olduğunu anlamağa və yaşlanmaya qarşı fərdi müalicə üsulları hazırlamağa kömək edəcəyini vurğulayırlar.
Təhminə VERDİYEVA,
“Azərbaycan”