Qubada Soyqırımı Memorial Kompleksində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti: yeni tapıntılar kontekstində” mövzusunda elmi seminar keçirilib.
AMEA Arxeologiya və Antropologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının birgə təşkilatçılığı ilə keçirilən seminarda Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova çıxış edərək bildirib ki, şimal-şərqi Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından elmi seminarların, birgə arxeoloji tədqiqatların mühüm rolu var: “Bölgədə aparılan arxeoloji qazıntıların ölkəmizin qədim şəhər mədəniyyətinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Bu gün Quba müasirliyin və qədimliyin qovuşduğu məkandır. Keçmişin qorunması, yeniliyin tarixi köklərə söykənməsi rayonumuzun memarlıq xəritəsidir”.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini və İctimai elmlər kafedrasının baş müəllimi Mürvət Əliyev tarixi-mədəni irsin tədqiqi və təbliğində elmi müəssisələrlə ali təhsil ocaqları arasında əməkdaşlığın əhəmiyyətindən, tələbələrin bu prosesə cəlb olunmasının vacibliyindən danışıblar.
Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva isə çıxışında bölgənin zəngin arxeoloji irsinin qorunması, tarixi abidələrin tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edərək bu sahədə birgə elmi fəaliyyətin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bölgənin arxeoloji araşdırmalarında qarşılıqlı əlaqələr tariximizin öyrənilməsində mühüm rola malikdir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şabran Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov məruzə ilə çıxış edərək Şabran ərazisində aparılan son arxeoloji tədqiqatların nəticələri, yeni aşkar edilmiş yaşayış məskənləri, müdafiə istehkamları və maddi-mədəniyyət nümunələri haqqında məlumat verib. O, yeni tapıntıların bölgədə erkən şəhər mədəniyyətinin inkişaf mərhələlərini daha dəqiq müəyyənləşdirməyə imkan verdiyini diqqətə çatdırıb.
Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev “Şimal-şərqi Azərbaycanın erkən şəhər mərkəzlərində aşkar edilmiş maddi-mədəniyyət nümunələri” mövzusunda çıxış edib. O, muzeyin fondlarında qorunan arxeoloji tapıntılar, onların elmi dövriyyəyə cəlb olunması və erkən şəhər mədəniyyətinin formalaşmasında oynadığı rol barədə ətraflı məlumat verib.
Seminarda aparılan elmi-tədqiqat işləri, tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən tədbirlər, həmçinin erkən şəhər mədəniyyətinin öyrənilməsində gənc tədqiqatçıların və tələbələrin rolu müzakirə olunub.
Sonda mövzu ətrafında elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Akif ƏLİYEV,
“Azərbaycan”