YAP-ın Gənclər
Birliyinin hər hansı rayon təşkilatı birləşmiş
müxalifətin mitinqindən daha əzəmətli tədbir təşkil edə bilər
İllərdir antiazərbaycançı
şəbəkənin verdiyi qəpik-quruş qarşılığında ara qarışdıran və hər cür naxələfliyə
razılıq verən bir qrup "qrantyeyən”in son günlərdə "aktivlik” nümayiş etdirməsi
heç də təəccüblü deyil.
Düzdür, adətən
belə hallara Azərbaycanda mühüm ictimai-siyasi proseslər ərəfəsində rast gəlinirdi.
Deyəsən, antiazərbaycançı şəbəkə ölkə daxilindəki buyruq qullarının iflic durumunda
olduğunu görüb "kisəsinin ağzını açıb”. Ancaq aqressiv müxalifətin yeni tapşırıqları
hansı formada icra etməsi xaricdəki havadarlarını heç də razı salmayıb. Çünki ötən
həftə keçirilən mitinq, dağıdıcıların zəifliyini,
cəmiyyət tərəfindən dəstəklənmədiyini bir daha nümayiş etdirdi.
Görünən odur
ki, dövlətimizin son illərdəki uğurlarını həzm edə bilməyən antiazərbaycançı şəbəkə
müsəlman aləmində öz abadlığı və azadlığı, rahatlığı və sabitliyi, dincliyi və tolerantlığı,
multikulturallığı ilə seçilən Azərbaycanda yenə aranı qarışdırmağa, məkrli niyyətini
"işə salmağa” çalışır. Ancaq antimilli şəbəkənin və daxildəki "sapı özümüzdən olan
baltalar”ın çirkin oyunları hər zamankı kimi iflasa məhkumdur.
Son günlərdə
dağıdıcı müxalifət düşərgəsində qrant xatirinə vətənsatma "sevdası” yenə baş qaldırıb.
Dağıdıcılar sosial şəbəkələrdə, internet resurslarında keçirdikləri mitinqi elə
təqdim edirlər ki, guya "birləşmiş müxalifət”in "Məhsul” stadionunda keçirdiyi mitinqdə
qələbəlik yaşanıb. Halbuki mitinq təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqət
çəkib.
25 ildən çoxdur
ki, dəyişməyən eyni simalar, eyni şüarlar,
eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların
qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə
tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Bu gün özlərini
milli təəssübkeş, demokratiya carçıları kimi qələmə verənlər gənc nəsli çaşdırmağa
çalışırlar. Onlar vaxtilə törətdikləri əməllərin unudulduğunu düşünürlər. Amma tarix
unudulmur. 1990-cı illərin əvvəllərində AXC-Müsavat iqtidarının nümayəndələrinin
parlamentdə, mediada çıxışlarında bir-birinə qarşı ittihamları, yol verilmiş ciddi
səhvləri, korrupsiya, rüşvətxorluq, xəyanət və s. barədə açıqlamalarını hər kəs
yaxşı xatırlayır. Ümumiyyətlə, cəmiyyət belə məsələləri unutmamalı, gənc nəsil xarici
güclərin dəstəyi ilə hakimiyyət iddiasını reallaşdırmaq istəyənlərin keçmişi haqqında
həqiqətləri bilməlidir. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə
öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də
1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Son aksiya
yalnız yerli "təşəbbüslərlə” başa gəlməmişdi. Xaricdəki bloqerlər mitinqə çağırış
edirdilər və beləliklə, bu, Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə
sığınan antimilli ünsürlər ilə birlikdə təşkil etdiyi "ortaq tədbir” idi. Ortaya
çıxardıqları isə göz önündə idi - 2800 nəfər.
Əminliklə
deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının
Gənclər Birliyinin hər hansı rayon təşkilatı birləşmiş müxalifətin mitinqindən
daha əzəmətli tədbir təşkil edə bilər. Bu, dəfələrlə sübut olunub.
Son mitinqdə
əvvəlki aksiyalarda yaşanan analoji hal baş verdi. Hər zaman şəxsi ambisiyaları
üzündən bir araya gələ bilməyən AXCP sədri Əli Kərimli vaxtilə İsa Qəmbərin etdiyi
kimi davranaraq "birləşmiş” müxalifətin birgə ərsəyə gətirdiyi aksiyanı öz adına
çıxmaq istədi. Bu davranış isə "düşərgədə” yeni gərginliyin əsasını qoydu və bəzi təşkilatlar artıq AXCP-nin iştirak etdiyi
aksiyalara qatılmayacaqlarını bəyan ediblər.
Bu, AXCP sədri
Əli Kərimlinin köhnə peşəsi olduğu üçün heç də təəccüblü deyil. AXCP sədri bütün
aksiyalarda bu taktikadan yararlanmaqla öz xeyrini güdür. Lakin xalqın gözü tərəzidir
və kimin-kim olduğunu yaxşı bilir.
19 yanvar
mitinqində daha bir fakt sübutunu tapdı. Hər kəs bir daha əmin oldu ki, AXC-nin
şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlər hələ də revanşizm
ab-havasındadırlar və dağıdıcılıq, sabitliyin
pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Çünki onların
mitinqdəki çıxışları göstərdi ki, cəmiyyətə
yeni, faydalı heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar,
eyni şüarlar, eyni populist və mənasız çağırışlar...
Bütün bunlar
bir daha təsdiq edir ki, "beşinci kolon”nun üzvləri öz iddialarını reallaşdırmaq
üçün Azərbaycanın Suriya, Liviyanın vəziyyətinə düşməsinə belə hazırdırlar. Çünki
mitinqdən bir gün sonra, ümumxalq hüzn günündə, Şəhidlər xiyabanında yaratdıqları
destruktiv, təfriqəçi olaylar müxalifətin əsl məkrini ortaya qoymuş oldu. Əli Kərimli
və onun zombiləşmiş dəstəsi dünyanın diqqəti Azərbaycana yönəldiyi bir gündə, ümümxalq
hüzn günündə belə, ölkədə qarışıqlıq yaratmağa çalışdılar. Yəqin ki, havadarlarından
aldıqları tapşırıq belə imiş.
Bu cür uğursuz nəticəyə baxmayaraq, müxalifət yenə
də mitinq keçirmək istəyir. Amma bu istək hər şeydən əvvəl, ölkədə hay-küy salmağa,
sabitliyi pozmağa, xaricdəki ağalarının vasitəsi ilə ölkəmizə qarşı əsassız ittihamlar
uydurulmasına şərait yaratmaq məqsədi güdür. Ona görə də müxalifətin bu cür lüzumsuz,
sabitliyi pozmağa xidmət edən mitinqlərinin keçirilməsinə icazə verərkən bunlar
nəzərə alınmalıdır. Yəni, reallıq onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş
verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca, dağıdıcı qrupların
kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək
olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin
qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana
cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir
ki?!
Görünür, Prezident
İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli
islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə,
özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə
müqavimət göstərməyə çalışırlar. Ermənistanla danışıqların yeni intensiv mərhələyə
daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma
yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, onlar belə tapşırıq alırlar
və canla-başla onu icra edirlər.
Tam reallıqdır
ki, alətə çevrilən buqələmunlar Azərbaycan Prezidentinin son illərdəki uğurlu islahatlarının
nəticələri ilə barışa bilmirlər. Sanki düşmən mövqedə dayanıblar. Prezident İlham
Əliyevin son 15 ildə Azərbaycana qazandırdığı uğurlar göz önündədir. Hərtərəfli
inkişaf, artan iqtisadiyyat və yüksələn beynəlxalq nüfuz Azərbaycanı dünyada etibarlı
tərəfdaşa çevirib.
Bu gün dünya
Azərbaycanı cənab İlham Əliyevə görə tanıyır. Hər il Davosda ənənəvi olaraq təşkil
olunan Dünya İqtisadi Forumuna dəvət olunan dövlət başçısı Azərbaycanın inkişaf
modelini təqdim edir və böyük dəstək qazanır. Dövlət başçısı kimi ilk dəfə
2007-ci ilin yanvarında Davos İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev
2019-ci ildə 13-ci dəfə bu mötəbər toplantıda oldu. Əlbəttə ki, cənab Prezidentin Davosda dövlət və hökumət başçıları, tanınmış
beynəlxalq şirkət rəhbərləri ilə keçirdiyi görüşlər hər zaman ölkəmizə siyasi və
iqtisadi dvidendlər qazandırıb.
Bütün bu nailiyyətlər
Azərbaycanın dünya birliyindəki mövqeyini gücləndirdiyi təqdirdə müxalifət daha
da aqressivləşir. Səbəb isə bəllidir. Bədniyyətli qüvvələr yaxşı anlayırlar ki,
Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadan cənab İlham Əliyev bu ölkəni daha
böyük zəfərlərə doğru aparır. Onun ən böyük dəstəkçisi isə xalqdır.
Amil CAVADOV,
YAP Gənclər
Birliyinin Şura üzvü