01 Sentyabr 2022 01:04
1456
SİYASƏT
A- A+

İlham Əliyevin növbəti diplomatik uğuru

 

Avropa İttifaqı Şurasının təşəbbüsü ilə keçirilən sülh danışıqlarında Azərbaycan üstünlüyünü bir daha təmin etdi

 

Dünən Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti, dördüncü mərhələsi reallaşdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşdə İlham Əliyevlə N.Paşinyan baş verən proseslər və götürülən öhdəliklərin icra prosesi ilə bağlı danışıqlar apardılar.

 

Hərbi-siyasi qələbənin növbəti və vacib mərhələsi

 

Qalib komandan kimi İlham Əliyev dördüncü Brüssel görüşünə də hərtərəfli üstünlüklə yollanmışdı. 
Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" cavab əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsi və yeni Laçın avtomobil yolunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux, Sus kəndlərinin boşaldılması bu prosesin tərkib hissəsi idi. Yəni, İlham Əliyev bir daha göstərmiş oldu ki, Qarabağ və Şərqi Zəngəzurda hər mənada üstünlük Azərbaycandadır və qalib ölkə 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərini vaxtından əvvəl reallaşdırır. Əlbəttə ki, bu üstünlüklər diplomatik müstəvidə də aparılan danışıqlara təsirsiz ötüşməməli idi. Bu mənada dördüncü Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsi idi. 
Dördüncü görüşün gündəliyində duran əsas məsələlər sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemi idi. 
Görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açıqlama verərək bəyan etdi ki, tərəflər dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlib və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırıb. 
Həmçinin humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə aparılıb. 
Brüsseldə növbəti görüşün vaxtı da müəyyənləşdirilib. Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın beşinci görüşü noyabrın sonuna qədər reallaşmalıdır. 
Göründüyü kimi, Avropa İttifaqı Şurasının təşəbbüsü ilə başlanan sülh danışıqları prosesində müəyyən irəliləyişlər var. Bütün danışıqlarda isə qalib dövlət kimi Azərbaycan üstünlüyünü təmin edir. 
Əlavə edək ki, Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə bu formatda ilk görüş 2021-ci il dekabrın 14-də, ikinci görüş bu il aprelin 6-da, üçüncü görüş isə may ayının 22-də keçirilib. Sonuncu görüşdən sonra tərəflər razılığa gəliblər ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutsun. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılıq əldə ediblər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Bu prosesin tərkib hissəsi kimi aqustun 30-da Moskva şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə müvafiq olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ikinci görüşü keçirilib. Görüşdən əvvəl Rusiya Federasiyası hökuməti sədrinin müavini A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb, komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedur məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar. Həmçinin komissiyanın növbəti iclasının yeri açıqlanıb.  Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü noyabrda Belçikanın paytaxtı Brüsseldə olacaq. 

 

Bakı və İrəvan arasında yeni razılaşma olacaq

 

Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında da Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə toxunub. Nazir bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupu məşğul olur.
"Ən yaxın vaxtda razılaşmalar olacaq. Rusiya tərəflər arasında sıx əlaqədədir",- deyə Lavrov vurğulayıb. Lakin XİN başçısı razılaşmaların nədən ibarət olacağı haqda ətraflı məlumat verməyib. 
Bir sözlə, dördüncü Brüssel danışıqlarında da İlham Əliyev bir daha Azərbaycanın sülh sazişinin imzalanma prosesinə hazır olduğunu, ölkəmizin üzərinə düşən bütün öhdəlikləri vaxtında yerinə yetirdiyini bəyan etdi. Bundan öncə keçirilən hər üç görüşdə olduğu kimi dördüncü görüşdə də Azərbaycan hərtərəfli üstünlüyünü təmin etmiş oldu.  


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video