Və Azərbaycanın yeni hədəflərə doğru sürətli
inkişafı
İlham Əliyev hələ 2016-cı ildə "Biz dərin
islahatlar dövrünə qədəm qoyuruq” bəyanatını verəndə bu prosesin belə geniş miqyası
əhatə edəcəyini heç də hamı gözləmirdi. Amma innovativ təşəbbüsləri, qlobal mahiyyətli
planları ilə daim fərqlənən və onları uğurla tətbiq edən ölkə rəhbəri ötən üç il
ərzində də islahat proqramlarının sayını dəfələrlə artırmaqla, onların sistem ardıcıllığını
təmin etməklə, ən əsası isə demək olar ki, bütün sahələrə yönəltməklə bu dəfə də
ictimaiyyəti yaxşı mənada təəccübləndirməyi bacardı.
İslahatların məqsədi nədir, nəticəsi nə olacaq?
Prezidentin "Real” televiziyasına müsahibəsinin
əsas leytmotivini də məhz bu islahatların gedişinin təhlili kimi səciyyələndirmək
olar. Mətbuatın durumundan sosial-iqtisadi vəziyyətə, lokal planlardan qlobal layihələrə,
dövlət-vətəndaş münasibətlərindən hərbi quruculuğa qədər, bir sözlə, cəmiyyətin
və dövlətin bütün sahələri üzrə yığcam, amma müfəssəl baxışlarını açıqlayan ölkə
rəhbərinin bir fikri bu mülahizələri konkretləşdirdi: Azərbaycanda aparılan islahatlar
hansısa istiqamətlər üzrə və müəyyən mərhələ üçün deyil, əksinə, onlar davamlı sistem
islahatlarıdır.
Bir məqamı unutmayaq: hələ 1993-cü ildə
- böyük faciələrin, böhranların, dövlətçiliyin süqutunun yaşandığı o məşəqqətli
dövrdə Heydər Əliyevin xaosdan qurutuluşa keçidi uğurla tətbiq etməsi və ardınca
başlatdığı islahatlar 26 il sonra yeni keyfiyyət mərhələsinə qədəm qoyan islahatların
təməli, möhkəm zəminidir. Bu həqiqəti xatırladan Prezident siyasi kursun varisliyinin
həm də islahatlar konsepsiyası üzrə də təmin edildiyini vurğuladı.
Yəni, yol, istiqamət və hədəflər eynidir.
Sadəcə, yeni dövrün çağırışları, müasir tələblər islahatlar kursunun daim təkmilləşməsini,
qlobal meyillərə uyğunlaşdırılmasını tələb edir.
Lakin 2016-cı ildə başlayan və artıq dördüncü
ilinə qədəm qoyan islahatlar indiyədək olmadığı qədər köklü dəyişikliklərin, genişmiqyaslı
yeniliklərin təcəssümüdür. Son islahatlar miqyasına görə olduqca genişdir və hər
sahə üzrə konkret plan, layihə və vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib.
Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək
məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. Xüsusən
də Konstitusiyaya edilən son əlavə və dəyişikliklər islahatların hüquqi tənzimlənməsini
və yeniləşən sistemə uyğunlaşdırılmasını əsasən formalaşdırıb.
İlham Əliyevin "daha güclü, daha inkişaf
edən Azərbaycan, daha rifahlı vətəndaş” konsepsiyasını həyata keçirməli olan hakimiyyət
institutları da məhz bu yeni situasiyaya uyğun təkmilləşdirilir, struktur islahatlarının
tərkib hissəsinə çevrilir.
Prezidenti görərkən dərd də unudulur, acı
da yaddan çıxır
Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq,
məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi
isə bunlar Prezidentin həlledici, daha doğrusu yeganə etimad meyarıdır və bunu ölkə
rəhbəri müsahibəsində xüsusi vurğuladı. İlham Əliyev yeni inkişaf strategiyasının
icrasını indi öz sahəsində onilliklər boyu təcrübə qazanmış mütəxəssislərə, eyni
zamanda gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib. Komandanın tərkibi
cəmiyyətdə də rəğbətlə qarşılanır və İlham Əliyev iqtidarı ictimai rəydə alternativsizliyini
birmənalı qoruyur.
Prezident yeni islahatlar dövründə hakimiyyətin
fəaliyyətini, təşəbbüslərini qaneedici sayır və bu təəssüratın xalqla görüşlərdə
möhkəmləndiyini deyir. Şübhəsiz ki, islahatların əsas təmayülü sosial-iqtisadi məzmunda
olduğu kimi, ümumilikdə iqtidarın fəaliyyət prioriteti də məhz bu yönümdədir. Son
dövrlərdə ölkədə iqtisadi inkişafın stimullaşdırılması və əhalinin sosial rifahının
artırılması kontekstində atılan ardıcıl addımlar, qəbul edilən qərarlar cəmiyyətdə
böyük razılıqla qarşılanıb.
Əlbəttə, əhalinin öz maaşının, müavinətinin,
təqaüdünün artırılmasına sevinməsi qeyri-adi hal deyil. Fəqət bu prosesin əlahiddəliyi
odur ki, əhali büdcəyə daxil olan əlavə vəsaitin yalnız bir istiqamətə - vətəndaşların
sosial durumunun yaxşılaşdırılmasına yönəldiyini görür, dərindən anlayır və bunu
qiymətləndirir.
Ötən ilin aprelində xalq tərəfindən növbəti
ümummilli etimad mandatı alan İlham Əliyevin son dövrlərdəki fəaliyyəti bu inamın
səviyyəsini daha da yüksəldib. Məsələn, evi zəlzələdə dağılmış, böyük psixoloji
sarsıntı içində olan insanlar Prezidenti görərkən bütün çətinliklərini unudur, onu
öz doğması kimi qarşılayır, ağbirçək öz alqışını, ağsaqqal duasını, gənclər də heyranlıqlarını
bildirirlər. Bir anda dərd də unudulur, acı da yaddan çıxır.
Bu, heç də yalnız vətəndaşın "problemimi
İlham Əliyev həll edəcək” qənaətinə sahib olması ilə bağlı deyil. Yəni, belə psixoloji
məqamın əsla maddi anlamı yoxdur, bu, birbaşa Liderə güvənin, sevginin, verilən
dəyərin əyani təzahürüdür.
Məsələn, Şamaxıda Prezidentlə görüşən 92
yaşlı Saray Eyvazovanın elə bizim qəzetin əməkdaşı ilə söhbətinə nəzər salaq: "Həyətdə
oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza
çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya
baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da, durum ayağa, öpüm
gözlərindən. Qurban olum gələn ayaqlarına... Əlləri ilə çiynimdən tutub dedi ki,
qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü”.
Səmimiyyətin, sevginin ən parlaq göstərici
olan bu sözləri Prezidentin yüksək tribunadan enərək qarşısına qədər gəldiyi ahıl
şəhid anası da, mükafatı almaq üçün rəhbərinin yanına qalxmağa hazırlaşan, amma
bir anda rəhbərinin onun yanına düşməsini görən gənc əlil həmvətənimiz də səsləndirir,
saysız-hesabsız sadə azərbaycanlılar da bu qənaəti bölüşür.
İlham Əliyevin yolu - Azərbaycanın hədəfi
Bu ünsiyyətə vətəndaş-dövlət münasibətlərinin
yeni formatı demək olar, amma sadə xalqın buna elə sadə də izahı var: İlham Əliyev
üslublu, ürəkləri dağa döndərən görüşlər. Bu üslub qarşılıqlı etimadı, güvəni, hörməti,
sevgini əks etdirir. Həmçinin Prezidentin "Azərbaycan vətəndaşı bilir ki, ən ağır
vəziyyətdə dövləti onun yanında olacaq, dövlət də tam əmindir ki, vətəndaş hər zaman
dövlətin arxasındadır” əminliyini tam mənada ifadə edir.
Prezidentin islahatların əsas hədəfləri ilə
bağlı son açıqlaması isə hər kəsdə konkret təsəvvür yaratdı. Ölkə rəhbərinin strateji
məqsədi Azərbaycanın inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulması və daha qüdrətli,
daha müasir ölkəyə çevrilməsidir. Buna doğru gedilən yolda əsas istiqamət dövlət
idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsi və mobilləşdirilməsi, onun xalqa
əlçatanlığının və xidmət əmsalının yüksəldilməsi, əhalinin problemlərinin, sosial
qayğılarının daha səmərəli metodlarla həlli, ən nəhayət, Qarabağ münaqişəsinin Azərbaycanın
maraqlarına uyğun nizamlanmasıdır.
Yəni, Prezident daha güclü Azərbaycan, daha
rifahlı xalq, daha müasir cəmiyyət arzulayır və buna doğru düzgün yolla gedir.
Yolunuz yolumuzdur, cənab PREZİDENT!..
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”