11 Sentyabr 2018 00:55
1506
SİYASƏT
A- A+

İki "AZƏRBAYCAN" arasındakı körpü



Taleyə və qəzavü-qədərə inananam.
Bu inam insanın daxilində olsa da, təkcə hisslərə söykənmir. Həm də həyatda gördükləri, sınadıqları, tutuşdurduqları faktları və onlardan çıxan nəticələri, habelə həmin fakt və nəticələrin ilk baxışdan nəzərə çarpmayan gizli əlaqələrini araşdırıb öyrənəndən sonra yaranan əminlikdir.
İnsan var uğurlu olur (belələrinə ulduz altında doğulmuşlar da deyirlər), hər işi asan başa gəlir.
İnsan var hər şeyə çətinliklə, zülmlə nail olur, necə deyərlər, "işi daşdan çıxır”.
Bu, hal təkcə insanlara xas deyil!
Azərbaycan Xalq Cümhuriyyəti çox böyük çətinliklər, əziyyətlər, mübarizələr, uğur və uğursuzluqlar sayəsində yarandı.
Taleyi isə uğursuz oldu! Dövlət quruculuğu sahəsində başladıqları işlərin bir çoxunu başa çatdıra bilmədilər!
Zəhmətləri əllərində qaldı!
Vətən yolunda, millət yolunda gördükləri işlər, çəkdikləri əziyyət başlarının bəlasına çevrildi.
Repressiya və təqib olunarkən heç zaman onlara belə ittihamlar verilməyib:
Nə üçün müstəqil yaşamaq istəmisən?
Niyə azad və suveren dövlət yaratmaq niyyətinə düşmüsən?
Nə səbəbə dövlət qurumlarında, təşkilat və partiyalarda çalışaraq xalqına xidmət etmisən?
Nə üçün lap əvvəldən bizdən olmamısan, bizimlə olmamısan və bizlərlə razılaşmamısan?
Bu fikirlər açıq səslənməsə də, əslində Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, parlament üzvlərinin, o dövrün iqtidarına kömək edənlərin əsas "təqsiri” və "günahı”, repressiya edilmələrinin səbəbi sayılıb.
Qəribə məntiqdir, deyilmi?!
Əslində sovet repressiya sisteminin bircə prinsipi vardi: bizdən deyilsənsə, bizim kimi düşünmürsənsə, deməli, bizə qarşısan!
Belədə ən yaxşı halda yerin sürgündür, həbsxanadır, mühacirətdir!
Həm də təkcə özünün yox, ailənin və doğmalarının da!
Bu çətin və ağır tale, əslində talesizlik təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yox, onun rəsmi orqanı "Azərbaycan” qəzetinin də nəsibi olub!
Müqayisəli şəkildə diqqət yetirək.
***
Yaranmış tarixi şərait yubanmanın xoşagəlməz vəziyyətə səbəb olacağını vəd edirdi. Odur ki, Milli Şura 28 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Hətta bundan sonra da yeni yaradılan dövlət özünə paytaxt seçdiyi Bakıya köçə bilmədi. Çünki Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak hökuməti şəhəri işğal etmişdi. Milli Şura və hökumət məcburiyyət qarşısında qalaraq iyunun 16-da 18 günlük qəriblikdən sonra Gəncəyə köçdü və burada fəaliyyətə başladı.
Müstəqil dövlətin özünün xüsusi mətbu orqanının olması çox vacib sayılırdı. Radio və televiziyanın yoxluğu dövründə, şübhəsiz, bu, qəzet formasında olacaqdı. İyunun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” adlı nəşrin buraxılması barədə qərar qəbul edildi. Amma ilk nömrə xeyli yubandı (Yalnız 25 yanvar 1919-cu ildə Bakıda çıxdı).
Beləliklə, mövcud boşluğu doldurmaq üçün "Azərbaycan” qəzetinin birinci nömrəsini 15 sentyabr 1918-ci ildə Gəncədə buraxdılar!
Sanki qəriblik elə əvvəlcədən hər ikisinin alnına yazılmışdı: Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə, "Azərbaycan” qəzeti isə Gəncədə dünyaya göz açdı!
İkinci məqam. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, bu hökumətə qulluq edən insanların və ilk parlamentin üzvlərinin sonrakı taleyi fəlakətli oldu. XI ordunun işğalından, Azərbaycan sovetləşəndən sonra hamısı təqiblərə məruz qaldı, güllələndi, həbsxanalara atıldı, sürgünə göndərildi və ya ömrünün sonunadək mühacir həyatı yaşadı.
Eyni aqibət musiqi dühasının xilas etdiyi Üzeyir bəy Hacıbəylidən başqa "Azərbaycan”ın bütün redaktorlarına - Ceyhun bəy Hacıbəyliyə, Şəfi bəy Rüstəmbəyliyə, Xəlil İbrahimə, habelə qəzetin daimi yazarlarının əksəriyyətinə də qismət oldu!
Üçüncüsü, müsavat bərabərlik deməkdir. Kommunistlər də özlərini bərabərlik tərəfdarı sayırdılar. Amma nədənsə cəmiyyətdə "bərabərlik” tərəfdarı olan sovetlər həmin bərabərliyə insanları yoxsullaşdırmaq yolu ilə - "yoxsulluq bərabərliyi” ilə nail olmaq istəyirdilər. Digər bərabərlik partiyasını - "Müsavatı” özlərinə düşmən sayırdılar. Azərbaycan Xalq Cümhuriyyətinə də "müsavatçı”, "pantürkist” və "panislamist” damğası vurmaqla düşmən elan etmişdilər.
"Azərbaycan” qəzeti "müsavatyönlü” sayılaraq zərərli mətbu orqan hesab edilirdi. Tədqiqatçılar tərəfindən öyrənilmir, jurnalistika fakültələrində tədris edilmir, hətta adı belə çəkilmirdi. Arxivlərin künclərində elə gizlədilmişdi ki, hələ də işıq üzünə tam çıxarmaq mümkün olmayıb!
Dördüncüsü, XX əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini elan edəndə yenə "köhnə” problemlərlə üzləşdik: ordu yox, iqtisadiyyat pozulmuş, "Qarabağ problemi” meydana atılaraq torpaqlarımızın işğalına rəvac verilmişdi. Əgər xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, əsrin əvvəlindəki müstəqilliyin aqibəti yenidən yaşanacaqdı.
"Azərbaycan” qəzetinin də təkrar "doğuşu” çox çətin və ağrılı oldu!
Bu həm də dövrün ziddiyyət, təlatüm, siyasi və mənəvi böhranlarından irəli gəlirdi.
***
Dünyanın ikinci qütbünü, güc mərkəzini təşkil edən SSRİ adlı super dövlət, "qırmızı imperiya” adlanan nəhəng ölkə laxlayaraq çökməyə başlamışdı. Onun çöküşünə həm də kommunist ideologiyasına xəyanət etmiş, kommunizmin düşmənləri tərəfindən ələ alınmış, ermənilərin məkrli toruna düşmüş M.Qorbaçov kömək edirdi. Həmin dövrdə M.Qorbaçov Sov. İKP MK-nın baş katibi - faktiki ölkənin rəhbəri idi. İslahatlar keçirərək (onun adını "yenidənqurma” qoymuşdular) guya SSRİ-ni xilas etmək, saxlamaq istəyirdi. Amma tam əksi baş verdi...
"Alkoqolizmə qarşı mübarizə” adı altında görülən işlər iqtisadiyyatı pozdu, müttəfiq respublikalar arasında qabardılan ayrı-seçkilik, milli məsələ sahəsində yol verilən kobud nöqsanlar qısa müddətdə mərkəzdənqaçma qüvvəsini gücləndirdi. Dağılmanın qarşısını almaq üçün əl atılan zorakılıq və "qorxutma metodları” isə əks effekt doğurdu.
Belə zorakılıq tədbirlərindən biri Ermənistan ərazisində yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından qovulması, Dağlıq Qarabağda separatçılıq meyillərinə rəvac verilməsi və Azərbaycan xalqının buna kəskin etirazı zamanı Moskvanın 20 Yanvar faciəsini törətməsi oldu. "Xalqlar dostluğu” və "böyük qardaş” prinsipi pozularaq Bakı sakinlərinin gülləbaran edilməsi, mərkəzin ermənipərəst mövqe tutması xalqın səbir kasasını daşdırdı. İnsanlar bu haqsızlıqlara və vəhşiliyə etiraz əlaməti olaraq Sov. İKP sıralarını tərk etməyə, partiya biletlərini yandırmağa və cırıb atmağa, kütləvi şəkildə partiyadan üz çevirməyə başladılar.
Belə məqamda heç kim ölkədə "Kommunist” adında qəzetin buraxılmasını istəmirdi. Üstəlik, o zaman ölkənin yeganə partiyası olan Sov.İKP-nın ölkə rəhbərliyindən kənarlaşdırılması və idarəetmənin qəbul edilmiş beynəlxalq qaydalara uyğun olaraq müvafiq seçkili orqanlara verilməsi barədə də söz-söhbət gedirdi. Moskvada gedən proseslərə uyğun olaraq yerlərdə də oxşar addımlara start verilmişdi. Belə dəyişikliklər mətbuatdan da yan keçmədi.
***
SSRİ-nin bir nömrəli qəzeti Sov. İKP-nin orqanı olan "Pravda” idi. Bu qəzet partiyanın adından dövlətin sözünü deyər, siyasi, ideoloji, iqtisadi, mənəvi, hərbi - əslində bütün sahələr üzrə vəzifələr irəli sürər, mövqe müəyyənləşdirər, nöqsanları tənqid edərdi. "Pravda”da tərif olunanın bəxti açılardı, tənqid edilənlərin isə çərxi çönərdi. Hakim partiya (istər Sov.İKP, istərsə də müttəfiq respublikaların mərkəzi komitələri) orqanı olan qəzetlərə xüsusi qayğı göstərər, onların bir çıxışını belə diqqətdən kənarda saxlamazdı.
Hər bir müttəfiq respublikanın da baş qəzeti "Kommunist” adını daşıyırdı. "Birinci” statusunu daşıyan həmin qəzetlərin "güc göstəricisi” o dövrdə fəaliyyət göstərən üç mühüm qurumun - Azərbaycan KP MK-nın, Azərbaycan SSRİ Ali Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin orqanı olmaları sayılırdı. Əslində həmin qəzetlər yalnız Mərkəzi Komitədən - dövrün şəriksiz baş qurumundan idarə olunurdu.
Sov.İKP nüfuzdan düşdükdən, onun ölkəyə rəhbərlikdən getməsi məsələsi gündəmə gəldikdən sonra baş qəzetlərin də taleyi müəyyənləşməli idi. Hakimiyyətin yenidən sovetlərə - seçkili orqana qaytarılması məsələsi qərara alınmışdı. İldə iki dəfə sessiya keçirərək Sov. İKP-nin göndərdiyi bütün qanun və qərarlara, digər hüquqi aktlara "yekdilliklə” səs verən Ali Sovetin işlək quruma çevrilməsi gözlənilirdi. Artıq Moskvada SSRİ Xalq Deputatlarının qurultayı keçirilirdi.
Müttəfiq respublikaların ali sovetlərinin öz orqanlarının da yaradılması qərara alındı. Beləliklə, "Kommunist” qəzeti Azərbaycan KP MK-nın orqanı olaraq qaldı. Sonradan onun adı "Xalq qəzeti” ilə əvəzləndi. Azərbaycan SSR Nazirlər Soveti üçün "Respublika” adlı qəzet buraxılışına başlandı.
Qeyd etdiyimiz kimi, hakimiyyətin sovetlərə qaytarılması ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin ayrıca orqanının yaradılması qərara alınmışdı. Bu iş yazıçı-dramaturq, "Kommunist” qəzetinin şöbə müdiri Əfqan Əsgərova həvalə olundu. Əfqan Əsgərov fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olan "Azərbaycan”ı yenidən həyata qaytarmaq üçün çox çabalar etdi. Lakin həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsi tərəfindən "Azərbaycan” adında qəzet buraxılırdı. Mövcud qanunvericiliyə görə, eyni adda iki qəzet çıxa bilməzdi. "Azərbaycan” adının Ali Sovetin (hazırkı Milli Məclisin) orqanına verilməsi ilə bağlı aparılan qeyri-rəsmi danışıqlar səmərəli nəticələr vermədi (Bu, yalnız 1993-cü ilin sentyabr ayında baş tutdu). O halda qəzetin başqa adla buraxılması labüd oldu. Çox müzakirələrdən sonra "Həyat” adı seçildi. "Həyat” Üzeyir bəy Hacıbəylinin əməkdaşlıq etdiyi qəzetlərdən biri idi. Üzeyir bəy "Azərbaycan”ın da redaktoru olmuşdu. Bu məqam ad seçimində müəyyən rol oynadı.
"Həyat”ın Nizamnaməsi hazırlanıb təsdiq edilərkən ona "rəsmi dövlət qəzeti” statusu da verildi. Əslində bu, faktiki cəhətdən cümhuriyyət dövrünün "Azərbaycan” qəzetinin "Həyat” adı ilə bərpası sayılırdı.
"Həyat”ın ilk nömrəsi 1 yanvar 1991-ci ildə çıxdı.
***
Hələ ölkədə qəzet bolluğu yaranmamışdı.
Qəzetçilikdə köhnə stereotiplər davam edirdi. Doğrudur, bəzi qəzetlər "sərbəst fikir söyləməyə”, "cəsarətli danışmağa” can atırdılar. Ancaq dövlətə və rəsmi qurumlara məxsus qəzetlər ehtiyatlı davranırdı.
"Həyat” isə daha sərbəst və qəzəbli görünürdü. 20 Yanvar faciəsinin nəticələrinin unudulmaması, Ermənistanın Dağlıq Qarabağda baş qaldıran separatçı meyilləri körükləməsi və mərkəzin buna loyal, birtərəfli mövqe tutması ilə Azərbaycan xalqının barışmaması ilk nömrədəki yazılarda da açıq-aşkar duyulurdu.
Qəzetin ilk nömrəsinin (bu nömrədə təbriklər üstünlük təşkil edir) birinci səhifəsinə baxanda qəzetdəki yeniliklər, cəsarət və kəskinlik dərhal duyulur. Loqotipdə - "Həyat” sözünün üstündə "dövlət qəzeti” sözü yazılıb. "Həyat”ın sağında "Azərbaycan SSR Ali Sovetinin orqanı”, solunda isə "Torpağını, elini, dilini qoru” sözləri həkk olunub. Qeyd edək ki, sovet dövründə "dövlət qəzeti” statusu ilə heç bir qəzet buraxılmayıb. Qəzetin adının yanında isə "Torpağını, elini, dilini qoru” çağırışı rast gəlinməyən məqamdır. Bu, dövrün tələbindən irəli gələn, "vahid dövlət” və "vahid xalq” prinsipi ilə bir araya sığmayan şüar idi.
İki material üzərində bir qədər geniş dayanmaq istəyirik. Onun biri "SSRİ prezidentinin sovet xalqına yeni il müraciəti” adlanır və birinci, həm də sonuncu prezident M.Qorbaçovun təbrikinin mətni idi. "Oxuculara” adlanan ikinci materialda isə nəşrə başlayan yeni qəzetin məram və məqsədindən danışılırdı. Ənənəyə görə, bu yazı ad və soyad (Əfqan Əsgərov) göstərilmədən "Baş redaktor” imzası ilə verilmişdi.
"Həyat”ın ilk nömrəsi çıxan zaman Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmamışdı. Bu, on ay sonra - 18 oktyabr 1991-ci ildə baş verəcəkdi.
İkincisi, hələ mətbuata senzura nəzarəti vardı, Azərbaycan SSRİ-nin tərkibində idi: həm hüquqi, həm də faktiki cəhətdən. Amma qırmızı imperiyanın çöküşü başlamışdı. Dövrün ziddiyyətləri və qəribəlikləri bu iki yazını oxuyarkən bir daha aydın görünür.
SSRİ-nin ilk prezidenti narahatlığını gizlətmirdi: "1991-ci il xüsusi ildir. Çoxmillətli dövlətimizin müqəddəratı məsələsini həll etmək onun üzərinə düşür. Hamımız, sovet adamları üçün bütün xalqların azad və yaxşı yaşayacağı ittifaqı qoruyub saxlamaqdan və yeniləşdirməkdən müqəddəs bir iş yoxdur”.
Maraqlıdır ki, M.Qorbaçov bu müraciətində nəhəng bir ölkənin dağılma səbəblərinə də toxunurdu. Amma özünəməxsus bir üslubda: "Ölkənin keçirdiyi böhran nə qədər dərin olsa da, biz elə 1991-ci ildə yaxşılığa doğru dönüşə nail ola bilərik və nail olmalıyıq. Lakin bunun üçün vətəndaş həmrəyliyi və millətlərarası həmrəylik, məsuliyyət və intizam, vicdanlı əmək və bir-birinə qarşı insani münasibət lazımdır”.
Bu deyilənlərə əməl olunmadığına görə SSRİ dağıldı.
Baş redaktorun müraciəti isə daha sərt və kəskindir. İnanmaq olmur ki, o dövrdə dövlətin ali qurumlarından birinə məxsus orqanda, rəsmi qəzetdə belə ittihamlar yazıla bilərmiş.
Baş redaktor əvvəlcə "Həyat”ın nəşrə başladığı dövrün xarakteristikasını verir: "Həyat” son dərəcə mürəkkəb bir şəraitdə dünyaya gəlmişdir. Sosializmin ən böyük eksperimentlərindən olan konsepsiyasız yenidənqurma uğursuzluqla nəticələnmiş, ölkə siyasi, iqtisadi və mənəvi böhrana düşmüşdür. Yetmiş üç oktyabr ilində sovet xalqı çox gərgin böhranlar və məhrumiyyətlər görsə də, ümidini itirməmişdi. İndi isə ölkənin hər yerində ümidsizlik xaosu hökm sürməkdədir. Böyük-kiçiklik itmiş, nizam-intizam büsbütün pozulmuş, xarici diversiya və daxili sabotaj üç yüz milyonluq bir xalqı müflis olmaq və aclıq təhlükəsi qarşısında qoymuşdur”.
İkincisi, birbaşa bu vəziyyətin yaranmasının başlıca günahkarı M.Qorbaçov aşkar şəkildə ittiham edilir. Bəli, müttəfiq respublikanın Ali Sovetinin orqanı hələ mövcud olan SSRİ-nin prezidentini nəinki tənqid, bəlkə də ifşa edir: "Son bir ildə daha gur səslənir ki, ölkəyə sahib lazımdır! Xarici və daxili təxribat əl-ələ verərək dünyanın ən qüdrətli dövlətlərindən birini kökündən laxlatmış, siyasi və iqtisadi müvazinətimizi pozmuş, vətəndaş müharibəsinə çevrilməkdə olan millətlər qırğını düzəltmiş, müqəddəslik itmiş, əxlaq eybəcərləşmişdir. İnsanın insana dost olduğu ilə fəxr edən bir ölkə düşmənçilik burulğanında vurnuxur. Yenidənqurma illərində qara bayraqların sayı qırmızı bayraqlardan çox olmuşdur. Sovet xalqı həm siyasi, həm də mənəvi uçuruma doğru gedir. Ölkə prezidenti altdan-üstdən bütün hökmdar səlahiyyətləri ilə yaraqlansa da, onun hökmlərini eşidən, fərmanlarını yerinə yetirən yoxdur. Prezident Qorbaçov hətta ona etimadsızlıq göstərilən məqamlarda belə vəziyyətdən çıxmağı bacarır, ustalıqla bacarır. Ancaq ölkəyə elə sahib lazımdır ki, o, təkcə özünü yox, üç yüz milyonluq xalqı çıxılmaz vəziyyətdən çıxarsın”.
Ən nəhayət, "Həyat”ın öz qarşısına hansı vəzifələri qoyduğu qısa şəkildə də olsa, vurğulanır: "Azərbaycanda ilk dəfə demokratik qaydada seçkilər keçirilmişdir. Heç şübhəsiz, əyintilər də, demokratiya pərdəsi altında sui-istifadələr də olmuş, nəticədə xalq deputatları sırasına bu yüksək etimada layiq olmayanlar da düşmüşlər. Nə etmək olar, biz əsl demokratiyanı indi-indi öyrənirik. "Həyat” qəzeti öz oxucuları üçün demokratiyanı və qanunları öyrənmək məktəbinə, etibarlı bələdçiyə çevriləcəkdir”.
"Həyat” oxucularına ilk nömrəsində verdiyi vədlərə daim sadiq qaldı. Bunun bir qismi peşə fəaliyyəti ilə bağlı idi. Ən əsası, milli mətbuatın, ilk demokratik dövlətin rəsmi orqanının ənənələrini yenidən dirçəldərək yaşatdı:
"Həyat” nə bitərəf qalacaq, nə də tərəfgirlik edəcəkdir, səhifələrində bütün partiyalara, qruplara və başqa ictimai təşkilatlara yer verəcəkdir, fikir müxtəlifliyi yolu ilə həqiqətin təntənəsinə nail olacaqdır.
Qarşıda yeni parlamentimizin iclasları, ali məclisləri gözlənilir. İnanırıq ki, həmin məclislər öz fəallığı, fikir və platforma müxtəlifliyi, mübarizliyi və prinsipiallığı ilə keçmiş sessiya iclaslarından fərqlənəcəkdir. "Həyat” qəzeti bütün parlament iclaslarını, o cümlədən prezident şurası iclaslarını, başqa qəzetlərdən fərqli olaraq, daha ətraflı işıqlandıracaqdır”.
Doğrudan da "Həyat” müstəqil Azərbaycanın ilk parlament iclaslarını, parlamentdə gedən müzakirə, fikir savaşını geniş, obyektiv işıqlandırdı. Siyasi partiyalara fərq qoymadı. Diqqətçəkən məsələlərdən biri "Həyat” qəzetinin çıxdığı dövrdə Naxçıvanda gedən proseslərə kifayət qədər yer ayırması idi. Məlum qadağa və çətinliklərə baxmayaraq, Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti, Naxçıvanın düşmən işğalından qorunması, aclıq və blokadadan çıxarılması yolunda görülən işlər, habelə Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı informasiyalar qəzetin səhifələrində öz əksini tapmışdır.
Bu məsələdə "Həyat”ın Naxçıvan üzrə xüsusi müxbiri Möhsüm Möhsümovun böyük zəhməti olmuşdu.
***
"Həyat” təqribən 21 ay nəşr olundu. Onun tam fəaliyyəti barədə geniş danışmaq imkan xaricindədir. Əvvəla, bir məqalədə bunu etmək çətindir və qarşıya elə məqsəd qoymamışıq.
İkincisi, "Həyat” "Azərbaycan”ın davamçısı olduğuna görə onun talesizliyini də yaşamaqdadır.
"Azərbaycan” yüz il bundan qabaq nəşrə başlayıb. Sovet dövrü qadağaları və AXC-yə mənfi münasibət nəticəsində nömrələri it-bata düşmüş, bu gün də 443 nömrəni cəm halda əldə etmək mümkün olmamışdır.
27 il bundan qabaq nəşr olunmuş "Həyat” qəzetinin də nömrələri qalmayıb: nə kitabxanalarda, nə də redaksiyanın özündə! 1991-1992-ci illər anarxiya və xaos dövrü olduğu üçün kitabxanalar qəzet nömrələrini toplayıb saxlamayıblar. Redaksiyada isə...
Hər bir redaksiyada illik qəzet toplusu cildlənərək saxlanılır. Həm arxiv yaradılması baxımından, həm də müəyyən dəqiqləşmələrə ehtiyac yarananda köhnə nömrələrə baxıb tutuşdurmanın tez başa gəlməsi sarıdan. Adətən son qəzet toplusunun redaksiyadan çıxarılmasına yol verilmir. Lakin necə olubsa, "Həyat”ın yeganə cildlənmiş variantı Milli Məclisdən istəniləndə bu qayda pozulub. Sonra onun geri qaytarılması barədə düşünən də olmayıb...
...Kitabxananı təmir etdikdən sonra "təmizləmə” işləri də aparılıb. "Həyat”ın saralmış toplusu "köhnəldiyi” üçün təzə otağa qoyulması məqsədəmüvafiq sayılmayıb...
Atılıb!
Hələ ki onun nömrələrinin yenidən tapılıb toplanaraq bərpası istiqamətindəki çalışmalarımız uğurlu nəticə verməyib...
***
Nəhayət, 1992-ci ilin 23 sentyabrında rəsmi dövlət qəzeti və Milli Məclisin orqanına əsl adını qaytarmaq, tarixi ədaləti bərpa etmək mümkün oldu! Həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı (Ali Sovetin, yaxud hökumətin orqanı yox) kimi çıxan "Azərbaycan” qəzeti "Həyat” qəzetinin "titulları” saxlanılmaqla və maddi-texniki bazası əsasında onunla birləşdirildi. Yəni "Azərbaycan”ın əməkdaşları köçüb gəldilər "Həyat”ın redaksiyasına.
Özləri ilə təkcə adlarını gətirdilər...
Təəssüf ki, bu birləşmə zamanı daha bir ədalətsizliyə yol verildi. "Həyat”ın 440 nömrəsi unuduldu. Başqa sözlə, "Azərbaycan” adı geriyə qaytarılarkən Xalq Cümhuriyyəti dövrünün "Azərbaycan”ının say nömrəsi ilə hesablanma başladı: müasir "Azərbaycan”ın ilk nömrəsi 444 göstərildi. Beləliklə, rəsmi dövlət qəzeti və parlamentin orqanı kimi nəşr olunan "Həyat”ın 440 nömrəsi nəzərə alınmadı. Sanki heç olmayıbmış! Halbuki "Həyat”la "Azərbaycan”ı birləşdirən ümumi cəhətlər də çoxdur.
Əvvəla, hər ikisi dövlət qəzeti və parlamentin orqanı kimi nəşr olunub.
İkincisi, daim dövlətçilik mövqeyində olmuş, müxalifət qəzeti funksiyasını yerinə yetirməmişlər.
Üçüncüsü, dövlətə, dövlətçiliyə, demokratiyaya xidmət göstərmişlər (hansısa partiyaya yox), milli maraqları daim uca tutmuşlar.
Dördüncüsü, hər ikisində qəribə tale oxşarlığı müşahidə olunur. Belə ki, həm "Azərbaycan”, həm də "Həyat”:

* hər ikisi eyni müddətdə, eyni sayda (443 və 440) çıxmışdır;
* hər ikisinin bütün nömrələri qorunub saxlanmayıb;
* "Azərbaycan” sovet dövründə unutduruldu, yox edildi, "Həyat” isə indi yoxdur və yaddan çıxıb!
***
Əlbəttə, biz bu məsələlərə diqqət çəkməklə sadəcə danışıb durmuruq. Hər iki qəzetin itən nömrələrinin tapılması, elektron variantlarının hazırlanaraq kitabxanalara verilməsi sahəsində səyimizi davam etdiririk. Ən əsası, bu işdə bizə kitabxanaçılar, arxivşünaslar, alimlər, mətbuat tədqiqatçıları, vətənpərvər ziyalılar yaxından kömək edirlər.
İnanırıq ki, gec-tez ədalət öz yerini tapacaq, hər bir qəzetə xidmətinə layiq münasibət göstəriləcəkdir!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video