Tarixən
insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb.
Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan
həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı
işçilərinin əməyinə verilən ən böyük qiymətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı
sərəncama əsasən, ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının
təsis edilməsi də bu savab əməl, nəcib iş sahiblərinin əməyinə verilən qiymətdir.
İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən, onlara kanalizasiya
xidmətləri göstərən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi, əvvəlki illərdə olduğu kimi, bu dəfə
də peşə bayramlarını uğurlu göstəricilərlə qeyd edirlər.
Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən
sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda
tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın
bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar
mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci
əsrin əvvəllərinə təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğuları
istismara verilib. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda
kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.
Bu
sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci
kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı
və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə
Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.
Azərbaycanın içməli su və kanalizasiya sektorunun
sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici
Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli
üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib.
1970-80-ci illərdə Ulu Öndərin birbaşa nəzarəti
altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük
kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası,
eləcə də "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları, Zığ kanalizasiya
nasos stansiyası inşa edilib.
Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində
içməli və tullantı su sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri
yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları,
magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin
şəhər kimi formalaşmasında mühüm rol oynayıb.
2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın
etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi
başladı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla
davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial
siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması,
onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması
dövlət proqramlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya
xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına
başlanıldı. Dövlət başçısının "Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
yaradıldı.
2000-ci illərin əvvəllərindən etibarən Bakı
şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə
başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Ulu Öndər Heydər Əliyev
2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq
suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının
yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu Öndərin ideya müəllifi
olduğu həmin layihə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla
reallaşdırıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz
rayonu ərazisində məhsuldarlığı saniyədə
5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı
magistral su kəməri çəkildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan
kəmər 2010-cu ilin dekabrında istismara verildi.
Bununla belə, sürətlə böyüyən və inkişaf
edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var
idi. Bunları nəzərə alaraq 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı
ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni
kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci
ilin oktyabrında istifadəyə verildi.
Ənənəvi təmizləmə qurğularından fərqli olaraq
yeni kompleksdə su ultrasüzgəc texnologiyasına
əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla
təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu Əbu- Dabi Qlobal
Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici
qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi
ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda
emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı
qrup su kəmərləri istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar,
Saatlı və Sabirabad şəhərləri həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd
keyfiyyətli içməli su ilə təmin olundu.
2020-ci ilin martın 3-də Prezident İlham
Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu
- Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min
kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə
450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən
yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı
saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib.
Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral
kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral
kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli
içməli su ilə təmin olunur.
Bundan əlavə, qlobal istiləşmə və quraqlıq
nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə
alaraq, Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması
layihələri icra edilib.
Bütövlükdə isə ötən dövrdə içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni
içməli su mənbəyinin yaradılması Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial
rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına
başlanılmış 52 şəhər və rayon mərkəzinin 42-sində içməli su şəbəkələrinin tikintisi
yekunlaşıb.
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə
yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının
yaxşılaşdırılması ilə bağlı işlər də görülüb.
Bakı şəhəri və Abşeron yarımadasında böyük
layihələr icra olunub. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi
və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu
boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni
imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan,
Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan və Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu
və Suraxanı rayonlarının digər yaşayış məntəqələri
dayanıqlı içməli su ilə təchiz edilib.
Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən
layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı
su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118 "Abşeron” və +82 "Masazır”
su anbarlarının tikintisi başa çatıb.
Ötən müddətdə Səudiyyə İnkişaf Fondu ilə
birgə maliyyələşdirilən digər layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun
yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə
olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təchizatı da əsaslı şəkildə yaxşılaşıb.
Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində isə layihənin
icrası davam etdirilir.
Bakı şəhərində və Abşeron yarımadasında səth
və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda layihələr icra
edilib. Bu layihələr çərçivəsində 40 kilometrdən artıq yağış-kanalizasiya kollektorları
inşa olunub. Eyni zamanda Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi
məqsədilə infrastruktur yaradılıb.
Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində
məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 250-dən çox su
anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 21 min kilometrdən çox magistral və paylayıcı su, 4000 kilometrdən artıq
kanalizasiya xətləri çəkilib, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib,
357 artezian və subartezian quyusu qazılıb.
"Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma
səviyyəsi 85 faizi keçib. Görülmüş işlər nəticəsində abonentlərin sayı 670 min artaraq
1 milyon 550 minə çatıb.
2004-cü illə müqayisədə fasiləsiz su ilə
təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda
isə 9 faizdən 63 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının
səviyyəsi son 16 ildə 26 faizdən 73,6 faizə qalxıb.
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin
standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya
inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan
sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 110-a, nümunə
sayı 7 mindən 16 minə, monitorinq nöqtələrinin sayı isə 180-dən 1300-ə çatdırılıb.
Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların
coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki
suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür.
Bir neçə ildir uğurla tətbiq olunan "AzersuGİS”
coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir. "Azərsu”
ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə
indiyə qədər 18500 km su, 8300 km tullantı və yağış su xətləri, 12 minədək qurğu
və kompleks, 487 min bina və tikili ilə bağlı məlumatlar daxil edilib.
"AzersuGİS” layihəsi nüfuzlu Bentley müsabiqəsinin,
eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub.
"Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Prezident fərmanına uyğun olaraq
"Azərsu” ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib.
Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir. Elektron xidmətlərdən
istifadə səviyyəsinə görə "Azərsu” ASC dövlət qurumları arasında ilk sıralarda yer
alır.
Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın
təmin edilməsi məqsədilə "Asan xidmət” və "Asan kommunal” mərkəzlərində "Azərsu”
ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. Ümumilikdə 2014-cü ildən
indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən 330 mindən çox müraciət daxil olub.
Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks
tədbirlər həyata keçirilir. 2014-cü ildə Fransanın "Suez Environnement” şirkəti
ilə praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb
və təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər
aparılıb. Eyni zamanda Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris
Mərkəzi istifadəyə verilib. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi
üçün lazımi şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin artırılması
məqsədilə burda təcrübə poliqonu inşa edilib.
2020-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının
pandemiya elan etdiyi koronavirus infeksiyası digər sahələrdə olduğu kimi, kommunal
xidmət təşkilatlarının da fəaliyyətinə təsirsiz ötüşmədi. İnfeksiyanın yarada biləcəyi
təhlükələrin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın
göstərişlərinə uyğun olaraq "Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür. Qərargahın
tələblərinə uyğun olaraq işlərin koordinasiyalı şəkildə idarə olunması üçün operativ
qrup yaradılıb. Sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu gündən minimal işçi
heyəti ilə əhalinin dayanıqlı və təhlükəsiz içməli su təchizatı təmin olunur.
Su təsərrüfatı işçilərinin əməyi hər zaman
ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. "Azərsu” ASC-nin əməkdaşlarının
fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir
çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən
iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı
və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Son illər şəhər və rayon mərkəzləri, həmçinin
içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya
layihələri müstəqil Azərbaycan dövlətinin
öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü
siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə hər bir yaşayış məntəqəsinin
24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. "Azərsu” ASC-nin çoxminli
kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə
yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaqdır.
Qorxmaz
HÜSEYNOV,
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri