13 İyun 2025 08:05
579
SİYASƏT
A- A+
Heydər Əliyev siyasi irsi

Heydər Əliyev siyasi irsi


Azərbaycanın dövlətçilik tarixində xüsusi səciyyəsi ilə fərqlənən Heydər Əliyev erası var. Bu era həm dövr olaraq tarixi, həm də siyasi məzmun etibarilə təkamül baxımından ayrıca bir dövrdür. Ötən əsrin sonlarında bütün dünyada dövlətçiliyin inkişafı tarixində paradiqmal olaraq yeni mərhələ başladı. Bu mərhələ həm institusional və təşkilati, həm də dövlət idarəetməsinin funksionallığı baxımından yeni bir mərhələ idi. Yəni dövlətçilik adlandırdığımız tarixi təkamül prosesi həm milli dövlətlər, həm də bu dövlətlər arasında münasibətlərin nizamını təşkil edən beynəlxalq əlaqələr baxımından tamamilə yeni keyfiyyət dövrü idi. 

Azərbaycan da öz tarixi coğrafiyası etibarilə bu mürəkkəb mərhələni enişli-yoxuşlu yollarla keçməli oldu. Çünki eyni əsrdə düz üç dəfə öz dövlət quruluşu modelini və dövlətçilik ideologiyasını köklü şəkildə dəyişməyə məhkum edildi. Bu dövrləri analiz etməyə çalışsaq, qarşımıza üç mühüm mərhələ çıxacaq. Birinci mərhələ Azərbaycan Demokratik Cümhuriyyəti, ikinci Azərbaycan Sovet Sosialist Respublikası, üçüncü isə müstəqil Azərbaycan Respublikası mərhələsidir. Bir insan ömrü qədər qısa olan zaman çərçivəsində həm siyasi-ideoloji, həm də sosial-iqtisadi baxımdan üç radikal, hətta ziddiyyətli mərhələlər yaşamalı olduq. Dövlətçilik tariximizin belə mürəkkəb mərhələlərinin Heydər Əliyevlə əlaqəsi ondadır ki, bu üç dövrün ikisinin üzərində Heydər Əliyev möhürü var. Yəni bu gün fəxr etdiyimiz qüdrətli Azərbaycan dövləti dünən Heydər Əliyevin təməllərini qoyduğu Azərbaycandır.


Ulu Öndərin yaratdığı bünövrə


Dövlətçilik tariximizin yeni dövrünün iki mühüm təməli var. Bunlardan biri sovet,  digəri isə müstəqillik dövrüdür. Siyasi-ideoloji baxımdan bu dövrlər bir-birinin əksi olsa da, milli kimlik və dövlətçilik irsi baxımından biri digərinin davamıdır. Bu davamlılığı təyin edən faktor isə Heydər Əliyev fenomenidir. Yalnız bu fenomenal məntiq hər iki dövrdə milli kimliyi önə çıxarmaqla, iki siyasi eranı bir-birini tamamlayan iki komponent kimi müəyyənləşdirərək komplementar etdi. XX əsrin 60-cı illərinin sonu, daha dəqiq desək, 1969-cu ildə Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsi ilə başlayan yeni mərhələ hüquqi və siyasi baxımdan azərbaycanlı mənafeyi üzərində quruldu. Tarixi, mədəni-mənəvi, dil və sosial kimlik baxımından isə milli dəyərlərin üzərində formalaşdı. Bütün bu siyasi-hüquqi və sosial-mənəvi komponentlər maddi-iqtisadi faktorlarla tamamlandı. Bugünkü qüdrətli Azərbaycan dövləti dünən Heydər Əliyevin təməllərini qoyduğu Azərbaycandır.

Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görürük ki, dünənin və bu günün Azərbaycanı ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edir, onu stimullaşdırır. 

Ulu Öndərin hakimiyyətinin ikinci dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daim Ulu Öndərin nəzarətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzinə çəkilirdi. Və nəhayət, Ulu Öndərin sonrakı mərhələdəki fəaliyyəti onu artıq müstəqil bir dövlətin və xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. 

20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu Öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində, bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu Öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə istər siyasi, istər iqtisadi, istərsə də mənəvi-psixoloji baxımdan ciddi məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda Azərbaycanın tarixi bayrağını - 1918-1920-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.

Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu Öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir.


Formal dövlət məzmunundan milli funksional institutlaşma mərhələsinə keçid 

 

Başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.


Qurucu strateq, mahir təbliğatçı, siyasi məntiq ustası 

 

Ulu Öndərin başqa böyük keyfiyyətlərindən biri də onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev "ideya, ideologiya və təbliğat" universal üçlük formulundan çox məharətlə istifadə edirdi. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi məhz Ulu Öndər olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər lazım olur. Yəni hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzilliklər aparır. Amma Ulu Öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.


Milli təkamüldə dövlətçilik irsi və siyasi varislik 

 

Ulu Öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda onun varisliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu Öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliyini də təmin etdi.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli Lider, Ulu Öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və sairə. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi. Ulu Öndər Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə onun üçün məhz bu məqsədləri həyata keçirmək naminə bir mexanizm və vasitə idi. Ona görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılacaq. Xalqımız var olduqca, o da yaşayacaqdır.

Müstəqil Azərbaycan dövləti quruculuğunun təməl prinsipləri və fundamental əsasları artıq 2003-cü ildə Heydər Əliyev tərəfindən başa çatdırılmışdı. Bu təməl prinsiplər əsasında yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycan milli məqsədləri müəyyənləşdirməli, yeni vəzifələri həll etməli idi. İlk ümummilli vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Ancaq bunun üçün ilk növbədə Azərbaycan xarici müdaxilələrə son qoymalı, rəngli inqilablara qalib gəlməli, beynəlxalq münasibətlər sistemində rolunu artırmalı, güclü ordu qurmağı və güclü müttəfiqlər qazanmağı bacarmalı idi. Əks təqdirdə ərazi bütövlüyünə hər hansı bir hərbi-siyasi cəhd yenidən milli dövlətimizi iflas həddinə qaytara bilərdi. 2003-cü ildə prezident seçilən İlham Əliyev bütün bunların öhdəsindən layiqincə gəlməyi bacardı. Ancaq eyni zamanda şəksiz və təminatlı uğur qazanmaq üçün də düz 20 il xərcləməli oldu. Nəticədə Azərbaycan elə bir qələbə əldə etdi ki, bunu yalnız möcüzə adlandırmaq olar. Çünki sadəcə ərazi bütövlüyümüz deyil, həm də hər qarış ərazimizdə suveren hüquqlarımız bərpa edildi. Bu möcüzəni indi biz yeni siyasi reallıq adlandırırıq. Yeni siyasi reallıq isə yeni milli məqsədlər və yeni vəzifələr yaradır. Beləliklə, ən yeni tariximizin yeni təhlükəsizlik konsepsiyası haqqında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin konseptual fikirləri dövlətimizin gələcək inkişaf perspektivlərini təyin edir.


Ən yeni tarixi mərhələdə milli təhlükəsizliyimizin strateji prioritetləri 


2024-cü ildə yenidən prezident seçilən İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxış etdi. Bu tarixi çıxış məzmun baxımından konseptual, daxili struktur baxımından ardıcıl və çoxşaxəli, ümumi kontekstdə isə həm də hesabat xarakterli idi. Çıxışın konseptuallığı onunla səciyyəvi idi ki, mətndə milli inkişafımızın və təhlükəsizliyimizin bütün istiqamətləri üzrə strateji prioritetlər öz əksini tapmışdı. Daxili strukturdakı çoxşaxəlilik iqtisadiyyatdan tutmuş sosial rifaha, yeni innovativ texnologiyaların tətbiqi məsələlərindən tutmuş gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinə qədər bütün sahələr üzrə məqsədləri və vəzifələri müəyyənləşdirirdi. Hesabatlılıq isə Prezident İlham Əliyevin 2003-cü ildən 2023-cü ilə qədər olan zaman ərzində milli inkişafımızın keçdiyi yola nəzər salaraq dövri dinamika əsasında ümumiləşdirmələr aparmasında idi.

 

Zəfərimizi təyin edən qızıl dövr


Prezident İlham Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 illik dövrü hər şeydən öncə nailiyyətlər dövrü kimi xarakterizə edərək bildirdi: "İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur". Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər məhz əldə etdiyimiz uğurların qələbəmizi təyin etməsi kimi başa düşülməlidir. Ancaq bu uğurların qazanılmasının əsl müəllifi kimi də Prezident yenə Azərbaycan xalqını və onun iradəsi ilə xalq-iqtidar birliyinin mövcud olmasını göstərir. Doğrudan da, qısa sosial araşdırma aparsaq, yəni son 20 ildə əldə etdiyimiz uğurlu inkişaf yolumuzu geriyə doğru səhifələsək, görəcəyik ki, 2003-cü ildən bu günədək alınan hər bir qərar, atılan hər bir addım əvvəlcədən düşünülmüş, planlaşdırılmış olmaqla konkret məqsədə çatmağa hesablanıb. Prezident İlham Əliyevin 20 il ərzində aldığı qərarların heç biri situativ olmayıb, tam əksinə, strateji qərarlar olub. Əgər qərarların hər hansı biri sadəcə 20 illik tarixi dövrün müəyyən bir mərhələsini geridə buraxmaq xatirinə o anki vəziyyətə uyğun olaraq alınmış olsaydı, biz bunun fəsadını mütləq 44 günlük Vətən müharibəsində hiss etməli olacaqdıq. Çünki İkinci Qarabağ müharibəsi sadəcə orduların savaşdığı müharibə deyildi. Bu müharibə həm də 20 ildə qurulan iqtisadiyyatımızı formalaşdırılan yeni mənəvi keyfiyyətlərimizı, dövlətçilik institutlarımızı, idarəetmə təcrübəmizi, milli gücümüzü səciyyələndirən milli diplomatiyamızın, Azərbaycanın müstəqil aktor kimi beynəlxalq nüfuzunun imtahan anı idi. Əldə etməyi bacardığımız tarixi zəfər isə görülən işlərin elə tarixin özü tərəfindən obyektiv qiymətləndirilməsi idi. Azərbaycan xalqı tarix qarşısında verdiyi bu imtahandan əla qiymət almağı bacarmışdı. Hər şeydən öncə ona görə ki, möhtəşəm, qətiyyətli, uzaqgörən, milli xarakterimizin və mentalitetimizin bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirən lider yetişdirilərək onun arxasında durmuşdu!


Müasir dünya siyasətində güc balansı və milli güc 


Beynəlxalq münasibətlər sistemində son illərdə baş verən kardinal dəyişikliklərə diqqət etsək, biz yeni tarixi dövrün 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən, əkiz qüllələrə qarşı edilən, bu vaxta qədər bəşər tarixində görünməmiş terror hadisəsi ilə başladığını iddia edə bilərik. Bu, milli maraqlara və imperialist ambisiyalara çatmaq üçün bütün güc vasitələrinin tətbiq ediləcəyinin başlandığı tarix kimi də səciyyələndirilə bilər. Yəni dünya siyasəti elə bir yeni mərhələyə qədəm qoyurdu ki, bu mərhələ yalnız gücün hegemoniyası altında qaydasız döyüş mərhələsi olacaqdı. Beynəlxalq siyasətdə bu yeni paradiqmanın tətbiqi isə öz maraqlarını beynəlxalq hüquq çərçivəsində təmin etməyi mümkün görən kiçik dövlətlərin vəziyyətini bir qədər daha da çətinləşdirirdi. Həmin dövrdə Azərbaycanın vəziyyəti isə daha da ağır idi. Çünki ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Beynəlxalq və regional güc balansı isə ermənilərin lehinə idi. Belə olan halda beynəlxalq hüququn təhlükəsizlik çətiri olmasına olan inam hər gün bir az daha da azalırdı. Ona görə də Azərbaycan yeni tarixi mərhələdə öz imkanlarını yenidən qiymətləndirərək tamamilə gücə və əməkdaşlığa əsaslanan yeni siyasi strategiya müəyyənləşdirməli idi. 

2003-cü və 2007-ci illərdə Azərbaycan hücum diplomatiyası və milli maraqlara söykənən balanslaşdırılmış xarici siyasət strategiyasını müəyyənləşdirməklə beynəlxalq münasibətlərdə milli gücə arxalanmağın yeni nümunəsini yaratdı. Nəticədə öz məqsədinə nail olaraq ərazi bütövlüyü və suveren hüquqlarını tam bərpa etməyi bacardı. Beləliklə, tamamilə yeni bir tarixi mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti həmin dövrü xarakterizə edərək bildirib: "İllər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər. Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Elə günə saldıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərariləri oldu. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmadı. Bu bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir". Bu fikirlər, əslində, Azərbaycanın öz gücünə arxalanmasının və özünə inanmasının göstəricisi kimi qiymətləndirilə bilər. Ancaq şübhəsiz ki, gücə inanmaq üçün ilk növbədə o gücü əldə etməyi bacarmaq lazımdır. Hazırkı mərhələdə isə güc olduqca mürəkkəb komponentlərdən ibarətdir. Yəni milli gücün kəmiyyət və keyfiyyət komponentləri komplimentardır. Biri digərini təyin edir və tamamlayır. Azərbaycan məhz Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə öz milli gücünün bütün parametrlər üzrə ən yüksək pilləsinə yüksəlməyi bacarmışdı. Ona görə də 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra yarada bildiyimiz ən yeni reallığı Prezident İlham Əliyev tamamilə yeni tarixi mərhələ adlandırdı. 


Milli təhlükəsizliyimizin yeni strateji vektoru


Azərbaycan Prezidenti yeni dövr üçün milli təhlükəsizliyimizin əsas vektorunu mühüm paradiqmalar üzərindən təyin etdi. Bunlar güclü iqtisadiyyat, güclü ordu, güclü xarici siyasət, milli-mənəvi dəyərlər, ümummilli həmrəylik, yeni innovativ inkişaf və yeni milli rifah, yeni sənaye texnologiyalarına sahib olmaq və s. kimi mühüm istiqamətlər idi. Xarici siyasət məsələsinə toxunan Prezident deyib: "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi".

Prezident İlham Əliyevin milli təhlükəsizliyimiz və onu təmin etməklə bağlı qarşıda duran vəzifələrimiz haqqında fikirlərini daha aydın şəkildə dərk etmək üçün 44 günlük Vətən müharibəsi və ondan sonra ötən dövr ərzində verdiyi müsahibələrin və etdiyi çıxışların məzmununa ardıcıl olaraq diqqət yetirmək lazımdır. Çünki təhlükəsizlik ümummilli məsələdir, yalnız güclü və funksional dövlət institutları vasitəsilə həyata keçirilməsi mümkündür. Mümkündür ki, bir xalqın çoxmilyonlu mənsubları müxtəlif ölkələrin vətəndaşları olsun. Bu, hazırkı beynəlxalq və dövlətlərarası münasibətlərin bir gerçəkliyi ola bilər. Vətəndaşlıq hüququ baxımından da milli-etnik mənsubiyyət təyinedici deyil. Çünki üst sosial və hüquqi kimlik vətəndaşlıq kimliyi və hüququdur. Ancaq bütün bunlar bir xalqın milli-mənəvi birliyinə və ortaq sosial identiklik keyfiyyətinin qorunub saxlanılmasına da mənfi təsir göstərməməlidir. Ona görə də Prezident İlham Əliyev 10 yanvar 2024-cü il tarixdə yerli mətbuata verdiyi müsahibəsində bildirib: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır". 

Əslində, Prezident İlham Əliyev bu fikirləri ilə milli dövlətçilik tariximizin bir mərhələsinin qapandığını və qalib xalq kimi yenidən milad etməmizlə milli inkişafımızda tamamilə yeni bir eranın başlandığını elan edərək bildirir ki, inkişafımız üçün yeni dövrdə bizə yeni milli ideya lazımdır. Bu tarixi çağırış hazırkı mərhələdə ictimai fikrimizi məşğul edən əsas məsələ olmalıdır. Çünki milli təhlükəsizliyimizin təməli milli şüurumuzun kütləvi özünüdərkində və ortaq sosial identikliyindədir. Hələ 2022-ci il oktyabr ayının 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Azərbaycan Prezidenti bildirdi: "Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələrini heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər. Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik". 

Göründüyü kimi, Azərbaycan Prezidenti yeni tarixi dövrdə milli təhlükəsizliyimizin təmin edilməsinin ən vacib istiqamətlərindən biri kimi, dünyada yaşayan bütün azərbaycanlıların ortaq sosial identikliyinin qorunmasını, onların təhlükəsizliyinin təmin olunmasını, hüquqlarının yerinə yetirilməsni görür. Elə müasir təhlükəsizlik çağırışları kontekstində yeni milli ideyamız da milli gücümüzün bütövləşməsi istiqamətində atılan addımlar olmalıdır. Yəni gələcək təhlükəsizliyimiz naminə bu gün dünyada yaşayan bütün azərbaycanlıların düşüncələrinin və davranışlarının cazibə mərkəzini milli birlik ideyası təşkil etməlidir.


Hikmət BABAOÜLU,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

10:56
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!