Xilaskar Lider İlham Əliyev keçmiş məcburi köçkünlərin qayıdış sevinclərini öz evlərində onlarla birlikdə yaşayır
"...Ali Baş Komandan kimi bütün əməliyyatlara özüm rəhbərlik etmişəm və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı azad edək, işğalçıları torpağımızdan qovaq, haqq-ədaləti və milli ləyaqətimizi bərpa edək. Buna da nail olduq".
Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü zamanı dilə gətirdiyi kimi, ötən iki onillik dövr ərzində Prezident İlham Əliyevin başlıca vəzifəsi Qarabağı azadlığına qovuşdurmaq, vətəndə qəribçilik çəkən yüz minlərlə keçmiş məcburi köçkünün həsrətinə son qoymaq olub. Elə həyata keçirdiyi daxili və xarici siyasət, aldığı mühüm qərarlar, milli maraqlarımızın təmini istiqamətində atdığı qətiyyətli addımlar da yalnız bu istiqamətə yönəlib.
İndi Şuşada, Laçında, Zəngilanda, Cəbrayılda, Füzulidə, Xocalıda... bu yerlərin əzəli sakinlərinin öz evlərində Prezident İlham Əliyevi əziz qonaqları kimi qarşılamaları, xoşbəxtliklərini sevinc gözyaşları ilə bölüşmələri Xilaskar Lider olaraq İlham Əliyevin qarşısına qoyduğu müqəddəs hədəflərə çatdığını göstərən ən riqqətləndirici nümunədir...
Ən xoşbəxt anların təzahürü
Bir Prezident, Ali Baş Komandan, ən ümdəsi, Azərbaycan xalqının vətənpərvər oğlu olaraq İlham Əliyev daim xalqının təəssübünün keşiyində durub, bu uğurda dünya güclərini qarşısına almaqdan belə çəkinməyib. Təbii ki, çıxdığı bu haqq yolunda çətin mübarizələrlə, ağır sınaqlarla, həlli mümkünsüz problemlərlə, dünyanın əyilmiş nizamı, qərəzli yanaşmaları ilə də çox qarşılaşıb. Amma əzmi, qətiyyəti bir də xalqına olan tükənməz sevgisi ilə Prezident İlham Əliyev bütün bu keşməkeşlərdən mətanətlə adlaya bilib. Ürəyində bir gün mütləq Qarabağın və Şərqi Zəngəzurun azadlığa qovuşdurulacağının böyük ümid və inamı olub.
Torpaqlarımızın işğal altında olduğu illərdə keçmiş məcburi köçkünlərin problemlərinin həll olunması, onların mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tapşırıqlar verən, mühüm işlər həyata keçirən dövlətimizin başçısı İlham Əliyev diqqəti, qayğısı ilə hər zaman bu insanların yanında olduğunu yaxından hiss etdirib. Bayramlarda, özəl günlərdə, hansısa tədbirlərdə, hətta adi günlərdə belə keçmiş məcburi köçkünlərlə görüşmək, onların problemləri ilə şəxsən maraqlanmaq Prezident İlham Əliyevin, sözün əsl mənasında, ənənəsi olub. Yurdlarından zorla didərgin salınan vətəndaşlarımızla olan bütün görüşlərində isə Prezident İlham Əliyev bu insanların mütləq öz yurdlarına qayıdacağını qətiyyətlə bildirirdi.
Buna görə idi ki, şanlı Qarabağ Zəfərindən cəmi bir gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də məxsusi olaraq xalqımızın - keçmiş məcburi köçkünlərin xoşbəxtlik duyğularını böyük qürur hissi ilə dilə gətirmişdi: "Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda".
Bu yerlərə yenidən həyat qayıdır
Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytaran Prezident İlham Əliyev mütəmadi olaraq o ərazilərə səfər edərək görülən işlərlə yaxından tanış olur, tapşırıqlarını verir, açılışlar edir, yeni təməllər qoyur. Qurucu Lider İlham Əliyevin yenidən bünövrəsini qoyduğu şəhər, qəsəbə və kəndlərimizə bir-bir qayıdış köçləri yola salınır.
İndi keçmiş məcburi köçkünlərlə doğma yurdlarında görüşən Prezident İlham Əliyev onların qayıdış sevinclərini fərəhlə bölüşür. Vətən nisgili, torpaq həsrəti olmayan bu görüşlərdə yalnız yurda dönüş bəxtəvərliyindən qürurla bəhs olunur.
Fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə keçirilən görüşdə olduğu kimi.
Ötən ilin dekabrında ilk qayıdış köçü həyata keçirilən Ballıca kəndində artıq 460 keçmiş köçkün yerləşib. Qarabağa növbəti səfəri zamanı Ballıca kəndində həmin sakinlərlə görüşən və onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevlə keçmiş məcburi köçkünlər arasında səmimi söhbət əsnasında duyğulu anlar yaşandı.
Dədə-baba yurdlarından zorla qovulmuş, faciələrə tuş gəlmiş, məcburi köçkün kimi maddi-mənəvi əzablarla üzləşmiş bu sakinlər onları bu xoşbəxt günlərə qovuşduran Xilaskar Liderləri İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar.
Sakinlərdən biri qəlbindən keçən hissləri bu sözlərlə dilə gətirdi: "Mən ürəyimdə deyirdim ki, İlahi, görəsən qismət olar ki, gedək Ballıcadan keçək, Vətənə baxaq? Ay Allah, bu günü bizə nəsib eləyənə qurban olum. Bu, böyük qələbədir, böyük qələbədir".
Ballıca sakinlərindən birinin dövlətimizin başçısını salamlayaraq, "Allah Sizi qorusun. Ali Baş Komandan, "dəmir yumruq" buradadır" deməsi və Prezident İlham Əliyevin gülərək "Maşallah, sənin də yumruğun yaxşıdır", - deyə cavab verməsini əks etdirən kadrlar sosial şəbəkələr və media vasitəsilə bir anda bütün ölkəyə yayıldı, hər kəs tərəfindən böyük maraqla qarşılandı.
Çünki Xocalının Ballıca kəndində yaşanan bu səmimi və maraqlı dialoq, həm də Azərbaycan xalqının, dövlətinin, ordusunun birgəliyinin rəmzinə çevrilən "dəmir yumruğ"un düşmənlərimizə qarşı hər zaman hazır vəziyyətdə olduğunun ismarışını verirdi.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, torpaqlarımızı işğalçılardan azad etmək bizim borcumuz, milli ideyamız idi: "Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyuldu, 2023-cü ildə antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Azərbaycan bayrağının qürurla dalğalandırıldığı Qarabağ və Şərqi Zəngəzurda indi həyat bərpa edilir. Əzəli sakinləri yurdlarına qovuşdurulur.
Bütün bu tarixi qələbələr isə Prezident İlham Əliyevin qətiyyəti, əzmi, xalqına, torpağına olan tükənməz sevgisi sayəsində qazanılıb.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"