Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası Goranboy rayonunda əsas diqqət mərkəzindədir.
Kənd təsərrüfatının bir çox sahəsi üzrə rayonda yüksək nəticələrə nail olunur. Bunu biçini artıq yekunlaşmış taxılçılıqda da görmək mümkündür. Rayon üzrə ümumilikdə 20 min 525,4 hektarda taxıl əkini aparılmışdır. Onun 5930,4 hektarı buğda, 14595 hektarı arpa sahələri olmuşdur. Əlavə olaraq, 853 hektarda xəsil əkini həyata keçirilmişdir. Sahələrdən 56774,6 ton arpa əldə edilmişdir. Orta məhsuldarlıq 38,9 sentner olmuşdur. Buğda sahələrindən isə 26 min 77,9 ton məhsul biçilmişdir. Əvvəlki illərdən fərqli olaraq məhsuldarlıq 44,5 sentnerə çatmışdır.
Hazırda rayon fermerləri gələn ilin bol məhsulu üçün hazırlıq işlərinə başlamışlar. Belə ki, müasir suvarma sistemləri ilə təchiz edilmiş 848 hektarda ərzaqlıq buğda əkini aparılmışdır. Bu sahələrin 727 hektarı "Region Agro" MMC-nin, 208 hektarı fiziki şəxs Fərid Əkbərzadənin və 150 hektarı "Blu River Agro"nundur.
Pambıqçılığa gəldikdə, cari mövsüm istehsalçılarla bağlanmış müqavilələr əsasında ümumilikdə 1492,6 hekrarda pambıq əkini aparılmışdır. Əkin sahələrinin 304 hektarı müasir suvarma sistemləri ilə təchiz olunmuşdur.
Rayonda inkişaf edən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ötən illər rayonda cəmi 8 hektar sahədə tütün becərildiyi halda, bu göstərici 2025-ci ildə 180, 2026-cı ildə isə 330 hektara çatmışdır. Tütün şitillərinin sahələrə köçürülməsi artıq yekunlaşmışdır.
Bunlardan əlavə, 74,5 hektarda şəkər çuğunduru, 1091,8 hektarda qarğıdalı, 2553 hektarda günəbaxan, 79,2 hektarda bostan bitkiləri, 1531,6 hektarda tərəvəz və digər bitkilər əkilmişdir.
Goranboy son illər heyvandarlıq sahəsində də fərqlənir. Əldə etdiyimiz son məlumata görə, rayon üzrə qaramalın sayı 38,7 min, davarın sayı 163,4 başdır. Bu ilin ötən dövründə
5 min ton ət, 41,2 min ton süd istehsal olunmuşdur. 2026-cı ilin 1 avqust tarixinədək ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalında 3,8, süd istehsalında 0,2 ton, yumurta istehsalında 82 min ədəd, yun istehsalında isə 0,2 ton artım olmuşdur.
Muzdurlar kəndi ərazisində fəaliyyət göstərən Teymur Hacızadəyə məxsus "Türk Qida Sənaye" MMC-də iki istiqamət üzrə damazlıq heyvanlar saxlanılır. Ötən il 75 baş simmental, 264 baş holşteyn-friz cinsli heyvan olmaqla, ümumilikdə 339 baş damazlıq mal-qara olmuşdur. Bu il də təsərrüfatda avqustun əvvəlinədək süd istehsalı 586 tona çatmışdır. MMC-də təsərrüfatda ümumilikdə 355 baş mal-qara, o cümlədən 72 baş simmental və 283 baş holşteyn-friz cinsli heyvan saxlanılır.
Balakürd kəndi ərazisində Feyzulla Nəbiyevə məxsus heyvandarlıq təsərrüfatı da uğurlu göstəricilərə nail olur. Təsərrüfatda keçən il 1393 ton süd istehsal edilmişdir. Cari il avqustun 1-dək süd istehsalı 653,077 tona çatmışdır. Təsərrüfatda ümumilikdə 360 baş holşteyn-friz cinsli mal-qara bəslənilir.
Cins tərkibli heyvanlardan söz düşmüşkən qeyd edək ki, hazırda fermer təsərrüfatlarında 1735 baş qaramal süni yolla mayalandırılmış, nəticədə 713 baş sağlam buzov və 2 baş balaq (camış balası) doğulmuşdur.
Rayonda baramaçılığa da maraq artır. Əgər ötən il rayon üzrə 41 kümçüyə 50 qutu barama toxumu paylanılmış və 2038,8 kiloqram barama təhvil verilmişsə, bu il kümçülər 2632,15 kiloqram yaş barama istehsal etmişlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"