Goranboyun 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilməsi münasibətilə rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilmişdir.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Naxçıvan MR gənclər və idman naziri səlahiyyətlərini icra edən Mirməcid Seyidov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Gənclər Birliyinin nümayəndəsi Emil Aslanlı, eləcə də ölkənin, o cümlədən Goranboyun bir qrup gənci iştirak etmişlər.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirələrinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər - Məhərrəm Quliyev, Fərid Qayıbov, Teymur Səmədov və Müşfiq Cəfərov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışmışlar. Nazir Fərid Qayıbov "Gənclər Paytaxtı"nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovdan təhvil alaraq Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təqdim etmişdir.
İstedadlı və yaradıcı gənclər mükafatlandırıldıqdan sonra Azərbaycanda Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, Goranboyun "Gənclər Paytaxtı" loqosu və maskotu ictimaiyyətə təqdim olunmuşdur. Heydər Əliyev parkında təşkil olunan GəncFestdə gənclər düşərgələrinə baxış keçirilmiş, gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak etmişlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"