16 Aprel 2026 03:05
205
Qanunlar
A- A+
Uşaq hüquqları haqqında

Uşaq hüquqları haqqında


Azərbaycan Respublikasının Qanunu


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. çətin həyat şəraitində olan uşaqlar – həyat fəaliyyəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş halların mövcudluğu nəticəsində pozulan və bu halları təkbaşına və ya ailəsinin köməyi ilə aradan qaldıra bilməyən uşaqlar;

1.1.2. erkən evlilik – uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;

1.1.3. uşağın qanuni nümayəndələri – valideynlər, valideynləri əvəz edən şəxslər, onlar olmadıqda qəyyumluq və himayəçilik orqanının nümayəndəsi;

1.1.4. uşağın sosial reabilitasiyası – uşağın normal yaşayış mühitinin, sosial əlaqələrinin bərpası və ona qayğı göstərilməsi üzrə həyata keçirilən kompleks tədbirlər;

1.1.5. uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləri;

1.1.6. uşaq – 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs;

1.1.7. uşaqlar barəsində icraat – uşaqlar barəsində mülki işlər, cinayət işləri, inzibati xətalara və inzibati mübahisələrə dair işlər üzrə icraat, inzibati icraat;

1.1.8. uşaqlara qarşı cismani cəza – valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşaqlara qarşı törədilən fiziki və (və ya) psixoloji zorakılıq;

1.1.9. uşaqlara qarşı zorakılığın formaları – fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq, cismani cəza, etinasız rəftar, təhlükədə qoyma, istismar, davamlı təzyiq və aqressiv davranış;

1.1.10. uşaqlara qarşı zorakılıq – uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməl (hərəkət və ya hərəkətsizlik);

1.1.11. valideynləri əvəz edən şəxslər – övladlığa götürənlər, qəyyumlar (himayəçilər).

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanunvericiliyi

Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının Ailə Məcəlləsindən, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanunda nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir.

3.2. Azərbaycan Respublikasında olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.

2-ci fəsil
UŞAQLAR BARƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

Maddə 4. Uşaqlar barəsində dövlət siyasətinin məqsədləri

4.1. Uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:

4.1.1. uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması;

4.1.2. uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası;

4.1.3. uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, bütün uşaqlar üçün bərabər imkanların və inklüzivliyin təmin edilməsi;

4.1.4. çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi;

4.1.5. uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, əxlaqi dəyərlərə, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması;

4.1.6. uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması;

4.1.7. uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.

Maddə 5. Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri

5.1. Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

5.1.1. uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

5.1.2. uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılmasında nəzərə alınması;

5.1.3. uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;

5.1.4. uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;

5.1.5. sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi;

5.1.6. təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi;

5.1.7. uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması;

5.1.8. uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;

5.1.9. uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Maddə 6. Uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramları

6.1. Bu Qanunda təsbit edilmiş uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə dəstək məqsədilə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların iştirakı ilə proqramlar həyata keçirirlər.

6.2. Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları müstəqil və ya digər qeyri-hökumət təşkilatları ilə birgə uşaqlara dəstək proqramları həyata keçirə bilərlər.

Maddə 7. Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) və qeyri-hökumət təşkilatları

7.1. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər.

7.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər.

7.3. Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.

Maddə 8. Əlaqələndirmə, nəzarət və monitorinq

8.1. Uşaqlar barəsində dövlət siyasəti normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə əlaqələndirmə və qurumlararası əməkdaşlıq çərçivəsində, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin iştirakı ilə həyata keçirilir.

8.2. Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətlərinin əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

8.3. Dövlət uşaq hüquqları sahəsində normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, uşaqların mənafeyinin üstün tutulmasına və ayrı-seçkiliyin yolverilməzliyinə nəzarət edir. Uşaq hüquq və azadlıqlarının həyata keçirilməsinə dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunması, uşaq hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır. Uşaq hüquq və azadlıqlarının həyata keçirilməsinə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı və qanunla müəyyən edilmiş hallarda prokuror nəzarət edir.

8.4. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

8.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

Maddə 9. Məlumatların toplanılması və təhlili

9.1. Dövlət uşaq hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı məlumatların toplanılmasını və təhlilini həyata keçirir və bu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edir.

9.2. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılır.

9.3. Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil və idarə edilir.

3-cü fəsil

UŞAĞIN ƏSAS HÜQUQ VƏ AZADLIQLARI, ONLARIN HƏYATA KEÇİRİLMƏSİNİN DÖVLƏT TƏMİNATLARI

Maddə 10. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları

10.1. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları aşağıdakılardır:

10.1.1. uşaqların mənafelərinin üstünlüyünün qanunda təsbit edilməklə tanınması;

10.1.2. uşaqların müdafiəsinin və onlara qayğının ilk növbədə təmin edilməsi;

10.1.3. cəmiyyətin bərabərhüquqlu üzvü olaraq uşağın hüquq və azadlıqlarına hörmət edilməsi;

10.1.4. uşağa aid qərarların qəbul edilməsindən əvvəl qanuna əsasən araşdırmanın aparılması və uşağın öz fikrini ifadə etmək hüququnun təmin edilməsi;

10.1.5. uşağın ayrı-seçkiliyin və zorakılığın bütün formalarından müdafiəsinin təmin edilməsi;

10.1.6. hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsinin, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi məqsədilə ailələrə dövlət dəstəyinin göstərilməsi;

10.1.7. valideynlərin (onları əvəz edən şəxslərin), cəmiyyətin uşaqların hüquq və azadlıqlarına dair məlumatlılıq səviyyəsinin və valideyn məsuliyyətinin artırılması;

10.1.8. uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi sahəsində dövlət və qeyri-dövlət müəssisələri arasında əməkdaşlığın təmin edilməsi;

10.1.9. uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin pozulmasına, onlara zərərin yetirilməsinə görə vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin məsuliyyətinin müəyyən edilməsi;

10.1.10. uşağın müdafiəsi üzrə tədbirlər görülərkən himayənin, tərbiyənin və təhsilin sabitliyinin və fasiləsizliyinin təmin edilməsi;

10.1.11. uşağın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin dövlət, cəmiyyət və ailə tərəfindən qorunması və müdafiəsi.

10.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır.

Maddə 11. Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir.

Maddə 12. Uşaqların hüquq bərabərliyi

12.1. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunun 3.1-ci maddəsində göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər.

12.2. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

12.3. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları vardır.

Maddə 13. Uşağın fərdiliyinin qorunması hüququ

Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur.

Maddə 14. Uşağın vətəndaşlıq və ad almaq hüququ

14.1. Hər bir uşaq doğulduqdan sonra onun doğumu Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.

14.2. Uşağa ad Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq verilir.

Maddə 15. Uşağın tərbiyə almaq hüququ

15.1. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.

15.2. Uşağın tərbiyəsi ailədə, təhsil və sosial xidmət müəssisələrində həyata keçirilir. Uşaqların tərbiyəsi sahəsində həyata keçirilən tədbirlər uşaq hüquqlarını pozmamalıdır.

15.3. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, dünyagörüşünün, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edir.

Maddə 16. Uşağın həyat və sağlamlığının qorunması hüququ

16.1. Hər bir uşağın həyat və sağlamlığının qorunması hüququ vardır.

16.2. Dövlət uşaqların həyatının mühafizəsi, onların sağlam inkişafı, ekoloji təhlükəsizliyi, keyfiyyətli qida və içməli təmiz su ilə təminatı üçün aşağıdakı tədbirləri görür:

16.2.1. profilaktik peyvəndlərin aparılması və uşaqların inkişafına yönəldilmiş digər qabaqlayıcı tədbirlərin görülməsi;

16.2.2. uşaqların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida və içməli su ilə təminatı;

16.2.3. uşaqların və valideynlərin (onları əvəz edən şəxslərin) sağlamlığın qorunması, uşaqların sağlam qidalanması, ana südü ilə qidalanma, gigiyena qaydalarına əməl olunma, ətraf mühitin mühafizəsi, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən qorunma barədə məlumatlandırılması;

16.2.4. uşaq ölümünün azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi.

16.3. Dövlət uşaqların dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında uşaqların və onların qanuni nümayəndələrinin tam və obyektiv məlumat almaq hüququnu təmin edir.

16.4. Valideynlər (onları əvəz edən şəxslər) uşaqların sağlamlığının qayğısına qalmalı və uşağın tibbi yardıma ehtiyacı olduqda dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.

16.5. Uşaqlara tibbi-sosial yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

16.6. Təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan uşaqların müalicəsinin təşkili “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

16.7. Uşaqların dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvənd edilməsindən əvvəl büdcə vəsaiti hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, profilaktik peyvəndlər təqviminə əsasən yaş qruplarına görə peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ vardır.

16.8. Uşaqların təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə saxlanma, təhsil və tərbiyə şəraiti Azərbaycan Respublikasının sanitariya-epidemioloji salamatlıq haqqında qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.

16.9. Dövlət zorakılıqdan, hərbi münaqişələrdən, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən zərər çəkmiş, zorakılığın şahidi və qurbanı olmuş, habelə əlilliyi olan uşaqların fiziki və psixi sağlamlığının qorunmasını, o cümlədən sosial reabilitasiyasını təmin edir.

16.10. Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyət göstərən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların sağlamlığının mühafizəsi üzrə proqramlar həyata keçirirlər.

Maddə 17. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

17.1. Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

17.2. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

17.3. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

17.4. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir.

17.5. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

17.6. Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.

Maddə 18. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

18.1. Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

18.2. Uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağandır.

18.3. Ailədə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə və uşağın ola biləcəyi digər yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağandır. Uşağın zorakılıqdan müdafiə olunmaq hüququ vardır. Dövlət uşağa qarşı zorakılığın qarşısının alınması üçün hüquqi, inzibati, sosial və maarifləndirici tədbirlər görür.

18.4. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər.

18.5. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

18.6. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və vəzifəli şəxslər təhsil, tibb, sosial müdafiə, hüquq mühafizə, idman, media, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslərlə uşaqların müdafiəsi və uşaq hüquqları barədə təbliğat-təşviqat işlərinin aparılması, həmin şəxslərin zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün tədbirlər görürlər.

18.7. Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlər formalaşdırılır.

18.8. Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludurlar.

Maddə 19. Uşağın vicdan azadlığı

19.1. Hər bir uşağın vicdan azadlığı vardır və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

19.2. Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

19.3. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Maddə 20. Uşağın fikir və söz azadlığı

20.1. Uşaq öz fikrini azad ifadə etmək hüququna malikdir.

20.2. Hər kəs uşağın fikir və söz azadlığına hörmətlə yanaşmalıdır.

Maddə 21. Uşağın məlumat azadlığı

Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən mövzuda, o cümlədən öz hüquq və azadlıqları barədə məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Maddə 22. Uşağın yaradıcılıq azadlığı və əqli mülkiyyət hüququ

22.1. Hər bir uşağın yaradıcılıq azadlığı vardır. Dövlət uşağın ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərini azad həyata keçirməsinə təminat verir.

22.2. Uşağın əqli mülkiyyət hüququ vardır. Uşağın əqli mülkiyyət hüququ “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunur.

Maddə 23. Uşağın birləşmək hüququ

23.1. Uşaqların qanunla müəyyən edilmiş qaydada onların fiziki, əqli və mədəni inkişafına xidmət edən ictimai birliklər yaratmaq və onlarda birləşmək hüququ vardır.

23.2. Uşaqların və uşaq ictimai birliklərinin siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

Maddə 24. Uşağın sosial təminat hüququ

24.1. Hər bir uşaq sosial təminat hüququna malikdir.

24.2. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır.

24.3. Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir.

24.4. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir.

24.5. Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər.

24.6. Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.

Maddə 25. Uşağın təhsil hüququ

25.1. Hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ vardır. Dövlət uşaqların təhsilə olan fərdi ehtiyac və imkanlarını nəzərə almaqla onların təhsilə bərabər çıxış imkanlarını təmin edir.

25.2. Dövlət uşaqların dövlət təhsil müəssisələrində pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir uşaq pulsuz ümumi təhsil almaq hüququna malikdir.

25.3. Dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.

25.4. Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı uşaqların təhsilini davam etdirməsinə təminat verir.

25.5. Dövlət xüsusi istedada malik uşaqların erkən yaşdan üzə çıxarılması, onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis edir, təhsil müəssisələri sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

25.6. Sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində yaranan münasibətlər “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir.

25.7. Mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstərilir.

25.8. Təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər. Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.

25.9. Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyillərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görülür və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçirilir.

Maddə 26. Uşağın əmlak hüquqları

Uşaq gəlirinə (o cümlədən aliment, təqaüd, pensiya, müavinət və s.), vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə onun vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağa məxsus əmlakın onun üstün mənafelərinə uyğun idarə olunması və uşağın həmin əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən olunur.

Maddə 27. Uşağın əmək hüququ

27.1. Yaşı 15-dən az olan uşaqların işə qəbul edilməsinə yol verilmir.

27.2. Uşaqların əmək hüququ və onlar üçün müvafiq təminatlar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

27.3. Ümumi təhsil müəssisələrində təhsil alanlar üçün peşəyönümü xidməti təşkil edilir.

27.4. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Maddə 28. Uşağın istirahət hüququ

28.1. Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır.

28.2. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən şəxslər) və müvafiq dövlət orqanları (qurumları) uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

28.3. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasını təmin etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin, uşaq və gənclər, idman, mədəniyyət və sağlamlıq obyektlərinin və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən ödənişsiz və güzəştli istifadə qaydalarını müəyyən edir.

28.4. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

28.5. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara və əlilliyi olan uşaqlara bədən tərbiyəsi-idman xidmətləri ödənişsiz göstərilir.

28.6. Əlilliyi olan, şəhid ailəsinin üzvü olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar sanatoriya-kurort müalicəsi almaq üçün normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.

 Maddə 29. Uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin inzibati və məhkəmə təminatı

29.1. Hər bir uşağın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

29.2. Uşaqlarla bağlı inzibati və məhkəmə icraatı uşaqların yaşına uyğun, onlar üçün aydın, təxirəsalınmaz, ədalətli, ardıcıl, uşaqların hüquq və ehtiyacları nəzərə alınmaqla, onların ləyaqətinə və şəxsi həyatına, habelə valideynlərinə və digər yaxın qohumlarına qarşı hörmət əsasında həyata keçirilir.

29.3. Uşaq qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarında (qurumlarında) özü barəsində olan və ya digər informasiyanı əldə etmək və (və ya) rəsmi sənədlərlə tanış olmaq hüququna malikdir.

Maddə 30. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

30.1. Dövlət hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquq normalarına uyğun olaraq təmin etməyi öz üzərinə götürür.

30.2. Hərbi qurumlar döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının qorunması üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.

Maddə 31. Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərərçəkmiş uşaqların müdafiəsi

31.1. Dövlət təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara təcili kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görür.

31.2. Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 32. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

32.1. Dövlət valideynləri və ya digər şəxslər tərəfindən müşayiət edilib-edilməməsindən asılı olmayaraq, qaçqın və ya məcburi köçkün olan uşaqları lazımi müdafiə və humanitar yardımla təmin etmək üçün təcili tədbirlər görür, valideynlərindən (onları əvəz edən şəxslərdən) ayrı düşmüş uşaqların valideynlərinin (onları əvəz edən şəxslərin) axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri kömək göstərir.

32.2. Qaçqın və ya məcburi köçkün uşaqların hüquqi statusu “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

32.3. Məcburi köçkün statusu almış uşaqların sosial müdafiəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 33. Uşaqlara hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin həyata keçirilməsində və müdafiəsində kömək göstərilməsi

Dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, onların vəzifəli şəxsləri uşaqların yaşını və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə fəaliyyət qabiliyyətini nəzərə alaraq uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin həyata keçirilməsində və müdafiəsində onlara kömək göstərirlər.

Maddə 34. Uşaq müəssisələrində xidmətlər

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstərilir.

Maddə 35. Uşağın cəmiyyət qarşısında vəzifələri

Hər bir uşaq Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməyə, digər şəxslərin hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə, Azərbaycan Respublikasının dövlət rəmzlərinə, öz xalqının ənənələrinə və mədəni sərvətlərinə, həmçinin ümumbəşəri dəyərlərə hörmət etməyə, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumağa, yaşadığı, işlədiyi və təhsil aldığı yerdə davranış normalarına riayət etməyə borcludur.

4-cü fəsil
UŞAQ VƏ AİLƏ

Maddə 36. Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallardan başqa valideynlərin iradəsinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

Maddə 37. Valideynlərindən ayrı yaşayan uşağın hüququ

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə onun maraqlarına zidd olan hallar istisna olmaqla, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

Maddə 38. Valideynlərin və onları əvəz edən şəxslərin hüquq və vəzifələri

38.1. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

38.2. Valideynlər və onları əvəz edən şəxslər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki və mənəvi inkişafına cavabdehdirlər. Valideynlər və onları əvəz edən şəxslər uşağı sağlam böyütməli, milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə etməli və müstəqil həyata hazırlamalıdırlar. Uşağın maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və qanuni mənafelərinin mühafizəsi valideynlərin və onları əvəz edən şəxslərin əsas vəzifələridir.

38.3. Valideynlər və onları əvəz edən şəxslər uşaq barəsində onun üstün mənafeyinə zidd olmayan tərbiyəvi tədbirlər görür və uşağı zərərli informasiyadan qoruyurlar.

38.4. Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir.

38.5. Valideynlərin və onları əvəz edən şəxslərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının (qurumlarının) müdaxiləsinə yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilir.

38.6. Uşaqların erkən evliliyə daxil olmağa məcbur edilməsi, bu barədə valideynlər və onları əvəz edən şəxslər arasında qabaqcadan hər hansı sövdələşmənin aparılması, habelə erkən evliliklə bağlı mərasimlərin təşkil olunması və uşaqlar barədə dini kəbinkəsmə (dini nikah) qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

38.7. Uşaqların vurduğu maddi ziyana görə onların valideynləri (onları əvəz edən şəxslər) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 39. Uşağın mənzil hüququ

39.1. Hər bir uşağın mənzil hüququ vardır və o, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

39.2. Uşaqların yaşadıqları mənzil sahəsinə valideynləri və ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

Maddə 40. Uşağın vərəsəlik və valideynlərinin (övladlığa götürənlərinin) əmlakı hesabına saxlanma hüququ

Hər bir uşağın valideynlərinin (övladlığa götürənlərinin) əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən (övladlığa götürənlərdən) hər ikisi və ya biri xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır.

5-ci fəsil
UŞAQ VƏ CƏMİYYƏT

Maddə 41. Uşağın sosial mühitin mənfi təsirindən qorunması

41.1. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər uşağı sosial mühitin mənfi təsirindən qorumağa borcludurlar.

41.2. Uşaqlara qarşı zorakılığın törədilməsi, onların cinayət və ya digər qanunsuz fəaliyyətə cəlb edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

41.3. Dövlət cinayət, zorakılıq və ya digər qanunazidd davranış nəticəsində zərər çəkmiş uşağa sağlamlığının bərpası və sosial reabilitasiyası üçün zəruri yardım göstərir.

41.4. Yardıma ehtiyacı olan uşaq barədə məlumatı olan fiziki və hüquqi şəxslər bu barədə hüquq mühafizə orqanlarına, fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqlara xidmət göstərən və onların hüquqlarını müdafiə edən dövlət orqanlarına (qurumlarına) məlumat verməyə borcludurlar.

Maddə 42. Uşağın alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərli təsirindən qorunması

42.1. Valideynlər və onları əvəz edən şəxslər, dövlət orqanları (qurumları), habelə uşağın təlim-tərbiyəsi ilə bağlı funksiyaları həyata keçirən təşkilatlar sağlam həyat tərzini, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərlərini təbliğ etməyə borcludurlar.

42.2. Uşağa alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satılması qadağandır.

Maddə 43. Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması

43.1. İrqi, milli, sosial və dini ədavəti qızışdırmağa yönəlmiş, müharibəni, terrorçuluğu təbliğ edən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırışları ehtiva edən oyunları və informasiya məhsullarını, uşaqların sağlamlığına və inkişafına zərər vuran, habelə uşağın mənəvi və əxlaqi inkişafına başqa şəkildə mənfi təsir göstərən pornoqrafik materialları uşaqlar üçün nümayiş etdirmək, satmaq, bağışlamaq, çoxaltmaq, icarəyə vermək və yaymaq qadağandır.

43.2. Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

43.3. Uşağın onun sağlamlığına və inkişafına zərər vuran çap nəşrlərini, kino və ya videomaterialları, şəkilləri, digər əşyaları, pornoqrafik xarakterli və (və ya) erotik məzmunlu materialları yaymaq və ya reklam etmək məqsədilə onların hazırlanmasına, əldə edilməsinə və ya saxlanmasına cəlb edilməsi qadağandır.

Maddə 44. Uşağın insan alverindən, uşaq pornoqrafiyasının dövriyyəsindən, əxlaqsız əməllərdən və seksual xarakterli məqsədlərlə təqibdən qorunması

Uşaq alveri, uşaq pornoqrafiyasının dövriyyəsi, uşağın əxlaqsız əməllərə cəlb edilməsi və seksual xarakterli məqsədlərlə təqib edilməsi qadağandır.

Maddə 45. Uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlbedilmədən qorunması

45.1. Uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi qadağandır.

45.2. Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi valideynlik hüquqlarından sui-istifadə hesab olunur.

45.3. Avaralıqla və dilənçiliklə məşğul olmağa cəlb edilmiş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunması, onların sosial reabilitasiyası “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 46. Uşaqların hərbi əməliyyatlarda iştirakının qadağan edilməsi

46.1. Uşaqların hərbi əməliyyatlara cəlb edilməsi qadağandır.

46.2. Uşaqların xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul edilməsi qaydaları Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 47. Uşağın bir yerdən başqa yerə qanunsuz köçürülmədən qorunması

Dövlət məqsədlərindən, formalarından və üsullarından asılı olmayaraq, uşaqların oğurlanmasının, alverinin və qanunsuz olaraq yerdəyişməsinin (o cümlədən daimi yaşayış ölkəsinə qaytarılmasının) qarşısını alır.

Maddə 48. Uşaqların zərərli reklamdan müdafiəsi

Dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir. Uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

6-cı fəsil
ÇƏTİN HƏYAT ŞƏRAİTİNDƏ OLAN UŞAQLARIN MÜDAFİƏSİ VƏ HÜQUQLARI

Maddə 49. Uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlər

49.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanlar (qurumlar), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları çətin həyat şəraitində olan uşaqlarla və onların ailələri ilə profilaktik iş aparırlar və onlara yardım göstərirlər.

49.2. Uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərə ailələrə sosial dəstəyin göstərilməsi, valideynlik vərdişlərinin inkişafı, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi, ailə dəyərlərini, uşaq hüquqlarını, onların əxlaqi və mənəvi tərbiyəsini təbliğ edən fəaliyyətin həyata keçirilməsi üzrə tədbirlər və xidmətlər sistemi daxildir.

Maddə 50. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi

50.1. Dövlət çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi üzrə mexanizmlər müəyyən edir.

50.2. Valideyn himayəsindən məhrum olan uşaqların aşkarlanması və sosial xidmət müəssisələrinə yerləşdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

50.3. Çətin həyat şəraitində olan uşaqlar (valideyn himayəsindən məhrum olan uşaqlar istisna olmaqla) barədə məlumata malik olan dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər belə məlumatları onların aşkar edildiyi ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya təqdim etməlidirlər. Uşağın yaşayış yeri onun aşkar edildiyi ərazi olmadıqda uşağın aşkar edildiyi ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya uşaqla işin aparılması üçün məlumatları uşağın faktiki yaşayış yeri üzrə müvafiq komissiyaya göndərir. Uşağın yaşayış yeri məlum olmadıqda onunla iş aşkar edildiyi ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən həyata keçirilir.

50.4. Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya uşaq barədə məlumat daxil olduqda dərhal onun yaşayış yerinə və ya olduğu yerə gedilməsini, uşağın vəziyyətinin (sağlamlıq vəziyyəti, psixoloji vəziyyəti, əlilliyi müəyyən edilmiş uşağa xüsusi qayğının mövcud olub-olmaması, uşağa qarşı zorakılıq hallarının mövcud olub-olmaması və yaşayış şəraiti) ilkin müayinəsinin keçirilməsini və təcili və təxirəsalınmaz tədbirlərin görülməsini təşkil edir.

50.5. Aşkarlanmış uşağa münasibətdə icra olunmalı təcili və təxirəsalınmaz tədbirlərə aşağıdakılar aiddir:

50.5.1. ilkin tibbi və (və ya) psixoloji yardımın göstərilməsi;

50.5.2. uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi;

50.5.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq məlumatın göndərilməsi.

50.6. Valideyninin və digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

50.7. Çətin həyat şəraitində olan uşağın fərdi məlumatlarının toplanması, işlənməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 51. Əlilliyi olan uşaqların hüquqları

51.1. Əlilliyi olan uşaqlar digər uşaqlarla bərabər hüquqlara malikdirlər. Dövlət əlilliyi olan uşaqların reabilitasiyasını, yaşadığı yerdə layiqli həyat sürməsi üçün təhsil, iş və digər sosial mühit və infrastrukturun müyəssərliyini, onlara uyğun məşğulluğun, eləcə də digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılmasını təmin edir.

51.2. Əlilliyi olan uşaqlara qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan uşaqların bərabərliyinin təmin edilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlər ayrı-seçkilik hesab edilmir.

Maddə 52. Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları

Dövlət valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin edir, onların təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, habelə əmək hüquqları üzrə təminatlarına dair mexanizmlər müəyyən edir.

Maddə 53. Baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları

53.1. Dövlət baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunmasını, sosial reabilitasiyasını və bu məqsədlə sosial xidmət müəssisələrinin yaradılmasını təmin edir.

53.2. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, daxili işlər orqanları, tibb müəssisələri, habelə gənclərin işləri üzrə orqanlar “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquq pozuntusunu törətmiş uşağın sosial reabilitasiyasını təmin etməlidirlər.

Maddə 54. Çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində xidmət göstərilməsi ilə bağlı tələblər

54.1. Çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblərə uyğun həyata keçirilir.

54.2. Xidmətlər göstərilərkən uşağa münasibətdə zorakılığı nəzərdə tutan tədbirlərin və metodların tətbiqi, onun valideynləri (onları əvəz edən şəxslər), digər ailə üzvləri və ya ətraf mühitlə əlaqəsinin məhdudlaşdırılması qadağandır.

7-ci fəsil
UŞAQLAR BARƏSİNDƏ İCRAATIN ƏSASLARI

Maddə 55. Uşaqlar barəsində icraatın əsas prinsipləri

55.1. Uşaqlar barəsində icraat uşağın iştirakı, onun təhlükəsizliyinin təmin olunması, uşaq hüquqlarına və azadlıqlarına hörmət edilməsi və onların səmərəli şəkildə həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət edilməsi, qeyri-bərabər rəftarın yolverilməzliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır.

55.2. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraat uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir.

55.3. Uşaqlar barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat verir.

55.4. Uşaqlar barəsində icraatın bütün mərhələlərində uşağın fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

55.5. Uşaqlar barəsində icraat Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 56. Uşaqlar barəsində icraatın həyata keçirilməsi ilə bağlı prosessual təminatlar

56.1. Uşağın Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bilavasitə, qanuni nümayəndəsi (həmin şəxslərin uşağa qarşı hüquq pozuntusu törətməsinə şübhə olduğu hallar istisna olmaqla) və ya nümayəndəsi vasitəsilə öz hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi ilə bağlı inzibati orqana, polis, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etmək, habelə onların hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından şikayət etmək hüququ vardır.

56.2. Polis və prokurorluq orqanları cinayət törətmiş, cinayətin qurbanı olmuş, valideynin və ya ailəni dolandıran şəxsin həbs olunması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri və hərəkətsizliyi nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olmuş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi üçün tədbirlər görür.

56.3. Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilir.

56.4. Uşaq özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz.

56.5. Cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən cinayət prosesini həyata keçirən orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməli və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilirlər.

Maddə 57. Uşaqlar barəsində icraatı həyata keçirən şəxslər

Uşaqlar barəsində və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar.

Maddə 58. Uşaqlar barəsində icraat zamanı uşağın öz fikrini ifadə etmə hüququ

58.1. Uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ vardır.

58.2. Uşağa, o cümlədən əlilliyi olan uşağa öz fikrini ifadə etməsi üçün uyğun şərait yaradılır.

58.3. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Maddə 59. Uşağın hüquqi yardım almaq hüququ

59.1. Uşağın yaşı, fərdi xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla, qanunla nəzərdə tutulmuş hallarda və qaydada onun başa düşəcəyi dildə və formada dövlət büdcəsinin vəsaiti hesabına yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

59.2. Uşaqlar barəsində icraat zamanı uşaqlara hüquqi yardım göstərən vəkil uşaq hüquqları və uşaqyönümlü hüquqi yardım barədə biliklərə malik olmalıdır.

Maddə 60. Uşağın təmsil olunmaq hüququ

Uşaqların onlar barəsində icraatda qanunla müəyyən edilmiş qaydada bilavasitə, qanuni nümayəndə və ya nümayəndə vasitəsilə iştirak etmək hüququ vardır.

Maddə 61. Uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar

61.1. Uşağın hüquqları ilə bağlı qərar qəbul edilərkən aşağıdakılar nəzərə alınmaqla uşağa humanist mövqedən yanaşılmalıdır:

61.1.1. uşağın təhlükəsizliyi;

61.1.2. uşağın təhsil, səhiyyə xidmətlərinə və sosial müdafiə tədbirlərinə maneəsiz çıxış imkanının olması;

61.1.3. uşağa qarşı istənilən zorakılığın, təhqirin və təhdidin qarşısının alınması;

61.1.4. uşağın hərtərəfli inkişafına, fərdi imkanlarına və maraqlarına dəstək göstərilməsi, onun şəxsiyyətinə hörmət edilməsi;

61.1.5. qanunla müəyyən edilmiş qaydada uşağın fikri;

61.1.6. uşaqla valideynləri (onları əvəz edən şəxslər) arasında münasibət;

61.1.7. uşağın hər iki valideynlə ünsiyyətinin saxlanılması və ya bərpası;

61.1.8. uşağın fikrinə zidd qəbul edilmiş qərarın, onun icrası prosesində uşağa mənfi təsirlərinin qarşısının alınması üzrə tədbirlərin əvvəlcədən müəyyən edilməsi.

8-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 62. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 63. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun qüvvəyə mindiyi gündən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli 499-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I); 2024, № 5 (I kitab), maddə 503, № 12 (II kitab), maddə 1335; 2025, № 4 (I kitab), maddə 322, № 6, maddə 523) ləğv edilir.

 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 mart 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:00
16 Aprel

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!