Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun, GDU-nun rektoru, professor Yusif Yusibovun, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun iştirak etdikləri tədbirin iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək tarixi-mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, gənclərin müasir bilik və bacarıqlarla yanaşı, milli kimliyini və mədəni irsini dərindən mənimsəməsinin vacibliyindən, eləcə də “Mənəvi dəyərlər” həftəsinin əhəmiyyətindən danışmışdır.
GDU-nun rektoru Yusif Yusibov ölkəmizdə müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qorunması, eləcə də xalqlar arasında dostluq və qarşılıqlı hörmət mühitinin formalaşmasından söhbət açmış, milli həmrəyliyin və vətənpərvərlik ruhunun 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdığını diqqətə çatdırmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə çıxışlarında Gəncənin Azərbaycanın mənəvi həyatındakı xüsusi rolundan danışmış, belə layihələrin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və zəngin tarixi irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini qeyd etmişlər.
Tədbirdən sonra iştirakçılar “Mənəvi dəyərlər” layihəsi çərçivəsində təşkil olunan ağacəkmə aksiyasına qatılmışlar.
Sabir ƏLİYEV,
“Azərbaycan”