Bu ölkə törətdiyi bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir
"Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, 100 il ərzində Fransanın Əlcəzair xalqına qarşı törətdiyi bu qətliamları heç bir xalq yaddan çıxarmamalıdır. Çünki Fransa Ermənistanın timsalında qətliamlar, soyqırımlar, terrorlar törədən bir ölkəyə hami duraraq bu gün də islamofob, türkofob, irqçi, antisemit siyasət yürütdüyünü ortaya qoyur.
Bir milyon yarım əlcəzairlinin qatili olan bu ölkənin hələ də özünü insani dəyərlərə, xalqların müqəddəratlarına önəm verən ölkə kimi göstərməsi isə çirkin oyunbazlıqdan başqa bir şey deyil. Üstəlik, Fransanın çox yaxın tarixdə, Əlcəzairdə və dünyanın bir çox başqa yerlərində törətdiyi qanlı əməllərin üzərindən xətt çəkərək, bu qətliamlar heç yaşanmamış ədası ilə davranaraq, onilliklər boyu erməni qəddarlığı ilə üz-üzə qalan Azərbaycana qarşı xüsusi kin və nifrətlə yalan ittihamlar səsləndirməsi, hansısa kağız parçaları qəbul etməsi isə həyasızlıqdır.
Fransa özü unutsa da, dünya bu ölkənin törətdiyi qətliamları unutmayacaq
Amma Fransa özü unutsa da, nə tarix, nə əlcəzairlilər, nə də bu dünyada haqqın tərəfdarı olan heç bir kəs bu ölkənin günahsız insanlarına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı əsla unutmayacaq.
Elə noyabrın 1-də Əlcəzairə sözügedən səfərində Prezident İlham Əliyevin Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi də Fransanın əsl üzünü dünyaya bir daha açıb göstərmək, onu ifşa etmək baxımından böyük əhəmiyyət daşıyırdı.
Əlcəzairə bu tarixi səfəri zamanı İlham Əliyev Fransanın Əlcəzairə, Ermənistanın isə Azərbaycana qarşı eyni terror metodundan istifadəsinə də bir daha diqqət çəkdi: "Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı", - deyə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Azərbaycan Prezidenti vurğuladı: "Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı".
İlham Əliyev Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlamasını, 67 məscidimizi barbarcasına dağıtdığını və bunun terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürü olduğunu qeyd etdi.
Ermənipərəst siyasətin kökü - Əlcəzair və Qarabağ oxşarlığı
Göründüyü kimi, Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda yürütdüyü siyasət çox oxşardır və rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə, Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir.
Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. Məsələn, 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu hadisənin bənzərini biz 1992-ci ildə Xocalıda müşahidə etdik. Bu gün Fransa tərəfindən dəstəklənən Ermənistan o vaxt Xocalının dinc əhalisinə qarşı özü də gecə vaxtı soyqırımı törətdi. Bundan əlavə, həm Fransa, həm də Ermənistan müharibə zamanı Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə ediblər.
Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirib. Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi görünür Ermənistana da sirayət edib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamları, əslində, 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boynuna almayıblar. Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin 1 milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi.
Göründüyü kimi, Fransa və Ermənistanı tarixən yürütdükləri və indi də davam etdirdikləri oxşar zorakılıq, kütləvi qəddarlıq, islamofob, türkofob, irqçi, antisemit siyasətləri birləşdirir. Bu baxımdan Fransa Senatının və Milli Assambleyasının noyabrın 15-də qəbul etdiyi qətnamə də təəccübləndirici görünmür və Fransanın Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edən, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vuran xain oyunlarını sübut edir.
Fransanın üzqarası olan tarixi
Azərbaycanı hərbi cinayətlərdə ittiham edən Fransanın özünün törətdiyi qətliamlara, vəhşiliklərə dönüb baxması daha məqsədəuyğundur. Fransa üçün tarixdə üzqarası olan o qətliamlardan bəzi nümunələri təqdim edirik:
- Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara ləkədir;
- 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;
- İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə, Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə selektiv yanaşdığını növbəti dəfə nümayiş etdirir;
- Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "1,5 milyon şəhid ölkəsi" adlandırılır;
- Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət belə verməkdən imtina etmişdir. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, dənizarxası ərazisi - Fransa Əlcəzairi adlandırmışdır;
- 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülmüşdür;
- 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir;
- 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olmuşdur;
- Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmişdir ki, bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil etmişdir.
Fransanın islamofob siyasəti
- Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə insan qətlə yetirilmişdi. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər.
Digər faktlara diqqət yetirək:
- XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransa və Ermənistandan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür;
- Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə "Kasablanka döyüşü" kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib;
- Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərib. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. "Bizert böhranı" nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınıb;
- Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan - zəhərli qazlardan istifadə edib. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkirlər;
- Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, "Mıy Ça" adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürmüşlər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanmışlar;
- 1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat keçirib. Nəticədə, Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər. "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya" tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub;
2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilib.
Fransanın türkofob siyasəti
2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf etmişdir. Həmçinin o, əsasən, təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018-2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib.
2019-cu ilin fevral ayında Fransada yəhudi qəbiristanlığında təxminən 80 məzara boya ilə svastika və digər nasist simvolları çəkilmiş, antisemit şüarlar yazılmışdır. Ümumiyyətlə, 2019-cu ildə Fransanın şərqində yerləşən yəhudi qəbiristanlıqlarında 180-dən çox məzar nasist simvolları ilə təhqir edilib.
Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edir. Terrorçuların Fransada himayə edilməsi yalnız müasir dövrlə əlaqəli məsələ deyildir. Belə ki, 1983-cü il iyulun 15-də Parisin Orli Hava Limanında Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə həbs edilmiş və terror aktını törətdiyini boynuna almış ASALA terror təşkilatının üzvü, erməni mənşəli Varujan Karapetyan 8 nəfərin həlak olmasına və 61 nəfərin yaralanmasına səbəb olmaqla ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə həbsxanadan azad edilib. Həmçinin 1981-ci il sentyabrın 24-də Türkiyənin Parisdəki səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvü Monte Melkonyan Türkiyə tərəfinin təkidləri nəticəsində həbs edilsə də, az sonra azad edilib. Orli Hava Limanındakı partlayışda iştirakı təsdiqlənən M. Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o, 1989-cu ildə azadlığa buraxılmışdır. Fransanın himayə etdiyi bu terrorçular müttəfiqi olan Ermənistanda qəhrəman kimi qəbul edilmiş və sonralar Azərbaycan xalqına qarşı çoxsaylı terror aktları törətmişlər.
Fransa öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını təmin etmir
Fransa Senatı və Milli Assambleyası Fransa vətəndaşlarının fundamental hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində apardıqları mübarizənin qarşısının alınmasında hökumət tərəfindən törədilən qeyri-qanuni əməllərə səssiz qalır. Bu baxımdan, "sarı jiletlilər" hərəkatının 15-ə yaxın üzvünün öldürülməsi, 4 mindən artıq nümayişçinin xəsarət alması, 3 mindən çox nümayişçinin cəzalandırılması, hətta hərəkatın rəhbərlərindən biri olan Erik Druenin başqa bəhanə ilə həbs edilməsi, eləcə də repressiya və cinayət əməllərinin normal və ədalətli araşdırılmaması Fransada mövcud olan vəziyyəti aydın göstərir.
Fransa müstəmləkəçilik siyasətindən əl çəkməyərək artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyanın azadlığını təmin etmir.
Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır. Amma Fransa BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayıb və beynəlxalq hüquqa hörmət etməyərək həmin qətnamələri icra etməyib.
Tarixi reallıqdır ki, dünya ölkələrinin bir çoxu keçmişdə müstəmləkəçi olub, bəzi xalqlara qarşı qətliamlar da törədib. Amma dünyada Fransa kimi əli milyonlarla insanın qanına batan, silsilə qətliamlar törədən ikinci bir dövlətə rast gəlmək mümkün deyil.
O da acınacaqlı reallıqdır ki, Fransa törətdiyi bütün bu tükürpərdici bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməyib. Bu gün də Fransa ikili standartlar və riyakarlıqla yürütdüyü dövlət siyasətini demokratiya adı altında dünyaya sırımağa çalışır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"