Fransanın Lyon şəhərinin Krua-Russ məhəlləsində yerləşən Koba məscidi yenidən vandalizmə məruz qalıb. Bu, son iki ildən az müddətdə ibadət ocağına qarşı qeydə alınan dördüncü hücumdur.
AZƏRTAC xəbər verir ki, məscidin fasadında qırmızı və qara boya ilə yazılmış təhqiramiz şüarlar və ədəbsiz rəsmlər aşkarlanıb.
Hadisəyə münasibət bildirən deputat Abdelkader Lahmar bunu təsadüfi hal kimi qiymətləndirməyib. O, X platformasında paylaşdığı mesajda bildirib: “İki ildən az müddətdə Krua-Russdakı bu ibadət yeri dördüncü dəfə ifrat sağçı fəallar tərəfindən hədəfə alınır. Bu hücumlar təsadüfi deyil. Bu, narahatedici islamofobiya mühitinin göstəricisidir və açıq şəkildə pislənməli, qətiyyətlə qarşısı alınmalıdır”.
Deputat əlavə edib ki, həmin məscidə gedən müsəlmanlar heç bir ictimai iğtişaşa səbəb olmurlar.
Lyonun 1-ci rayonunun meri Yasmin Buaqqa də baş verənləri “sakit vətəndaşlara qarşı qəbuledilməz qorxutma aktı” adlandırıb. O vurğulayıb ki, hakimiyyət orqanlarının vəzifəsi ibadət azadlığını və təhlükəsizliyi təmin etməkdir. “Ramazana yaxınlaşdığımız bu dövrdə ayıq-sayıqlığı ikiqat artırırıq”, – deyə o bildirib.
Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk aylarında hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan antimüsəlman xarakterli faktlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faizdən çox artıb. Bu hallara təhdidlər, təhqirlər və zorakılıq əməlləri daxildir.
Öz növbəsində Avropada İslamofobiyaya qarşı Kollektiv illik hesabatlarında 2024-cü ildə mindən çox müraciətin qeydə alındığını bildirib. Qurum qeyd edib ki, onların statistikası zərərçəkənlərin ifadələrinə əsaslanır və rəsmi rəqəmlərdən fərqlənə bilər, çünki bir çox hallarda şikayət verilmədiyi üçün faktlar qeydə alınmır.