E.Makron isə xarici ölkələrdən həbsxana kameraları icarəyə götürmək haqqında fikirləşir
Fransada minlərlə taksi sürücüsü 5 gündür küçələri bağlamaqda davam edir. Sürücülərin qəzəbi tibbi daşıma nəqliyyatı ilə bağlı yeni qaydalara yönəlib. STV telekanalının xəbərinə görə, hakimiyyət bütün ölkə üzrə bu xidmətlər üçün vahid tarifi təsdiq etməyi planlaşdırır ki, bu da etirazçıların fikrincə, onların gəlirlərini yarıya qədər azaldacaq.
Mayın 19-dan etibarən taksi sürücülərinin etiraz əlaməti olaraq həyata keçirdikləri çoxsaylı "ilbiz əməliyyatları" bütün nəqliyyatın hərəkətini iflic edib. Sürücülərin Parisdəki hər iki hava limanına gedən magistral yolları bağladıqları da bildirilir.
Bu arada, bir neçə fransız fermerləri qrupu bazar ertəsindən etibarən fəaliyyətlərinə olunan tənzimləyici təzyiqin yumşaldılması tələbi ilə Paris ətrafında yol blokadaları elan edib. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Bildirilir ki, iki aqrar birliyin həmkarlar ittifaqı sənayeyə tənzimləyici təzyiqin yumşaldılmasını tələb etmək üçün etiraz planlarını açıqlayıb. Plana əsasən, fermerlər mayın 26-dan etibarən Paris ətrafındakı yolları bağlayacaqlar.
Kənd təsərrüfatı işçiləri bu yaxınlarda müvafiq komissiyaların təklif etdiyi layihələrdən məyus olduqlarını və bunun 2024-cü ildə keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı onlara verilən vədlərlə ziddiyyət təşkil etdiyini bildiriblər. Öz problemlərini yenidən gündəmə gətirmək üçün fermerlər paytaxt ətrafındakı əsas yolları qeyri-müəyyən müddətə blokadaya almağa hazırlaşırlar. Ötən bazar ertəsi onlar artıq ölkənin şimalında bir neçə etiraz aksiyası keçiriblər.
Bu arada penitensiar sistemdəki böhran Fransa hökumətini radikal tədbirlər barədə düşünməyə vadar edib. Ötən həftə Prezident Emmanuel Makron TF1 telekanalına verdiyi müsahibədə digər ölkələrdəki həbsxanalardan məhbuslar uçün kameraların icarəyə götürülməsini nəzərdən keçirəcəyini bildirib. Çünki yerli islah müəssisələri həddən artıq doludur. Təxminən 83 min məhbus üçün cəmi 62 min yer var. Avropa Şurasının ötən il dərc etdiyi hesabata görə, Fransa həbsxanaların doluluq səviyyəsinə görə Kipr və Rumıniyadan sonra üçüncü yerdədir.
Ölkə daxilində olduğu kimi, Fransa hökumətinin yürütdüyü xarici siyasət də fiaskoya uğrayıb. Polşanın "Mysl Polska" qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Makron özünü müasir Napoleon kimi təsəvvür edir və Avropanı uçuruma aparır. Məqalədə yazılıb: "Avropa özünü geosiyasi baxımdan Napoleonun müasir mücəssəməsi hesab edən bir adamın rəhbərliyi altında müəyyən bir addımla uçuruma doğru yürüyəcək. Polşa da oxşar istiqamətdə gedəcək". Nəşrin qeyd etdiyi kimi, Makron son aylar Ukraynada münaqişənin gərginləşməsinin ən aşkar və birmənalı tərəfdarına çevrilib. Qeyd olunur ki, Ukrayna məsələsində razılığa gəlmək üçün hər hansı diplomatik cəhdi təkzib edən bəyanatlar verən məhz Fransa prezidentidir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"