Fransa hökuməti gələn aydan etibarən Qrenlandiyada diplomatik təmsilçilik açılması istiqamətində rəsmi addımlar atacaq.
AZƏRTAC xəbər verir ki, “Radio France”ın Fransanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Paris Nuukda Fransa konsulluğunun açılması üçün ilkin prosedurları başladacaq və bu nümayəndəliyin 2026-cı ilin yay aylarına qədər fəaliyyətə başlaması planlaşdırılır.
Fransanın müdafiə naziri Katerin Votren bazar günü bildirib ki, ölkəsi Nuukda “Qrenlandiyanın muxtariyyətinə hörmət etdiyini nümayiş etdirmək üçün” konsulluq açacaq. Bu diplomatik nümayəndəliyin yaradılması ideyası ilk dəfə ötən ilin iyununda Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyaya rəsmi səfəri zamanı elan edilmişdi.
Xarici İşlər Nazirliyinin açıqlamasına görə, konsulluq geniş səlahiyyətlərə malik olacaq. O, yalnız fransız vətəndaşları üçün konsulluq xidmətləri göstərməklə kifayətlənməyəcək, eyni zamanda, elmi missiya ilə bölgədə çalışan tədqiqatçılara, eləcə də Qrenlandiyada investisiya qoymaq və ya fəaliyyət göstərmək istəyən Fransa şirkətlərinə dəstək verəcək.
Bu addım beynəlxalq gərginliyin artdığı bir dövrə təsadüf edir. ABŞ prezidenti Donald Tramp son günlər Qrenlandiyanı anneksiya etmək niyyətini yenidən dilə gətirib. Yanvarın əvvəlində bir sıra Avropa liderləri, eləcə də Emmanuel Makron vurğulayıblar ki, Qrenlandiya yalnız Qrenlandiya xalqına və Danimarkaya məxsusdur.
Bu kontekstdə Kanada da yaxın vaxtlarda Nuukda konsulluq açacağını açıqlayıb. ABŞ isə artıq 2020-ci ilin iyun ayından etibarən Qrenlandiyada konsulluq nümayəndəliyinə malikdir. Hazırda təxminən on beş ölkə Qrenlandiyada, əsasən fəxri konsulluqlar səviyyəsində təmsil olunur.
Eyni zamanda, NATO və Qrenlandiya hakimiyyəti bazar ertəsi adanın müdafiəsinin gücləndirilməsi niyyətində olduqlarını bəyan ediblər. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen xatırladıb ki, adanın təhlükəsizliyi NATO-nun səlahiyyətinə daxildir. Bu açıqlama ABŞ Prezidentinin ərazini “bu və ya digər yolla” ələ keçirmək istəyini bildirməsindən sonra səsləndirilib.