Onurğada ağrı sindromlarının, yırtıqlar, skolioz və müxtəlif qamət problemlərinin yaranmasının əsas səbəblərindən biri oturaq həyat tərzidir. Gün ərzində uşaqların təxminən 6-7 saat, böyüklərin isə 8-9 saat oturaq vəziyyətdə, qapalı məkanlarda olduğunu düşünsək, nəticə heç də təəccüblü görünməz.
Bu problemlərin həlli üçün tibdə fizioterapiya geniş tətbiq olunur. Gündən-günə inkişaf edən fizioterapevtik üsulların köməyi ilə xəstəliklərin dayaq-hərəkət sisteminə vurduğu zərərləri aradan qaldırmaq və qısa zamanda gündəlik həyata qayıtmanı təmin etmək mümkündür.
Onurğa sütununun deformasiyaları vaxtında aşkar edilməlidir
Müasir təbabətdə fizioterapiyanın rolunun vacib və əvəzolunmaz olduğunu bildirən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadə deyir ki, bir çox dərmanın yan təsirləri, bəzi hallarda isə allergik reaksiyaların baş verməsi, əks-göstərişlərin olması fiziki amillərin daha geniş və fəsadsız tətbiqini zəruri edir: "Təbii faktorlar, o cümlədən müalicəvi mineral suları, palçıq müalicəsi, Naftalan nefti, duz mağaraları əvəzsiz müalicə üsullarındandır. Həmçinin elektroprosedurlar, kvant terapiyası, ultrasəs müalicəsi, maqnitoterapiya bir çox xəstəliyin müalicə və profilaktikasında geniş tətbiq olunur. Fizioterapiyada həm təbii, həm də fiziki amillər (aparat fizioterapiyası) bir çox xəstəlikdə, xüsusən də dayaq-hərəkət, sinir sistemi, travmatoloji, uroloji, ginekoloji, dəri, pediatrik, tənəffüs və ürək-damar sistemi xəstəliklərində geniş və uğurla tətbiq olunur".
Daha çox uşaq və yeniyetmələrdə rast gəlinən, dayaq-hərəkət sistemi xəstəliklərindən biri olan skolioz yaşlı insanlarda degenerativ proseslər fonunda da əmələ gəlir. Ü.Mikayılzadə bildirir ki, bu patologiyanın erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur: "Onurğa sütununun müxtəlif nahiyələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütununun deformasiyalarını nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunsa, bir çox fəsadın qarşısını almaq mümkündür. Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə olub, onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır. İdiopatik formaya daha çox rast gəlinir. Xəstəlik digər sistemlərdə və orqanlarda heç bir patologiyalar olmadan, hətta tamamilə sağlam bir uşaqda baş verə bilər".
Mütəxəssisin sözlərinə görə, skoliozun simptomları inkişaf dərəcəsinə görə müxtəlif olur: "Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetriya, bel nahiyəsində çuxur görünməsi aşkar olunur. Yenidoğulan uşaqlarda və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma olub, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur. Yuvenil (yetkinlik yaşına çatmayan) idiopatik skolioz - onurğanın əyriliyi uşaqlarda 3 yaşdan 10 yaşa qədər inkişaf edir. Yetkinlik skolioz 10-18 yaş arası görülən skoliozdur. Pediatrik skoliozların 80 faizi məhz bu qrupa aiddir".
Mütəxəssislərin rəyi nəzərə alınmalıdır
Ü.Mikayılzadə deyir ki, fizioterapiya tətbiq edilməzdən öncə ilkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir: "Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi idman və massaj, əzələ gücləndirilməsi, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir və xəstələr həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır".
Mütəxəssis bildirib ki, xəstəliyin gedişatından asılı olaraq qan, rentgenoloji və ultrasəs, EKQ ilkin aparılan müayinə üsullarındandır: "Eləcə də yanaşı gedən prosesləri araşdırarkən daha geniş müayinələrin aparılması vacib hesab olunur. Fizioterapevtik müalicənin təyini zamanı digər mütəxəssislərin də rəyi nəzərə alınmalı və pasiyent üçün individual müalicə planı işlənib hazırlanmalıdır. Həmçinin pasiyentlərlə maarifləndirici söhbətlərin aparılması, fizioprofilaktik tədbirlərin planlaşdırılması məqsədəuyğundur".
Naftalan şəhəri ərazisində əldə olunan yüksək müalicəvi təsirə malik eyniadlı neft naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Fizioterapevt bildirir ki, zəngin kimyəvi tərkibi sayəsində naftalanoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə - trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir. Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunmuş, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, sezerin, kamfora) naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur. O, digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda daha yüksək və dayanıqlı terapevtik nəticə verir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"