Bir vaxtlar erməni təcavüzünü dəstəkləyən Avropa Parlamenti indi də Qarabağdakı terrorçulara qahmar çıxır
Yanvarın 18-də Avropa Parlamenti (AP) Laçın yolunun guya "blokada"da olması və digər bu kimi sərsəm iddialarla dolu qətnamə qəbul edib. Belə bir qətnamənin qəbulu bir daha göstərir ki, həmişə qərəzli mövqeyi ilə seçilən AP erməni lobbisinin maraqlarına xidmət edən siyasi alət olaraq qalmaqda davam edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə, Avropa Parlamentinin erməni separatizmini dəstəkləyən qərəzli qətnaməsi ölkəmiz üçün əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil.
Qətnaməyə səs verənlər adları korrupsiyada hallananlardır
Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, Avropa Parlamentinin Laçın dəhlizi ilə bağlı qəbul etdiyi qətnamə həqiqətləri əks etdirmir və qurumun Azərbaycana qarşı qərəzini açıq şəkildə ortaya qoyur: "Azərbaycan Avropa Parlamentinin belə əsassız ittihamlarını və arxivə çevrilmiş danışıqlar prosesinin elementləri olmuş bəzi məqamların yenidən gündəmə gətirməsini qəbul etmir. Biz Avropa Parlamentini ölkəmizin ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib, Ermənistanı erməni lobbiçiliyi və xristian təəssübkeşliyinin təsiri altında haqsızkən haqlı çıxarmağa çalışır. Belə olmasaydı, 30 il erməni işğalı altında qalan torpaqlarımızda törədilmiş erməni cinayətkarlığına qarşı da adekvat addımlar atar, yurd-yuvasından didərgin düşmüş keçmiş məcburi köçkün və qaçqınlar barədə obyektiv mövqe bildirər, onlara kömək etməyə çalışar və Ermənistanı təcavüzkar adlandırardı".
Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə dəhşətli faktlarla üzləşdi: "Ermənilər işğal etdikləri bütün rayon və kəndlərimizi xarabalığa çevirmiş, mədəni-tarixi irsimizi yer üzündən silmişdilər. Sual yaranır ki, bəs Avropa Parlamenti bu məsələlərlə bağlı niyə fikir bildirmir?! Əgər iddia etdiyi qədər çox ədalətlidirsə, niyə Xankəndidə yaşayan erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmağa çağırmır?! Əksinə, danışıqlar prosesinə zərər vuran sənədlər qəbul edir və regionda sülhə əngəl törətməyə çalışır. Bizim üçün isə onların bu qətnamələri kağız parçasından başqa heç nə deyil. Biz onların mənasız sənədlərini oxumağı belə özümüzə rəva görmür, bunu vaxt itkisi hesab edirik. Lakin istənilən halda, cəmiyyətimiz Avropa Parlamentinin belə riyakar mövqeyi ilə bağlı ən sərt mövqeyini ortaya qoymalıdır. Bu, bizə sataşmaqdır. Avropa Parlamenti bizə ağıl öyrətməkdənsə, sıralarındakı korrupsionerləri təmizləməklə məşğul olsun. Nəzərə almaq lazımdır ki, Azərbaycanla bağlı qərəzli qətnamənin lehinə səs verənlərin əksəriyyəti elə adı korrupsiyada hallananlardır".
R.Nurullayev vurğulayıb ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən çox erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz: "Laçın dəhlizi Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus humanitar yüklərin daşınması, eləcə də Qarabağda yaşayan ermənilərin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialar da tamamilə əsassız və gülüncdür. Görünür, Ermənistanın "konyak diplomatiyası" Avropa parlamentarilərinin başını dumanlandırıb. Heyif ki, onlar dünyanın konyakdan kənarda qalan hissəsini görməkdə çətinlik çəkirlər. Ona görə biz başı dumanlı deputatların lehinə səs verdiyi belə kağız parçalarını qəbul etmirik və etmək niyyətimiz də yoxdur".
AP separatçı ocaqların artmasında maraqlıdır
Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, uzun illərdir ki, Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyinin şahidiyik. Biz ötən 30 ildə belə əsassız və qeyri-obyektiv mövqeləri çox görmüşük. Bu o deməkdir ki, Avropa Parlamenti erməni lobbisinin güclü təsirinə məruz qalmağa davam edir. Orada erməni diasporu tərəfindən maliyyələşən parlamentarilər çoxdur. Ona görə də Avropa Parlamenti Cənubi Qafqazla bağlı problemlərin aradan qaldırılmasında deyil, əksinə, regionda separatizm ocaqlarının artmasında maraqlıdır. Tarix göstərir ki, qeyri-qanuni baş verən, beynəlxalq qanunla uyuşmayan hadisələrə, siyasi fikirlər və qərarlara gec, ya tez, mütləq son qoyulur. Belə əsassız qətnamə də beynəlxalq qanunvericilik prinsiplərinə ziddir, real situasiyanı əks etdirmir, xülyadan başqa heç nə deyil. Yəni belə iddialar ölkəmizin qanuni hədəflərinə çatmasına heç bir əngəl törədə bilməz".
Deputat bildirib ki, Avropa Parlamenti özünü regionda sülhün deyil, problemlərin tərkib hissəsi kimi aparır: "Qərəz dolu qətnamələr qəbul edir, qarayaxma kampaniyalarını davam etdirir. Lakin unudurlar ki, zaman bizim xeyrimizə işləyir, Azərbaycanın diplomatik korpusu öz işini kifayət qədər uğurla icra edir. Ümid edirik ki, dövlətimizin və xalqımızın haqlı səsinə səs verənlərin sayı gündən-günə artacaq. Sülh istəyən siyasətçilər isə Laçın yolundakı legitim aksiyaya gec-tez real qiymət verəcək və obyektiv çağırışlar edəcəklər".
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"