29 Mart 2024 08:45
280
SİYASƏT
A- A+

Ermənistan başqalarının əlində alətə çevrilmişdir

 

Ermənistan ətrafında baş verən son proseslər ABŞ başda olmaqla bir çox Qərb dövlətinin dünyada, o cümlədən Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirib ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolu tutduqlarını göstərir. 
Regionda həqiqətən daimi təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, davamlı inkişaf istəyən və ərazi bütövlüyümüzün bərpasından sonra da sülh prinsiplərinə yenə sadiq qalan Azərbaycandan fərqli olaraq Ermənistanın öz ənənələrinə uyğun davrandığını görürük. Əfsuslar olsun ki, proseslərin axarı rəsmi İrəvanın regionda sülh niyyətində olmadığını, bölgəmizin inkişafının bir parçasına çevrilmək niyyətindən uzaqlığını ortaya qoyur. 
Ermənistan Azərbaycanla münaqişənin həllindən sonra da yenə ən yaxşı bacardığı işə əl atıb. Bu, başqalarının əlində alətə çevrilmək işidir. Erməni cəmiyyəti tarixin müxtəlif çağlarında bu rola həvəslə razılaşıb və nəticə onlar üçün heç də müsbət tamamlanmayıb. İndiki gərgin dünyamızda Ermənistanın yenə də bir-biri ilə çarpışan böyük güclərin əlində maşaya çevrilməsi bu ölkəni və onun xalqını daha böyük fəlakətlərə sürükləyir. 

 

Xoşagəlməz perspektivlər

 

ABŞ və bəzi Qərb ölkələrinin regionla bağlı müəyyənləşdirdikləri ssenaridə vasitə rolu verilmiş Ermənistan hadisələrin indiki minvalında düzgün yol seçməsə,  Ukrayna və yaxud Livana çevriləcək. Gələn son məlumatlar bu ölkənin belə bir perspektivindən xəbər verir. 
Məlumatlara görə, NATO-nun Baş katibi Stoltenberq və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilmiş görüş fonunda bu ilin aprelində yeni bir görüş hazırlanır. ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Ermənistanın baş naziri N.Paşinyan və NATO rəhbəri Stoltenberq geniş tərkibdə danışıqlar masası arxasında oturmalıdırlar. 
Ehtimallara görə, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasındakı ikitərəfli sazişlər kimi Ermənistana da təhlükəsizlik zəmanətlərinin verilməsi üçün sənəd imzalamağa hazırlaşır. Belə olan halda regionda geosiyasi proseslər çox sürətlə inkişaf etməyə başlaya bilər. 
Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistanda Rusiyanın bazası yerləşib. Son dövrlərə qədər Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyub. Rəsmi İrəvan bu amillərin aradan qaldırılması üçün artıq ardıcıl addımlar atmaqdadır. Belə ki, Ermənistan KTMT-də iştirakını faktiki olaraq "dondurub". Apreldə nəzərdə tutulan görüşlə bağlı məlumatlarla bir arada gözləniləndir ki, Ermənistan proseslərin davamı kimi bu istiqamətdə növbəti addımları ataraq KTMT-dən rəsmi şəkildə çıxma prosedurlarına başlayacaq. Eyni zamanda Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə start verəcək. Bu, müttəfiq qoşunlarının Ermənistan ərazisindən faktiki olaraq çıxarılması demək olacaq. Onu da yada salaq ki, rəsmi İrəvan Rusiya sərhədçilərini artıq Ermənistan sərhədlərindən çıxarıb və buna paralel şəkildə Ermənistan sərhədlərində Avropa Monitorinq Missiyasının təmsilçiləri yerləşib. Böyük ehtimalla Ermənistandan qovulmuş Rusiya sərhədçilərinin yerini həmin missiya tərkibində göndərilməsi mümkün olan ABŞ hərbçiləri tutacaq. Bu isə Ermənistan üçün də, ümumən region üçün də bütün mümkün variantların ən təhlükəlisidir.  Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da bundan bəhs olunur: "Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP ( Avropa İttifaqı Monitorinq Potensialı) əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.
Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib".
Təəccüb doğuran odur ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Avropa İttifaqından və ABŞ-dən bu cür geniş formatda dəstək almayıb.
Avropa İttifaqının, ələlxüsus da bu strukturun üzvü olan bəzi dövlətlərin aşkar ermənipərəst mövqe tutmalarının sülh prosesinə ağır zərbələr vurduğunu rəsmi Bakı dəfələrlə bəyan edib.

 

Rəsmi İrəvan qorxulu oyunun içindədir

 

Bu ssenarini reallaşdıraraq öz hərbçilərini Ermənistan sərhədlərində yerləşdirməyə çalışan və planını addım-addım həyata keçirməkdə olan ABŞ-nin əsas məramı təbii ki, Ermənistanın və Cənubi Qafqazın təhlükəsizliyi deyil. Əksinə, Qərb dünyası öz əsas niyyətlərini həyata keçirməkdən ötrü bu bölgəni potensial qan çanağı kimi görür. Bulanıq suda balıq tutmaq üçün regionu mümkün qədər qarışdırmağa çalışır. Qərbin planlarında Rusiyanı bölgədən çıxarmaq başlıca strateji vəzifələrdəndir. Görünən budur ki, postsovet məkanında Rusiya ciddi şəkildə sıxışdırılır, bu ölkənin nüfuzu aşağı düşür.
Qərb Mərkəzi Asiya və Qafqazda Rusiya ilə bağlı istəklərinə tədricən yaxınlaşır. Ermənistanla bağlı məsələlər Rusiyanı Ukraynanın ardınca indi də Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Başı Ukrayna ilə münaqişəyə və ölkəyə qarşı çoxşaxəli xarici təzyiqlərin yaratdığı ciddi problemlərə qarışmış Kreml Ermənistan məsələsində hələ gözləmə mövqeyi tutmağa üstünlük versə də, təcrübə bu mövqeyin uzun müddət davam etməyəcəyindən xəbər verir. Paşinyan hakimiyyətinin Fransa və ABŞ kimi Qərb dövlətləri ilə hərbi əməkdaşlıq sahəsində kəskin dönüş yaradan addımları Rusiyanın Ermənistanla münasibətlərində səbir kasasını daşıran sonuncu damlaya çevrilə bilər. Tarixi təcrübədən çıxış etsək, Rusiya bu plana cavab verməlidir və belə görünür ki, cavab özünü çox da gözlətməyəcək.

 

Sülhə təhlükə

 

Maraqlı burasındadır ki, hazırda Paşinyanın qorxduğu və dilə gətirdiyi əsas arqument Rusiyanın təsiri deyil, hərbi nöqteyi-nəzərdən güclənmiş Azərbaycandır. Artıq münaqişə səhifəsini çevirərək ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın niyyəti isə qeyd etdiyimiz kimi, daimi sülhün əldə olunması, bütün qonşularla bərabərhüquqlu mehriban münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlıq, regionun imkanlarından birgə istifadədir. Amma Qərbin aparıcı simalarının Ermənistan rəhbərliyi ilə apreldə gözlənən danışıqları, rəsmi İrəvana təhlükəsizlik qarantiyasının yaradılması perspektivi Azərbaycanla Ermənistan arasında sülh prosesinə qətiyyən dəstək deyil. Əksinə, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına əsla cavab vermir. Belə bir hərəkət baş tutarsa, bu, ölkəmizə qarşı atılmış addım olacaq. 
Görüşdə xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir və regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Bunun bir adı var: ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir.
ABŞ və Qərb Azərbaycanın güclənməsi, ərazilərini azad etməsi ilə barışmaq istəmir, 44 günlük müharibədən sonra Qarabağda "Kosovo variantı" hazırlayırdı və buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycana və şəxsən dövlətimizin başçısına qarşı təzyiq kampaniyası aparıldı. Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər, avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər etdilər və sairə. Bütün bunların nəticəsiz qaldığını gördükdə indi  açıq şəkildə hərbi planlar qurmaq niyyətindədirlər. Bu pakt Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə qarşı da yönəlib.
Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara dair yeni vədlərin yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib.
Belə bir perspektiv həmçinin Avropa İttifaqının Monitorinq Missiyasının ardınca Qərbin regiona hərbi cəhətdən daha geniş miqyasda daxil olması cəhdidir. Həmin cəhdin reallaşmasının yaratdığı vəziyyət regionda partlayışa və yenicə formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. 
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 5 aprel 2024-cü il tarixdə Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı verdiyi açıqlamasında bildirilir ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər aydın şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır: "Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər". Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda Azərbaycan bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Daha bir mühüm məqam: ABŞ və Qərbin bölgədə işə saldığı yeni ssenari Rusiya ilə yanaşı, İranın da maraqlarını ciddi zərbə altında qoyur. İran, nəhayət, görür ki, Ermənistanla sərhədlərində onun təhlükəsizliyinə ciddi təhdid yaranmaqdadır. Bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar və onların qarşıdan gələn dövrdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.
Bir sözlə, Ermənistanın başqalarının əlində maşa olmaq rolu yenə də regionumuz üçün xoşagəlməz perspektivlər yaradır. Bu rolun ən böyük ziyanı isə tarixən də olduğu kimi yenə Ermənistanın özünə dəyəcək. 
  
İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video