"ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə Azərbaycanı, bölgəni yaxşı bilən diplomatın namizədliyinin irəli sürülməsini müsbət dəyərləndiririk"
"Hesab etmirəm ki, "Azadlıq" qəzeti Prezident İlham Əliyevin qol saatı haqda yaydığı yalan informasiyaya görə təkzib verib, üzr istəyib". Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına açıqlamasında belə deyib.
Əli Həsənov bildirib ki, "Azadlıq"ın yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı təkzib və üzrxahlıq saymırlar. "Azadlıq" qəzeti "Kütləvi informasiya vasitələri haqqında" qanuna əməl etmir: "Qəzet açıq formada qanuna əməl etməkdən yayınır. Yalan, özü də bilərəkdən yayılmış yalan informasiyanı hələ ki təkzib etməyiblər. "Azadlıq" qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, "Azadlıq" qəzetinin filan sayında Prezident İlham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və Prezident İlham Əliyevdən üzr istəyirik. Əks halda, qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik".
"Azadlıq" qəzetinin 24 aprel sayında "İlham Əliyev 800 min dollarlıq saat taxır" başlıqlı xəbər dərc olunub. Həmin gün Prezidentin mətbuat xidməti bu xəbərlə bağlı təkzib məlumatı yayıb: "Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. "Azadlıq" qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək".
ABŞ Prezidenti Barak Obamanın Azərbaycanda səfir vəzifəsinə Riçard Morninqstarın namizədliyini irəli sürməsinə münasibətini bildirən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına söyləyib ki, Riçard Morninqstar Azərbaycanı, o cümlədən Cənubi Qafqazı və Xəzər hövzəsini yaxşı tanıyır: "Çünki bu regionlarda reallaşdırılan və həyata keçirilməsi planlaşdırılan energetika, transmilli nəqliyyat-kommunikasiya layihələri ilə bağlı keçirilən konfranslarda, tədbirlərdə ABŞ-ı həmişə Riçard Morninqstar təmsil edib. Hesab edirəm ki, bölgənin siyasi, iqtisadi, sosial durumu haqda onun informasiyası yetərincədir. O, ABŞ-ın Azərbaycandakı siyasətini, maraqlarını, enerji siyasətini, dünyanın buradakı enerji maraqlarını çox yaxşı bilən, kifayət qədər təcrübəli bir diplomatdır. Riçard Morninqstarın namizədliyinin irəli sürülməsi, təsdiqi ABŞ-ın daxili işidir, kimi istəsələr, həmin şəxsi də Azərbaycana səfir təyin edəcəklər. Səfir təyinatı Senatın təsdiqindən də keçməlidir. ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə Azərbaycanı, bölgəni yaxşı bilən diplomatın namizədliyinin irəli sürülməsini müsbət dəyərləndiririk. Təyinat olsa, onu yaxşı qarşılayacağıq".
Rəsmi Bakının ABŞ-ın yeni səfirindən gözləntisinə gəlincə, Əli Həsənov deyib ki, xarici ölkələrin Azərbaycana təyin olunan səfirlərinə, diplomatik nümayəndəlik rəhbərlərinə, ilk növbədə, obyektiv olmağı arzulayırlar: "Onlar Azərbaycanı obyektiv dəyərləndirsinlər, öz ölkələrinə Azərbaycanla bağlı ən doğru, dürüst, tam təsdiqlənmiş informasiyalar versinlər, fəaliyyətləri dövründə öz dövlətləri ilə Azərbaycan arasındakı münasibətləri yaxşılaşdıracaq, inkişaf etdirəcək və hər iki tərəfin maraqlarına xidmət edəcək sahələrə daha çox diqqət yetirsinlər. Səfirlər iki ölkənin münasibətlərini pozan, bu münasibətləri mənfi istiqamətə yönəldən məsələlərlə məşğul olmamalıdırlar, belə hərəkətlərə yol verməməlidirlər. Açığını deyim ki, son zamanlar bəzi xarici ölkələrin diplomatik missiyalarının Azərbaycandakı fəaliyyətinə qiymət verməli oluruq. Bu da təəssüf doğurur. Çünki diplomatlar bəzən subyektiv mülahizələrin təsiri altına düşürlər və öz ölkələrinə Azərbaycan haqda ən yaxşı, obyektiv informasiyanı vermirlər, müsbət rəy formalaşdırmırlar. Ona görə də yeni səfirin, ilk növbədə, ABŞ-Azərbaycan arasındakı münasibətlərin, sözün həqiqi mənasında, tendensiyasını, prioritetlərini müəyyənləşdirib həyata keçirmək sahəsində öz bacarıq və qabiliyyətindən maksimum istifadə etməsini gözləyirik".
"Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle "Yeni Azərbaycan" qəzetinə göndərdiyi məktubda Almaniyadakı yazıları, antiazərbaycan çıxışları ölkəsində mətbuat azadlığının, demokratiyanın, siyasi plüralizmin əlaməti kimi təqdim etməyə çalışıb. Biz də hesab edirik ki, "Yeni Azərbaycan" qəzetində və digər mətbuat orqanlarında Almaniya haqda dərc olunan yazılar Azərbaycanda demokratiya, söz azadlığı və plüralizmin əlamətidir". Bu barədə danışan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov eyni zamanda Yeni Azərbaycan Partiyası rəhbərliyinin, "Yeni Azərbaycan" qəzetinin Almaniyanı tənqid edən açıqlamalarına, yazılarına indi geniş qiymət vermək istəmədiyini bildirib.
Əli Həsənov hesab edir ki, bu gün Azərbaycanda siyasi plüralizm, mətbuat azadlığı, demokratiya Avropanın digər ölkələrindən aşağı deyil: "Bəzən Almaniyanın rəsmi nümayəndələrinin, o cümlədən ombudsmanın da Azərbaycanla bağlı müəyyən çıxışları olur. Bunlara da rəsmi münasibət bildirmişik və belə hallar davam edərsə, yenə bildirəcəyik".
Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Almaniya münasibətləri dövlət səviyyəsində normaldır, iki ölkənin əlaqələri dinamik inkişaf edir, qarşılıqlı maraqlar var: "Bu maraqlar zaman-zaman təmin olunur. Hər iki tərəf bir-birinə yetərincə tərəfdaşlıq münasibəti göstərir".
Əli Həsənov Qərb diplomatlarının Bakıda müxalif İctimai Palatanın rəhbərliyi ilə keçirdiyi görüşə də münasibət bildirib: "Azərbaycan cəmiyyətində bəzi Qərb ölkələrinin diplomatlarının və beynəlxalq təşkilat nümayəndələrinin İctimai Palatanın rəhbərliyi ilə görüşməsinə yanaşma birmənalı deyil. Müxtəlif siyasi düşərgələrin məsələyə münasibəti də fərqlidir. Niyə məhz həmin partiyalarla görüşürlər, onlarla görüşürlər? Ümumiyyətlə, bu tipli aksiyalarda iştirak etmək, belə görüşlər keçirmək Qərb diplomatlarının fəaliyyət çərçivəsinə daxildirmi? Mən bunlara indi qiymət verməyəcəm. Çünki mən məmuram, şəxsi yanaşmamı deyə bilmərəm, söylədiklərim dövlətin mövqeyi olacaq. Bunun üçün Xarici İşlər Nazirliyi var, lazım olanda belə məsələlərə münasibət bildirir, qiymət verir".