Bütün şüurlu həyatını varlığı qədər sevdiyi Azərbaycana həsr edərək dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətlər göstərmiş Heydər Əlirza oğlu Əliyevin anadan olmasından 102 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycan vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil dövlətimizin yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Ümummilli Liderin növbəti doğum gününü qeyd edirlər.
Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycana rəhbərlik etməyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycana ilk rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycan qısa müddət ərzində sosial-iqtisadi inkişaf səviyyəsinə görə keçmiş SSRİ məkanında qabaqcıl respublikaya çevrildi. Məhz həmin illərdə Azərbaycan neft-maşınqayırma və kimya sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı. SSRİ-də yeganə olan Bakı Kondisionerlər Zavodu, Bakı Yeni Neftayırma Zavodu, "Azərterm" zavodu, habelə Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı istehsal müəssisələri istifadəyə verildi. Respublikamız istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə də tanınmağa başladı və bununla da gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm təməl yaradıldı.
Ümummilli Liderin rəhbərliyi ilə uzaqgörənliklə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində iqtisadiyyatın möhkəmlənməsi Azərbaycanda sosial məsələlərin həllində də uğurlu nəticələr qazanılmasına münbit şərait yaratdı. Həmin dövrdə qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrinin inkişafına yönəlmiş işlər böyük vüsət aldı, kənd ərazilərinin, rayon və şəhərlərimizin sosial siması kökündən dəyişdi. Bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət və digər sosial təyinatlı obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanıldı. Bu diqqət və qayğının nəticəsində respublikamızda həmin dövr mənzil tikintisində rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərinin əvvəlində hər il bir milyon kvadrat metr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi.
Ulu Öndər Azərbaycana birinci rəhbərliyi dövründə müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığına da xüsusi diqqət vermişdir. Gələcəkdə milli təhlükəsizliyimizin təmin edilməsində ordu quruculuğunun önəmini nəzərə alaraq ixtisaslı hərbçilər yetişdirmək üçün Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb açılmış, respublikamızın ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılmış, yeni ali məktəblər fəaliyyətə başlamışdır. Heydər Əliyevin təşəbbüsü və qətiyyətli səyləri nəticəsində Azərbaycanın hər il minlərlə orta məktəb məzunu ittifaqın qabaqcıl ali məktəblərinə göndərilmişdir.
Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ilə ittifaq rəhbərliyinin diqqətini cəlb etməyə bilməzdi. Ulu Öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə keçmiş SSRİ-nin ən problemli sahələrinə, o cümlədən dünyanın ən böyük maliyyə tutumlu Baykal-Amur Magistralının (BAM) tikintisinə, səhiyyə, nəqliyyat və digər sahələrə rəhbərlik edərək həmin sahələrin inkişafını təmin etdi. Onu da qeyd etmək xoşdur ki, Heydər Əliyevin həmin vaxtlar BAM-ın tikintisində göstərdiyi misilsiz xidmətlər həmin tikintidə iştirak edənlər və Rusiya Federasiyasının hazırkı rəhbərliyi tərəfindən dəfələrlə etiraf olunmuşdur. Heydər Əliyev bu vəzifədə işlədiyi qısa müddət ərzində artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuza malik idi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu ədalətsizliyin nəticəsi idi ki, 1987-ci ildə özünə qarşı SSRİ rəhbərliyi, xüsusilə Qorbaçov tərəfindən edilən təqiblərə cavab olaraq Heydər Əliyev vəzifəsindən istefa verdi.
Bununla belə, bütün qadağalara baxmayaraq, Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli Lider idi.
Heydər Əliyev məlum səbəblərdən bir müddət Moskvada yaşadıqdan sonra Azərbaycanda - doğma diyarı Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Naxçıvanlılar onu muxtar respublikanın və Azərbaycanın Ali Sovetinə deputat seçdilər. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid və uzaqgörənliklə SSRİ-nin tezliklə dağılacağını bildirdi. Lakin həmin vaxt Azərbaycana rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün hüquqi bazanın yaradılmasına çalışırdı. Bu məqsədlə də 1990-cı il noyabrın 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin bərpasının əsası qoyuldu. Bundan başqa, Ulu Öndərin təklifi ilə muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevin bu əzmkarlığını yüksək qiymətləndirərək ona böyük inam və ümid bəsləməklə tezliklə muxtar respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol məhz həmin gündən başlamışdır.
Ulu Öndər Ali Məclisin Sədri kimi öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırdı. Muxtar respublikanın gələcək taleyini iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafında görən Ulu Öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Müstəqil Dövlətlər Birliyində və Azərbaycanda ilk dəfə iqtisadi islahatlar muxtar respublikanın aqrar sahəsində başladı. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu 1996-cı ildə qəbul olunsa da, ondan xeyli əvvəl - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi təmin edildi. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə sabitləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin muxtar respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix elə bir dövrə təsadüf edirdi ki, bir tərəfdən, mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən, yeni yaradılmış dövlətin müstəqilliyini qoruyub saxlamaq bacarığına malik bir liderə ehtiyacı yaranmışdı. Lakin həmin dövrdə müstəqilliyini yenicə elan edən Azərbaycana liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağı bacarmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi artırmaqla yanaşı, daxildə hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Ermənistan ordusu isə havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur, etnik təmizləmə aparır, ərazimizi işğal edirdi. Özünü xalqın aparıcı qüvvəsi hesab edən müsavat və xalq cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldı. Ancaq onların formalaşdırdığı hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi. Bu səbəbdən də ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi.
Artıq müstəqil Azərbaycan öz tarixinin ən ağır çağlarını yaşayırdı və tezliklə ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkənin sahibsiz qalması, ayrı-ayrı rəhbər işçilərin özlərini əvəzolunmaz şəxs kimi apararaq əhaliyə sayğısız münasibəti qısa müddət ərzində insanları bezdirmiş və dövlət idarəçiliyində yol verilən kobud səhvlər ağır sosial-iqtisadi gərginlik yaradaraq ölkəmizi vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin getdikcə daha da kəskinləşməsi ölkədə hakimiyyət dəyişikliyini və rəhbərliyə təcrübəli, dövlət quruculuğunda səriştəli, əhali arasında və xarici aləmdə tanınan və nüfuzu olan şəxsin - əsl liderin hakimiyyətə gəlməsini zəruri edirdi. Bu şəxs həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işləyən Heydər Əliyev idi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının Sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zaman kəsiyində, daha dəqiq, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olundu. Bundan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, 1995-ci ildə Heydər Əliyevin təklifi və bilavasitə iştirakı ilə müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyası qəbul edildi, əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı.
Böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi. Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət-iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.
Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Ulu Öndərin səyi və qətiyyəti nəticəsində Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının birgə işlənməsinə dair öz əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını almış beynəlxalq müqavilə imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
Dahi liderin dediyi "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm" sözləri Heydər Əliyevin mənalı və zəngin həyatının 35 illik bir dövrünün Azərbaycanın dirçəlişi, müstəqil bir dövlət kimi formalaşması və dünya birliyinə qovuşmasında göstərdiyi misilsiz xidmətlərdə öz əksini tapmışdır. Bütün istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə həsr edən Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidməti Azərbaycan dövlətinin xilası olmuşdur. Məhz buna görə qədirbilən xalqımız tarix yaradan Heydər Əliyevin parlaq xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Heydər Əliyev dühasına olan bu unudulmaz və sonsuz məhəbbət həm də ondan doğur ki, onun qəbul etdiyi son qərar memarı olduğu müstəqil Azərbaycan Respublikasının gələcək taleyində həlledici rol oynadı. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi və 2003-cü il oktyabrın 1-də doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmət nümunəsi oldu. Ulu Öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək şəxsi göstərdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu tarixi müraciətdən keçən dövr Ulu Öndərin dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin həqiqət olduğunu bir daha göstərdi. Bu müddət ərzində beş dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və ölkəmizi gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
Azərbaycan bu gün Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləmdə regionun lider dövləti kimi qəbul olunur. Bu isə təsadüfi deyil. İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq, elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi və dünyada baş verən qlobal çağırışlara uyğun tədbirlər görməsi ölkəmizin bütün sahələrdə uğurlu nəticələr əldə etməsinə imkan vermişdir. Sosial-iqtisadi sahələrin qlobal çağırışlara uyğun inkişafı sayəsində Azərbaycan uzun müddətdir ki, təkcə regionda yox, dünyada sabitlik və tərəqqi adası kimi qəbul olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatında müzəffər Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbələr dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbələr Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Çünki bu qələbələr ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoymuş və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının qürurunu özünə qaytarmışdır.
Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan əraziləri tamamilə yeni bir dövrə qədəm qoymuşdur. Bu, həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyası dövrüdür. Həmin məqsədlə 2021-ci ildən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına Prezidentin tapşırıqlarına uyğun işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, o cümlədən enerji, kommunal, nəqliyyat infrastrukturu yaradılır, rasional məskunlaşma siyasəti həyata keçirilir və bununla da doğma yurduna qayıdan vətəndaşlarımız layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitlə təmin edilirlər.
Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan bu nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün yaşayır və zəfər çalır. Bu barədə dövlətimizin başçısı demişdir: "Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir".
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü, iqtisad üzrə elmlər doktoru, professor